BolgeXeber.Com » BÖLGƏ TV » Cəlilabaddakı dəhşətli qətlin məlum olmayan yeni təfərrüatları-Video

Cəlilabaddakı dəhşətli qətlin məlum olmayan yeni təfərrüatları-Video

28-03-2013, 07:45
Oxunub: 4 996 ANS ana və 2 körpənin qohumları tərəfindən xüsusi amansızlıqla öldürülməsinin bu günə qədər məlum olmayan təfərrüatlarını üzə çıxarıb. Cəlilabada bu qətli araşdırmaq üçün ezam edilən xüsusi müxbirimiz qatil və qurbanlar barədə yeni məlumatlar toplayıb. Belə bir ağlasığmaz qətli törədən şəxs bu günə qədər necə adam olub?

Cəlilabadda hər kəsi bu gün bir sual düşündürür. Musa Quliyev bu dəhşətli qətli necə törədib? Şəhərdə çoxları onu sakit təbiətli biri kimi tanıyıb. Heç kimə qaynayıb qarışmayan, heç kimin toyuğuna kiş deməyən. Düzdür, ailəsinə münasibət birmənalı deyil. Qardaşı Elçin Quliyev narkotik maddə alqı-satqısına görə həbs olunub. Əslində Musa Quliyev də son bir ildir ki, narkotik aludəçisi kimi şəhərdə ad çıxarıb və onun ailəsinin dağılmasında da məhz bu amili əsas gətirirlər.

Musa Quliyevin sinif yoldaşı Əli Məmmədov: "Mənimlə oxuyub. Çox fağır uşaq olub. Yəni, belə hadisəni törədəcək biri olmayıb. Amma son 1 ildir eşitmişik ki, narkotiklə məşğuldur”.

Musanın yaxın qonşusu Emin isə fərqli şeylər danışır: "Qeyri-adi hərəkətləri var idi. Özünü tam idarə edə bilmirdi. Heç kimlə münasibətləri alınmırdı”.

Onun münasibətləri dini nigaha girdiyi xanımıyla da alınmayıb. Yəni, öldürülən körpələrin doğmaca bibisiylə. Düzdür, bu məsələdə Musanın mərhum anasını günahkar bilirlər. Deyirlər ki, gəlinə o göz verib, işıq verməyib. Amma maraqlıdır ki, qayınanası öləndən sonra da tərəflər yola getməyiblər. Hətta öldürülən körpələrin atası Məzahirin bacısının ailəsini qorumaq cəhdləri və bu səbəbdən öz evinin qapısını onların üzünə açması, aylarla Musaya evində yaşamaq imkanı yaratması da səmərə verməyib. Sonda onlar ayrılıblar. Tərəflərin barışması isə son zamanlar mümkünsüz görünüb. Çünki, artıq Məzahirin ailəsi qızlarının Musa kimi narkotik istifadəçisiylə bir dam altında yaşamasını istəməyib. Sadəcə onların ən böyük istəyi o olub ki, Musa qanunsuz nigahdan doğulan oğluna atalıq hüququ versin. Musa isə bunu qətiyyən istəmirmiş.

Amma bir neçə gün əvvəl məhkəmə Musanın atalıq hüququnu bərpa edib. Öldürülən körpələrin atası Məzahir Quliyev isə əmindir ki, kürəkəni bu qətli məhz qisas məqsədilə törədib: "Sadəcə əlverişli üsul ailəm olub. Evimdə də 3 ay qalıb. Bilirdi ki, bu saatlarda evdə olmuram”.

Cinayəti törədən şəxs isə istintaqa ifadəsində qisas versiyasını inkar edib. Onun sözlərinə görə, qaynıgilə bayramlaşmaq üçün gəlib. Amma sual olunur ki, belə gec saatdamı? Üstəgəl, evin kişisinin evdə olmadığını bilə-biləmi? Hər halda, qonşuların sözlərinə görə, hadisədən 3-4 gün əvvəl onlar Musa Quliyevi Məzahirin evinin ətrafında görüblər. Əlində bıçaq, guya cücələri üçün ot biçirmiş. İndi iş-işdən keçəndən sonra düşünürlər ki, bu onun Quliyevlər ailəsinə mesajı olub. Sonra isə o ələ düşən ilk fürsətdə bu cinayəti həyata keçirib. Ananı iki körpəsi ilə birlikdə öldürüb, evə isə od vurub.

Musa Quliyevin istintaqa ifadəsini eşidəndə isə adamın damarında qanı donur. Ötən əsrin 70-80-ci illərində isə belə qətllərə görə, insanlara ölüm hökmü verilirdi. Musa Quliyevə isə ölüm hökmü verilməyəcək. Baxmayaraq ki, o belə bir hökmü gənc anaya və onun iki günahsız körpəsinə verib