BolgeXeber.Com » BÖLGƏ TV » Ailələri keçmiş OMON-çuların həbsdən azad olunmasını istəyir-Video

Ailələri keçmiş OMON-çuların həbsdən azad olunmasını istəyir-Video

1-03-2013, 10:10
Oxunub: 6 767 Qobustan həbsxanasında saxlanılan ömürlük siyasi məhbuslar -OMON Xüsusi Təyinatlı Polis Dəstəsinin döyüşçüləri Səfa Poladov və Arif Kazımovun yaxınları onların azadlığını istəyir.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Media mərkəzində keçirilən mətbuat konfransında İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov bildirib. O, 17 ildir Qobustan həbsxanasında cəza çəkən iki OMON-çunun azadlığa buraxılması üçün prezidentə yenidən əfvlə bağlı müraciət ediləcəyini deyib. Rəsul Cəfərovun sözlərinə görə ABŞ Dövlət Departamentinin, Avropa Şurasının ilk siyasi məhbuslar siyahısında olan keçmiş OMON-çular Arif Kazımov və Səfa Poladovun özləri və valideynləri dəfələrlə əfv üçün ölkə başçısına müraciətlər ediblər. Lakin nəticəsi olmayıb. Hüquq müdafiəçisi hər iki OMON-çunun işi ilə bağlı Avropa Məhkəməsinə müraciət edildiyini bildirib. Mətbuat Konfransında çıxış edən Səfa Poladov və Arif Kazımovun müdafiə komitəsinin üzvü Əlişir Əhəd bildirib ki, müdafiə etdikləri şəxslər 1995-ci il “OMON” hadisələrinə görə ömürlük həbsə məhkum ediliblər. Amma hələ də özlərini günahkar bilmirlər. Onun sözlərinə görə bu hadisənin gündəmə gətirilməsində məqsəd ömürlük həbs cəzası ləğv edilən ölkədə ömürlük həbs cəzası çəkənlərin işlərinə diqqət yetirmək və beynəlxalq ictimaiyyəti bir daha məlumatlandırmaqdır. Siyasi məhbusların yaxınları çıxış edərək Arif Kazımov və Səfa Poladovun həbsdən azad olunması ilə bağlı prezidentə müraciət ediblər, ondan kömək istəyiblər. Xatırladaq ki, OMON kimi tanınan Xüsusi Təyinatlı Polis Dəstələri Qarabağ savaşı başlayanda yaranıb. 1995-ci il mart ayının 16-dan 17-nə keçən gecə hökumət qüvvələri OMON-çuların 8-ci kilometr qəsəbəsindəki qərargahında xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı öldürülənlər, yaralananlar olub. Onlarla insan həbs edilib və uzunmüddətli cəzalar alıb. Sonradan əksəriyyəti əfv edilib. Hazırda həbsxanalarda 1995-ci il mart hadisələri, 1994-cü il dövlət çevrilişinə cəhd və 1990-cı illərin ortalarında bu kimi digər işlərlə əlaqədar ömürlük həbs edilmiş 19 məhbus saxlanılır. Onlar hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınır.
Bolgexeber.com