BolgeXeber.Com » BÖLGƏ TV » “17 saylı “zon”da dustaqlara işgəncə verilir”

“17 saylı “zon”da dustaqlara işgəncə verilir”

14-09-2012, 10:50
Oxunub: 5 705 Məhkum Telman Əsədov türmədən prezidentə göndərdiyi məktubda belə yazır

17 saylı cəzaçəkmə müəssisəsində (CM) cəza çəkən məhbus Telman Əsədov prezidentə məktub ünvanlayıb. O, məktubunda 17 saylı CM-də dustaqların başına gətirilənlərdən, rüşvətxorluq və korrupsiyadan yazıb. Qeyd edək ki, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da 17 saylı CM-də cəza çəkir.

“Müəssisədə baş verən korrupsiya, rüşvətxorluq halları, məhkumlara edilən fiziki və mənəvi işgəncələr, müəssisədəki sosial problemlər və bu cür neqativ hallarla bağlı biz məhkumlar tərəfindən şikayət ərizəsi yazılmış və bu ərizə yazıldıqdan sonra müəssisə rəhbərliyi tərəfindən biz məhkumlara qarşı müxtəlif hədə-qorxular, təzyiqlər edilmişdir. Bu ərizəni yazdığımıza görə cəzalandırılacağımız müxtəlif formalarda bizə çatdırılıb. Penitensiar Xidmətin əməkdaşları yazdığımız ərizə ilə bağlı müəssisəyə gəlmiş və ərizədə adı olan məhkumlara müxtəlif psixoloji təzyiqlər göstərərək onları öz imzalarından imtina etməyə, bu işə guya Nemət Pənahlı tərəfindən aldadılaraq sövq edildiyimizi söyləməyə məcbur etmişdir. Bundan sonra Penitensiar Xidmətin daxili təhqiqat şöbəsinin əməkdaşı, baş leytenantı olan Bəhruz adlı şəxs 17 saylı cəzaçəkmə müəssisəsinə gəlib bizimlə daha kobud və açıq-aşkar hədə-qorxu dili ilə danışdı. Daha əvvəl gələn əməkdaşlarının səylərini davam etdirdilər. Adıçəkilən Bəhruz müəllim məni qəbuluna çağırtdırıb əvvəl gülərüzlə, onunla razılaşmadığımı bildikdən sonra isə əsəbi qaydada və müxtəlif jestlərlə məni məhv edəcəyini bildirib. Nemət Pənahlının cəzadan şərti azad olunacağından sonra mənə müxtəlif cəzaların tətbiq olunacağını demiş və özü yazdığı suallara təzyiq altında mənə istədiyi cavabları yazdırmışdır. Bəhruz müəllim kinayə ilə mənə ondan qabaq gələn Penitensiar Xidmətin əməkdaşları Emin və Əşrəfin pis işlədiklərini bildirib. Məni ”lazım gəlsə, səni bir anda hop eləyib yeyərəm" deyə hədələdi. Mən bu barədə cəzaçəkmə müəssisəsinin rəhbərinə xəbər verdikdə o, məni razı salmaqdan ötrü əvvəla belə bir halın baş verdiyinə inanmadığını dedi və məni təzədən həmin zabitin yanına apararaq guya vəziyyəti aydınlaşdırmaq məqsədilə onunla söhbət etdi. Onun yanında mənə sual verdi ki, mən bir az öncə yazdığım izahatı nə formada vermişəm. Mən də öz növbəmdə müəssisə rəisinə və otaqda olan idarədən gələn əməkdaşa bildirdim ki, o izahatı psixoloji təzyiqlər altında yazmışam və qeyri-könüllü surətdə həmin izahata öz imzamı atmışam. İdarədən gələn əməkdaş çıxış yolu tapmadığından mənə təklif etdi ki, yazdığınız şikayət ərizəsində səndən başqa məhkumların adının olmasını nəzərə alaraq onları qəbul etdikdən sonra səni qəbul edəcəyəm. Sən sərbəst şəkildə istədiyin izahatı verə biləcəksən. Bunu deyib çıxıb getdi" - deyə T.Əsədov yazır.

Məhkum məktubunda yazdıqları şikayət ərizəsinə görə daim təzyiqlərə məruz qaldığını vurğulayıb: “Cənab prezident! Bizə yazdığımız ərizənin guya Nemət Pənahlının təşəbbüsü ilə yazılması, bizim Nemət Pənahlı tərəfindən aldandığımız ona görə zorla söylədilir ki, yazdığımız şikayət ərizəsindəki aşkar neqativ hallar cəmiyyətdən gizlədilsin. Mən öz hüquqlarımı qoruduğuma görə 17 saylı CM-də müəyyən təhlükələrlə üzləşirəm. Yazdığım bu ərizəyə görə mənim şəxsi təhlükəsizliyimi təmin edən şəraitin yaradılmasını xahiş edirəm”.