BolgeXeber.Com » BÖLGƏ TV » Gəncədə "aldadıb əl tutma" əməliyyatı

Gəncədə "aldadıb əl tutma" əməliyyatı

4-10-2013, 15:40
Oxunub: 5 680 Gənc fəal və bacısı hiylə ilə polisə aparılıb
Oktyabrın 3-nə keçən gecə Gəncə sakinləri gənc fəal Fərid Zülfüqarlı və bacısı Sevinc Zülfüqarlı aldadılaraq polis idarsinə aparıldıqlarını deyirlər.

Sevinc Zülfüqarlı deyir ki, onlara gələn zəngdə qardaşının dostu Samirin qəza etməsi və yardıma ehtiyacı olduğunu deyiblər. Özünü Samirin dayısı kimi təqdim edən adam Samirin Fəridə ehtiyacı olduğunu təcili gəlməsini istədiyini deyib:

“GECƏ SAAT 1-DƏ ZƏNG GƏLDİ”

“Gecə saat 1-də zəng gəldi. Bir nəfər deyirdi ki, Samir möhkəm yaralanıb, köməyə gəl, səni görmək istəyir. Sonra Fərid inanmadı, dedi, Samirə verin danışım. Dəstəyi Samir götürdü, dedi, Fərid, mənəm, tez gəl. Mən tək idim, qorxdum, qardaşımla mən də getdim. Özünü Samirin dayısı kimi təqdim edən adama dedi ki, əziyyət verməyək sizə, gəlirəm maşınla götürəm. Küçənin başına çıxanda gördük, bir hündür cip növlü maşındır. Mindik, mən rəsmi geyimli kostyumlu adamları görəndə narahat oldum. Hal-əhval tutular, dedilər, Samirgilə gedirik”.

Sevinc Zülfüqarlı deyir ki, avtombil Samirgilin evlərinə tərəf dönməyəndə Fərid “biz hara gedirik” sualını verib. Dərhal mülkü geyimli adamlar polis olduqlarını deyiblər:

“GUYA FƏRİD “OĞRUYA YOX, DOĞRUYA SƏS VER” ADLI SEÇKİ BUKLETLƏRİNİ PAYLAYIB”

“Çox qorxdum. Polis idarəsinə gələndə mən etiraz etdim ki, bu nədir, repressiya dövrüdür? Biz sivil adamlarıq sözünüz var zəng edin, biz də gələk. Bu adam oğurluğudur, sizin buna haqqınız yoxdur. Bizimlə təhqirlə danışdılar. Sonra Fəridi sorğu- sual etdilər ki, guya Fərid sentyabrın 30-da “Oğruya yox, doğruya səs ver” adlı seçki bukletlərini paylayıb. Mənim qardaşım həmin gün Bakıda NEON şadlıq sarayında toyda olub, tarix yazılı şəkilləri də var. Şər atırlar”.

Fərid Zülfüqarlı Gəncə şəhər Polis şöbəsində artıq 3-cü dəfədir ki, təzyiqlərə məruz qaldığını deyir.

“Bundan əvvəl də “Əsgər Ölümünə yox” deyək aksiyasında tutulanlara dəstək məqsədilə keçirilən “5 qəpik” kompaniyası üçün polis məni çağırıb dindirmişdi..Hər dəfə mənə təsir edirlər. Gah deyir dini inancın nədir? Ona görə polisə çağırırlar”.

Fərid Zülfüqarlı ona qarşı şər və böhtanlar dayandırılmasa Gəncə şəhər polis şöbəsini məhkəməyə verəcəyini deyir.

Gəncə şəhər Polis şöbəsinin rəis müavini İlqar Balakişiyev isə məsələ ilə bağlı danışmaq istəmir. İdarənin növbətçi hissəsi də onlarda belə bir məlumatın olmadığını deyirlər ("Azadlıq" radiosu).