BolgeXeber.Com » BÖLGƏ TV » Səbail Rayon İcra Hakimiyyətindən gülməli qərar -FOTO-VİDEO

Səbail Rayon İcra Hakimiyyətindən gülməli qərar -FOTO-VİDEO

16-05-2013, 10:25
Oxunub: 8 858 Bildiyiniz ki,Martın 12-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində “Peşəkar hüquqşünaslar” İctimai Birliyinin sədri Tağı Hüseynovun təşkilatçılığı ilə Sarıyeva Tərlan İdris qızının mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar məsələ üzrə mətbuat konfransı keçirilmişdir.Tədbirdə Sarıyeva Tərlan İdris qızının adından onun həyat yoldaşı Manaf Sarıyev, mülkiyyətçinin hüquqlarını qoruyan tanınmış hüquqşunas Tağı Hüseynov və media nümayəndələri iştirak etmişdir.

Zərərçəkmiş tərəfin bildirdiyinə görə Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsindəki 9 nömrəli binanın yarımzirzəmisində yerləşən 39,1 kv m. əsas sahədən ibarət qeyri-yaşayış sahə tam mülkiyyət hüququ üzrə onun yoldaşının adına qeydiyyata alınmışdır və mülkiyyətimdə olan həmin qeyri-yaşayış sahəsində O “təsərrüfat malları”mağazası kimi fəaliyyət göstərib.

Lakin Səbail Rayon İcra Hakimiyyəti onlara qarşı, qeyri-yaşayış sahəsində küçəyə “özbaşına açılmış qapının” bağlanmasına, qanunsuz tikilinin sökülməsinə dair iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmişdir. Mülkiyyətçinin məhkəmədə iştirakı təmin olunmadan Səbail rayon Məhkəməsi 15 noyabr 2012-ci il tarixdə onun mülkiyyətində olan, Bakı şəhəri, M.Muxtarov küçəsindəki 9 saylı evin yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahəsində guya küçəyə özbaşına açılmış qapının bağlanması barədə ədalətsiz qətnamə çıxarmışdır.
Səbail Rayon Məhkəməsi məhkəmə bildirişlərini və qətnaməni qanuna-zidd olaraq ona təqdim etmədiyinə görə Sarıyeva Tərlanın həmin məhkəmədən xəbərim olmamış və təbii ki,o məhkəmədə iştirak edə bilməmişdir. Bu səbəbdən də zərərçəkmiş öz sübutlarını məhkəməyə təqdim edə bilməmiş və mövqeyini ortaya qoya bilməmişdir.

"Peşəkar Hüquqşünaslar" İctimai Birliyinin sədri Tağı Hüseynov bu məsələ ilə bağlı açıqlamasında bildirdi ki,qətnamə açıq-aydın əsassız və ədalətsiz olduğundan ləğv edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Sarıyeva Tərlan İdris qızına verilmiş sözügedən obyektə dair çıxarışın texniki pasportunda həmin tikilinin 1900-cü ildə tikilməsi qeyd olunur.

Bundan əlavə həmin tikilinin 1900-cü ildən bu günkü günədək qapısı hazırki yerdə olmuşdur və bu da həmin tikilinin texniki pasportunda öz əksini tapmışdır. Çünki həmin obyektdə başqa yerdən qapının qoyulması mümkün deyil. Əgər həmin qapının yeri sahibkar tərəfindən və ya ümumiyyətlə tikildiyi gündən bu günə qədər dəyişdirilmiş olsaydı, bu halda Səbail rayon İcra Hakimiyyəti ilə yenə razılaşmaq olardı.
Qeyd etmək lazımdır ki,adıçəkilən obyektin qapısı tam dəqiqliyi ilə mülkiyyətçiyə məxsus texniki pasportda əks olunmuşdur. Yəni düz 113 ildir ki, qapı öz köhnə yerində qalmışdır. Bəs görəsən Səbail rayon Məhkəməsində bu işlə bağlı araşdırma aparılarkən hansı sənədlərə əsaslanıb həmin obyektinin qapısısın guya özbaşına açılması rəyinə gəlinmişdir?! Məgər obyektin texniki pasportunu əldə edib bunu dəqiqləşdirmək məgər belə çətin işdir ?

Sözügedən obyektdə hər hansı bir yenidənqurma və dəyişiklik edilməsi barədə akt və ya digər sənəd təqdim olunmadan, tikintinin texniki pasportunda dəyişiklik edilməsi ilə bağlı hər hansı bir ekspert rəyi alınmadan çıxarılmış qətnaməni şifahi sözlərə əsaslanmasını hüquq sahəsində “anoloqu olmayan” nonsens saymaq olar.

Məgər Dövlət Reyestri Xidməti Hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş sözügedən obyektə dair çıxarışın etibarsızlığı hər hansı bir məhkəmə tərəfindən müəyyən edilibmi? Əgər belə bir hal yoxdursa, aydındır ki,onu olduğu kimi qəbul etmək lazımdır.
Sarıyeva Tərlan İdris qızı "Peşəkar Hüquqşünaslar" İctimai Birliyinin sədri Tağı Hüseynova ünvanladığı müraciətində bildirir:” Ölkəmizin Avropaya inteqrasiya etdiyi və mülkiyyət hüququ ilə bağlı bütün beynəlxalq konvensiyalara qoşulduğu bir dövrdə ölkə ölkə vətəndaşlarının mülkiyyət hüququna bu qədər təcavüz edilməsi yolverilməzdir.

Axı bu necə demokratik ölkədir ki, 113 il ərzində tikildiyi dövrdə və texniki pasportunda heç bir dəyişiklik edilmədən obyektin qapısını xüsusi mülkiyyətdə olduğu halda heç bir səbəb olmadan bağlamaq istəsinlər? Özü də obyektə alternativ yerdən qapı açmaq mümkün deyildirsə. Belə ki, obyektin arxa və yan tərəfləri digər obyektlərin və zirzəminin divarından ibarətdir. Belə çıxır ki, obyektin qapısı kiminsə xoşuna gəlməmişdir! Budurmu ədalət? Budurmu demokratiya?

Qanunlar insanlara yox, insanlar qanunlara tabe olmalıdırlar.Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyev Cənablarının bu barədə çox böyük aforizmi var: “Ölkə 2 şeydən sarsıla bilər: biri günahsıza cəza veriləndə, digəri isə günahkar cəzasız qalanda”. Əfsuslar olsun ki, Ulu Öndərimizin bu kəlamını qulaq ardına vurmaqla ölkəmizin adı bəzən beynəlxalq arenada insan hüquqlarının pozulduğu ölkələrin adı ilə bərabər yad edilir və ölkəmizin vətəndaşları məcburiyyət qarşısında qalıb Avropa Məhkəmələrinə müraciət edirlər.

Maraqlısı odur ki, mən mülkiyyətimdə olan obyektə qapısı olmadan haradan daxil ola bilərəm?
Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
Yəqin ki, bu qanunlar kağız üzərində qalmaq üçün deyil, vətəndaşların ən gözəl şəkildə öz hüquqlarını bilərək yaşaması üçün yazılır.

Əfsuslar olsun ki, həmin qanunsuz qətnaməni icra etmək üçün mənə məxsus ticarət mağazasına Səbail rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hafiz Aberkarov və Səbail rayon İcra şöbəsinin icra məmuru Əziz Hacıbalayev gələrək “qanunsuz qapını” hörüblər .Onlara etiraz edib bizim Səbail rayon Məhkəməsinin bu qanunsuz qətnaməsindən apellyasiya şikayəti verdiyimizi və bu qətnamənin hələ qüvvəyə minmədiyini bildirdikdə Hafiz Aberkarov bildirdi ki, “burada bizim qanunumuz keçir, bizim üçün qətnamə qüvvəyə minmişdir”.

Bunun cavabında biz hüquq şöbəsinin müdiri Hafiz Aberkarova Sizin - Cənab Prezidentimizin dünən bütün icra hakimiyyəti başçılarına öz etirazını bildirb camaatı haqsız yerə incitməməkləri, özbaşınalıq etməməkləri, əgər bu bir daha təkrar olarsa ciddi cəzalandıracağı barədə xəbərdarlıq etdiyinizi xatırladanda o dedi ki, “bu xəbərdarlığın bizə dəxli yoxdur”. Bunu deyib işlərinə davam etmələri üçün qapını hörən fəhlələrə göstəriş verib. Həmin hörülmə tədbirinin şəkillərini də çəkib ərizəmə əlavə etmişəm.
Onu da qeyd edim ki, qapını hörən fəhlələr və hətta həmin hadisəyə şahid olan digər şəxslər də bunu görüb dəhşətə gəlmişdilər, “axı bu obyektə başqa haradan qapı qoymaq olar?” sualı ilə özləri də mat-məətəl qalmışdırlar.

Beləliklə mən mülkiyyətimdə olan əmlakıma yeganə giriş yeri olan qapıdan məhrum edildim. Halbuki həmin qapı yuxarıda qeyd etdiyim kimi 1900-cü ildən bəri, düz 113-ildir ki, fəaliyyət göstərir. Görəsən mən onu qanunsuz necə aça bilərdim? Sonradan mənə məlum oldu ki, bəzi icra hakimiyyətləri kimi Səbail rayon İcra Hakimiyyəti də mülkiyyətimdə olan həmin əmlakı mənimsəmək istəyir. Axı bu cür ədalətsizlik olmaz. Nə üçün bir ovuc məmura görə vətəndaşlarımız hüquqlarının pozulması ilə bağlı Avropa Məhkəmələrinə müraciət etsinlər?

Bu ki, ölkəmizin imicinə olduqca mənfi təsir göstərir. Insan hüquqlarının pozulduğu bir ölkəyə investorlar da gəlmək istəmirlər. Bu isə bir daha onu göstərir ki, bizə düşmən dövlətlərə işləyən məmurlarımız hələ də kifayət qədərdir. Məgər həmin məmurlar bu dövlətdən narazıdırlarmı? Bəs bunların gözü nə vaxt doyacaqdur ki, xahiş edirəm, Səbail rayon İcra Hakimiyyətinin mənim mülkiyyətimdə olan əmlakdan gözünü çəkməsi üçün mənim hüquqlarımın qorunmasında mənə köməklik göstərəsiniz.”

Manaf Sarıyev məsələ ilə bağlı əməkdaşımıza açıqlamasında bildirdi ki, onların mülkiyyət hüquqları tanınsa da, yəni onlara məxsus sahə əllərindən alınmasa da giriş üçün olan yeganə qapının bağlanması elə dükanın bağlanması və ailənin işsiz qalması ,gəlir mənbəyindən məhrum olması deməkdir.Yəni bu açıq-aşkar sahibkarlığa da zərbədir.

Dünən Bakı Apellyasiya Məhkəməsində hakim Etibar Nəbiyevin sədirliyi ilə Səbail rayon Məhkəməsinin çıxartdığı 15 noyabr 2012-ci il tarixli qətnaməsindən Sarıyeva Tərlan İdris qızı tərəfindən edilən apellyasiya şikayətinə baxılmışdır. Qeyd edək ki, məhkəmədə zərərçəkmişin hüquqlarının müdafiəçisi qismində "Peşəkar Hüquqşünaslar" İctimai Birliyinin sədri, tanınmış Tağı Hüseynov çıxış edir.Məhkəmədə söz alan hüquqşünas Tağı Hüseynov bildirmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin mülkiyyətçi Sarıyeva Tərlan İdris qızının əmlakına qarşı çıxartdığı qərar çox gülməlidir və heç bir məntiqə sığmır.

O bildirib ki sözügedən qapı bina tikiləndən mövcud olub və bu bütün aidiyyatı sənədlərdə öz əksini tapıb. Ancaq bununla belə Səbail Rayon İcra Hakimiyyəti qapını qanunsuz sayıb.”Axı necə ola bilər ki, 113 ildir qanuni olan qapı birdən-birə qanunsuz çıxıb?”- hüquqşünas deyib. “Səbail İcra Hakimiyyəti komissiya vasitəsi ilə həmin qapıya baxış keçirsə də heç bir ekspertiza rəyi olmadan tez-tələsik mülkiyyətçinin ziyanına qərar çıxardıb. Bildiyiniz kimi hal-hazırda mülküyyətçinin hüququ toxunulmaz sayıldığından buna bütün dünyada böyük önəm verilir.

Bu səbəbdən Səbail rayon Məhkəməsinin 15 noyabr 2012-ci il tarixli qətnaməsi əsassız və ədalətsiz olduğundan ləğv edilməlidir. Dediyimiz kimi buna bir çox səbəblər vardır. Hətta qanunları bir kənara qoysaq, elementar ədalət hissi baxımından belə başa düşmək olmur ki, axı bir insanın qanuni dükanının qapısı bağlanırsa, o bu halda necə fəaliyyət göstərə bilər? Bu gülünc haldır ki, əmlak özü qanuni sayılır amma qapısı yox?”- hüquqsünas bildirib.

Bundan başqa Tağı Hüseynov sübut kimi adıçəkilən mülkiyyətlə bağlı texniki pasportu da təqdim etmişdir. Məhkəmədə qarşı tərəf, Səbail rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hafiz Aberkarov səsləndirilən dəlillərə qarşı tutarlı arqument gətirə bilməmişdir. O məhkəmə kolleqiyasına yalnız binanın icra hakimiyyətində cızılan mənbəyi və kökü bilinməyən planını təqdim etdi və bildirdi ki, o sənəddə guya qapı olmayıb, sonradan tikilib. Onun məntiqsiz açıqlamasına görə guya qapı başqa bir tərəfdən olub və mülkiyyətçi onu bilərəkdən hörüb.

Halbuki onun dedikəri tamamilə həqiqətə uyğun deyil.Aydındır ki,icra hakimiyyəti özünə hansısa formada bəraət qazandırmaq üçün nə isə deməlidir. Məhkəmə gedişatında Tağı Hüseynov tələb edib ki, sözügedən obyektə baxış keçirib rəy vermək üçün ekspertin rəyi vacibdir.Hakim Etibar Nəbiyev Tağı Hüseynovun bu tələbini qəbul edib və məhkəmə iş üzrə texniki ekspertiza təyin edilməsi üzrə qərar qəbul edib.

Onu da qeyd edim ki,əraziyə baxış keçirərkən mən özüm də yaranmış vəziyyətin nə qədər gülməli və eyni zamanda zərərçəkmiş üçün nə qədər açınacaqlı olmasının şahidi oldum. Sarıyeva Tərlan İdris qızının həyat yoldaşı Manaf Sarıyev YNP.AZ-a açıqlamasında bildirdi ki,bütün bu haqsızlıqlara baxmayraq onlar axıracan mübarizə aparmaq əzmindədirlər və ümid edirlər ki, məhkəmə axır-əvvəl dükanın qapısının açılması haqda qərar çıxaracaq.

O həmçinin bildirdi ki, ailənin bu dükandan başqa gəlir yeri olmadığından dükanın artıq neçə müddətdir fəaliyyət göstərməməsi onların maddi durumunu xeyli çətinləşdirib.
Maraq doğuran məqamlardan biri də adıçəkilən dükandan başqa yola baxan hissəsi tam təmir olunan binanın altındakı anoloji dükanların heç birinin qapısının bağlanmamasıdır.Bu vəziyyət istər-istəməz sual doğurur:bəs nə səbəbdən onlar qanunsuz sayılmır?Bəlkə onlar sadəcə Səbail Rayon İcra Hakimiyyəti ilə “anlaşıblar”?

Yaddan çıxartmaq lazım deyil ki,qarşıdan seçkilər gəlir və vətəndaşların hüquqlarının belə açıq-aşkar şəkildə tapdanılması,məmurların öz qanunsuz əməlləri ilə qanunsevər vətəndaşı dövlətdən incik salması heç də yaxşı şeylər vəd etmir...

Görünür prezidentin özbaşnalıq edən məmurlara etdiyi xəbərdarlıq bəzi məmurların vecinə deyil.Ancaq nahaq yerə... Hüquq müdafiəçisi Tağı Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi Etibar Nəbiyevin ədalətli hakim olduğunu və bu işdə də ədalətlə qərar verəcəyinə inandığını bildirdi. Biz də mətbu orqan olaraq Tağı Hüseynovun bu fikrinin həyata keçəcəyinə ümid edərək sahibkar Manaf Sarıyevə məhkəmədə uğurlar arzulayırıq.
Bolgexeber.com