BolgeXeber.Com » BÖLGƏ TV » «Karvan» ticarət mərkəzindəki dəhşətli yanğının yeni təffərüatları - Video

«Karvan» ticarət mərkəzindəki dəhşətli yanğının yeni təffərüatları - Video

21-10-2013, 10:10
Oxunub: 5 823 «Karvan» ticarət mərkəzi sahibinin doğum günündən bir gün sonra külə dönüb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərindəki “Karvan” ticarət mərkəzində baş vermiş yanğın barədə yeni məlumat yayıb.

Məlumata görə, hadisə barədə oktyabrın 19-da saat 19:25-də Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xətinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Sumqayıt Regional Mərkəzinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb: ”Yanğın nəticəsində ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət kompleksinin ərazisində yerləşən 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) mərtəbəli “Karvan” ticarət mərkəzinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları təxminən 20000 kv.m sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 2500 kv.m sahədə və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 1200 kv.m sahədə (ümumi təxminən 23700 kv.m) yanmışdır. Ticarət mərkəzinin qalan hissəsi və bitişik digər ticarət obyektləri yanğından mühafizə olunmuşdur. Yanğın zamanı xilasedicilər yanğınsöndürənlərin xidməti işinə köməklik məqsəd ilə geniş təxliyə əməliyyatı həyata keçirmiş, vətəndaşlar təhlükəsiz məsafəyə uzaqlaşdırılmışdır. Həmçinin, xilasedicilər tüstüdən zəhərlənmiş 16 nəfər vətəndaşı hadisə yerinə cəlb olunmuş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil vermişlər. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür".

Məlumat üçün deyək ki, “Karvan” Sumqayıtın ən iri ticarət mərkəzlərindən biridir. Ticarət mərkəzinin sahibi hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatının Idarə Heyətinin üzvü Ağamirzə Əhədovdur. O, Sumqayıtda “bazarkom Ağamirzə” kimi tanınır. “Karvan” ticarət mərkəzi Ağamirzə Əhədovun “bazarkomu” olduğu “Kolxoz” bazarının ərazisində inşa edilib. Maraqlıdır ki, “Karvan” ticarət mərkəzində yanğın Ağamirzə Əhədovun doğum günündən bir gün sonra baş verib. Oktyabrın 18-də o, 76 yaşını qeyd edib.

“Karvan” ticarət mərkəzində baş vermiş yanğınla bağlı Sumqayıtda müxtəlif söz-söhbətlər dolaşır. Bəziləri bu hadisəni qəsd sayır. Onların fikrincə, ticarət mərkəzi qəsdən yandırılıb. Məqsəd Ağamirzə Əhədovu zərbə altında qoymaqdır. Yeri gəlmişkən, Ağamirzə Əhədov seçki saxtakarlığında fəal iştirak etmiş şəxsdir. Hətta rəsmi dövlət qəzeti “Xalq”da onun seçki qutusuna iki bülleten atdığı fotosu yerləşdirilmişdi. Təbii ki, “Xalq” qəzeti bu fotonu seçkinin saxtalaşdırılmasını ictimaiyyətə çatdırmaq niyyətilə etməmişdi. Sadəcə dövlət qəzeti “çp”yə yol vermişdi.

Ağamirzə Əhədovun oğlu Hacı Neman Əhədov isə Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsinin Sumqayıt şöbəsinin müdiridir. Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Sumqayıtda keçirdiyi görüşə təxribatçı qüvvələri məhz bu şəxsin göndərdiyi barədə məlumatlar var.

Hazırda ticarət mərkəzinin ərazisinə heç kim buraxılmır. Müvafiq qurumlar yanğının səbəblərilə bağlı araşdırma aparırlar. azadliq.info