BolgeXeber.Com » BÖLGƏ TV » “Akif Çovdarovun səni bağışlaması üçün 100 min verməlisən” – “MTN işi”nin İTTİHAM AKTINDAN

“Akif Çovdarovun səni bağışlaması üçün 100 min verməlisən” – “MTN işi”nin İTTİHAM AKTINDAN

4-11-2016, 14:24
Oxunub: 3 038 “Akif Çovdarovun səni bağışlaması üçün 100 min verməlisən” – “MTN işi”nin İTTİHAM AKTINDANLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları barəsində cinayət işi üzrə maraqlı faktlar ortaya çıxır

Lent.az-ın ittiham aktından əldə etdiyi məlumata görə, MTN əməkdaşlarının qurbanlarından olan “Süleyman Transport” MMC-nin təsisçisi Fikrət İbrahimov şikayət edərək bildirir ki, nazirliyin əməkdaşları tərəfindən külli miqdarda pulu əlindən alınıb.
Zərərçəkmiş şəxs qismində ifadə verən Fikrət İbrahimov istintaqa bildirib ki, dostu vasitəsi ilə tanıdığı Vidadi Hüseynova 300 min manat pul verərək, “Qala” MMC-yə məxsus Quba rayonu Vəlvələ çayında olan daş karxanasına şərik olub. 2014-cü ildə Qazaxıstanda olarkən ona gizli nömrədən zəng gəlib. Özünü Mübariz kimi təqdim edən şəxs MTN-də çalışdığını qeyd edib. Mübariz Fikrət İbrahimovu təcili MTN-ə çağırıb. Fikrət İbrahimov ertəsi gün Qazaxıstandan gələrək MTN-ə gedib. Mübariz ona Akif Çovdarovun işçisi olduğunu deyib.
Fikrət İbrahimov deyib ki, Mübariz ondan “Süleyman Transport” və Qala MMC-nin fəaliyyəti, gəlirləri, direktoru və təsisçiləri haqqında məlumat almağa başlayıb: “Mübariz dedi ki, sizin xarici ölkələrdən yük daşımasında nöqsanlarınız var, cinayətkar fəaliyyət göstərirsiniz. O, həmçinin yükdaşıma şirkətinin sahibi Rəşad Babazadə haqqında mənə suallar verdi. Dedim ki, Rəşad dostumun tanışıdır, 2011-ci ildə mənim yanımda çalışıb, sonra çıxıb gedib, sonrakı fəaliyyətindən xəbərsizəm. Mübariz dedi ki, şirkətinin adını niyə “Süleyman Transport” qoymusan. Çox primitiv suallar verirdi. Mən başladım gülməyə. Əsəbləşdi, mənə dedi ki, “sən bilirsən, hansı təşkilata gəlmisən, sən MTN-in gücünü bilmirsən”. Təxminən 1 saatdan sonra Rəşadı da yanıma gətirib üzləşdirdi. Rəşad da mən deyənləri dedi. Mübariz kiməsə zəng edib otağa çağırdı. Bir müddətdən sonra Akif Əliyev içəri girdi. O, başladı hədə və şantaj xarakterli suallar verməyə. Dedi, işini yoxlatdırıb səni də, Vidadi Hüseynovu da həbs edəcəm. Mübariz məndən izahat almağa başladı, axşam üstü saat 6-da məni dedi, get, səhər 10-da mühasibatlıq sənədləri ilə gəl”.
Zərərçəkmiş şəxs qeyd edib ki, həmin gün MTN-dan çıxaraq şəriki Vidadi Hüseynova zəng edib: “Vidadiyə zəng elədim, Almaniyada olduğunu dedi. Dedim ki, MTN şirkətdə yoxlama aparır. O, heç nə demədi. Mübariz dalbadal 3 gün məni MTN-in binasına çağırdı. İzahatlar aldı. Sonra məni nazirliyinin yanındakı poliklinikanın yanında görüşə çağırdı. Getdim. Birbaşa olaraq məndən 30 min manat pul istədi. Bildirdi ki, pulu verməsə, onu həbs edəcəklər. Onunla söhbət edib 12 minə razılaşdıq. Ordan çıxıb polis rəisi olmuş dostum Bəhramın yanına getdim. Xahiş etdim ki, pulu verməyə birlikdə gedək. Səhəri gün maşınımla MTN-in qabağındakı dayanacağa gəldim. Mübarizə zəng vurdum. Aşağı gəldi. 12 min manatı qəzetə bükülmüş şəkildə Mübarizə təqdim elədim”.
Fikrət İbrahimov deyir ki, hadisədən sonra şərikinə zəng edib, MTN-ə verdiyi 12 min manatın yarısını tələb edib: “Vidadi qətiyyətlə dedi ki, MTN-ə verdiyi pula görə ona heç nə verməyəcək. Sonra Qazaxıstana getdim. Yenə orda Anar adlı şəxs zəng elədi, özünü MTN əməkdaşı kimi təqdim elədi. Səhəri gün məni MTN binasına çağırdı. Nazirliyin binasına gəldim. Anar inzibati binada məni qarşıladı. Anar birbaşa olaraq, mənim MTN adından istifadə edərək Vidadi Hüseynovdan pul tələb etdiyimi dedi. Vidadi ilə üzləşmə apardılar. Məlum oldu ki, Vidadinin mənə 80 min manat borcu var. Özü də bunu səmimi şəkildə etiraf etdi”.
Zərərçəkən şəxs ifadəsində MTN polkovniki Akif Əliyevin onu otağına çağırdığını deyib. F.İbrahimov bildirib ki, Akif Əliyev otaqda onu hədələyib: “Akif otağa girən kimi üstümə düşdü. Dedi, “biz sənə tapşırmışdıq ki, bizə verdiyin pulun səsi çıxmasın, sən kimsən ki, bu söhbəti yayırsan. Hələ MTN-in adından da istifadə edib dələduzluq edirsən”. Akif Əliyev hətta Akif Çovdarovun məndən narazı olduğunu, bütün fəaliyyətimin yoxlanacağını və həbs ediləcəyimi dedi. Bir neçə gün keçdi. Akif Əliyev yenə məni MTN-ə çağırdı və belə dedi: “Akif Çovdarovun səni bağışlaması üçün 100 min manat verməlisən”. O qədər pulumun olmadığını dedim. 50 min manatda razılaşdıq. Səhəri gün 40 min manatı birtəhər düzəltdim. Anara zəng elədim. Nazirliyinin yanında olan 20 nömrəli məktəbin yaxınlığında görüşdük. 40 min verdim dedim ki, 10 min əskikdir. Anar zəng edib, məsələni Akif Əliyevə dedi. 10 minə görə bir neçə gün vaxt verdilər. Üstündən 3-4 gün keçmiş Anar yenə zəng elədi, 10 min verməli olduğumu yadıma saldı. Səhər nazirliyin qabağına gələrək, qəzetə bükülmüş şəkildə 10 mini də verdim”.
Fikrət İbrahimov özünü ona Mübariz kimi təqdim edərək birinci dəfə ondan 12 min manat alan şəxsin sonradan nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3 şöbəsinin sabiq rəisi Orxan Osmanov olduğunu bilib: “Mənə müxtəlif fotoşəkillər göstərdilər, Mübariz kimi tanıdığım şəxs, sən dəmə, Orxan Osmanov olub”.
Təqsirləndirilən Akif Əliyev Fikrət İbrahimovla üzləşdirilməsi zamanı bildirib ki, 2014-cü ilin iyun ayında 3-cü idarənin rəisi ona nurçuların maliyyələşməsinə köməklik etməkdə şübhəli bilindiyinə görə bir nəfərin nazirliyə çağırıldığını deyib: “Mən komendaturaya gedəndə gördüm ki, həmin şəxs Orxan Osmanovla söhbət edir. Fikrət Akif Çovdarovla polisdə bir yerdə işlədiyini dedi. Bundan sonra ona olan münasibətim dəyişdi, Fikrətlə bağlı məsələlərə qarışmadım. 2014-cü ilin dekabrı idi. İdarənin əməkdaşı Anar Abidov mənə Fikrəti MTN-ə dəvət etdiyini dedi. Səbəbinin isə Fikrətin şəriki Vidadi adlı şəxsdən guya əvvəllər MTN-ə verdiyi pulu tələb etməsi olduğunu dedi. Bundan sonra Akif Çovdarov məsələnin ciddi araşdırılmasını məndən tələb etdi. Fikrəti çağırıb, söhbət etdim. Mən Fikrətdən soruşdum ki, kimə pul vermisən? O, mənə heç kimə pul vermədiyini dedi. Mən də Fikrətin dediklərini birbaşa Akif Çovdarova məruzə elədim. Sonradan Anar Abidov mənə Fikrətin öz şəriki Vidadi ilə problemini həll elədiyini bildirdi”.
Akif Əliyev üzləşmə zamanı onu da qeyd edib ki, nə Orxan Osmanovun, nə də Anar Abidovun F. İbrahimovdan pul aldığını eşitməyib və məsələdən xəbərsizdir.
Orxan Osmanov üzləşmə zamanı 2014-cü ildə Akif Əliyevin göstərişi ilə nurçularla əlaqədar Fikrət İbrahimovu nazirliyə çağırdığını və sorğu-sual etdiyini deyib. Orxan Osmanov Fikrət İbrahimovdan heç bir zaman pul almadığını qeyd edib.