BolgeXeber.Com » BÖLGƏ TV » İş adamı Hacı Qurban varidatından danışmaq istəmədi

İş adamı Hacı Qurban varidatından danışmaq istəmədi

13-11-2013, 09:30
Oxunub: 16 857 Hacı Qurban: “İndi iclasdayam, sonra...”
“Mən bu haqda danışmaq istəmirəm, indi iclasdayam, sonra danışarıq” - bu sözlərisalyanlı iş adamı, rayonda Hacı Qurban kimi tanınan Qurban Abbasov deyib. Sonradan isə o, telefon zənglərimizi cavabsız qoyub.

Hacı Qurban mətbuatın gündəminə oğlunun toy karvanında eyni markalı 25 “Mercedes-Gelandewagen”in olduğuna görə gəlib. Sosial şəbəkələrdə toy karvanı olduğu videorolik yayılandan sonra belə xəbərlər olub ki, toy sahibi bir qədər əvvəl işdən çıxarılan müdafiə naziri Səfər Əbiyevdir. Sonradan isə deputat Hüseynbala Mirələmovun adı hallandırıldı və məlum oldu ki, kortej yol-nəqliyyat qaydalarını pozduğu üçün polis axtarışlara başlayıb.
“Gündəm xəbər” qəzeti Hacı Qurbanla bağlı material dərc edib. Həmin materialda Hacı Qurbanın Salyanın Qarabağlı kəndindən olduğu və böyük mal varlığına sahibliyi haqda məlumatlar yer alır.

Bildirək ki, salyanlı iş adamı Qurban Abbasov oğlunun paytaxtda baş tutan səs-küylü toy mərasimi ilə bağlı mətbuata da danışıb. Özünün açıqlamasında iş adamı “Gelandewagen” “kortej”i ilə müşayiət olunan mərasimin oğlu İlkinin dostları tərəfindən təşkil olunduğunu bildirib. Mətbuatda gedən xəbərlərdən narazı qalan iş adamı “kortej”dəki avtomobillərdən heç birinin onun ailəsinə məxsus olmadığını da deyib: “Mən məmur deyiləm, adi iş adamıyam. Oğlumun toyuna Amerikadan, Afrikadan müğənnilər gətirməmişəm. Sizə həmin toyun videosunu da təqdim edə bilərəm. Görərsiniz ki, toyda iştirak edən insanların 80 faizi kənd adamlarıdır. Mən 24 saatın cəmi 3-4 saatını yatan, əli qabarlı insanam. Məni tanıyan hər kəs bilir ki, o çəkilişlərin olmasını istəmirdim. Toy karvanında iştirak edənlər oğlumun dostlarıdır. Onlara necə deyə bilərdi ki, gəlməyin toya?

Mənim evimə haram pul gəlmir. Əgər əlimə iynə ucu boyda haram pul gəlsə, hamısını yandıraram. Özüm Hacı adamam, əlim dəyən qara daş haqqı, oğlumun cəmi 7 minlik “Mercedes”i var. Ümumiyyətlə, o kortejdə mənim ailə üzvlərimdən heç kim yoxdur. Həmin avtomobillərin nömrələri görünür, araşdırma aparıla bilər. Oğlum tərbiyəli, savadlı oğlandır. Öyrənə bilərsiz, kimsə onu hansısa bir bahalı restoranda görüb? Məni hər kəs Salyanda “yetimlər atası” kimi tanıyır. Salyanda Kür daşqınları olanda yeganə texnika bizdə idi, biz Kürün bəlasından xalqı qurtarmışıq. Onu yazanları Allaha tapşırıram. Milləti düşündürən şeylər yazsınlar, əvvəl dəqiqləşdirmək lazım idi ki, bu toyun sahibi kimdir. Mən o xəbərləri oxuyandan sonra sındım, çox pis təsir etdi mənə".

Qəzet yerli sakinlərin Hacı Qurbanla bağlı məktubunu da dərc edib. Məktub müəllifləri Hacı Qurbanı qanunsuz hərəkətlər etməkdə suçlayır, əmlakları haqda məlumat verirlər: “Ona məxsus çoxlu sayda şirkət, firma və digər müxtəlif təyinatlı ticarət obyektləri vardır. Onlardan "İlkin N", “XXI-əsr”, “CSM Nix”, “Sevinc 96", "Nigar LTD", "Halal İnşaat MMC”, “A+B OİL Servis”-i göstərə bilərəm ki, bunların da illik maliyyə dövriyyəsi təqribən 30-50 milyon manata bərabər olduğu halda Qurban Abbasov çox cüzi məbləğdə vergi ödəyərək ölkəmizin iqtisadiyyatına maddi ziyan vurmaqla dövləti xüsusi ustalıqla aldadır. Buna görə də sizdən xahiş edirik ki, göstərilən özəl müəssisələrdə vergi qanunçuluğuna riayət etmə fəaliyyətləri yarandığı gündən bu günədək dəqiq yoxlanılsın. Yuxarıda adları çəkilən şirkət və firmalarda faktiki olaraq 800 nəfərdən çox işçi çalışdığı halda Abbasov bu şirkətlər üçün verdiyi hesabatlarında ümumilikdə 100-150 nəfər işçinin çalışdığını göstərir.

Bu da öz növbəsində dövlət büdcəsinə külli miqdarda ziyan vurmaqla bərabər burada çalışanların gələcək pensiya təminatını təhlükə altına alır ki, nəticədə işləyənləri dövlətdən narazı salır".

Məktubun sonrakı hissəsində isə Hacı Qurbanın əmlakları haqda məlumat verilir:

1. Salyan rayonunun Qarabağlı kəndində 90 ha,
2. Kərimbəyli kəndində 60 ha,
3. Təzəkənd kəndində 120 ha,
4. Əhali arasında 5-ci şöbə adlanan ərazidə 250 ha,
5. Qırxçıraq kəndində 120 ha ümumilikdə 550 ha kənd əhalisinin örüş-otlaq sahələri üçün nəzərdə tutulan əraziləri özəlləşdirərək təyinatını dəyişdirmiş və öz mülkiyyətinə çevirmişdir. Nəticədə Qarabağlı, Kərimbəyli, Təzəkənd və digər ərazilərdə yaşayan kənd əhalisinin heyvandarlıqla məşğul olması və inkişaf etdirməsi üçün ciddi maneə yaratmışdır. Belə ki, Abbasov bu torpaqların təyinatını dəyişərək balıq gölləri, digər yararsız hala düşməsinə səbəb olmuşdur. Təzəkənd kəndi ərazisindəki yuxarıda göstərilən 120 ha bənd arası torpaq sahəsini əkin sahəsi kimi istifadə etmək üçün Kür çayının son daşqınlarından sonra, əhaliyə dəyən ziyanların qarşısını almaq üçün sizin şəxsi təşəbbüsünüzlə yeni inşa olunmuş bəndin zəifləməsinə gətirib çıxarmışdır. Abbasov tərəfindən qanunsuz yolla əldə olunmuş əmlaka əlavə olaraq:

6. Salyan rayonu Qarabağlı kəndində əvvəllər ARDNŞ-ə məxsus sahəsi 5000 m2 olan qeyri-qanuni özəlləşdirilmiş tikili.

7. Qarabağlı kəndində əvvəllər pambıq qəbulu məntəqəsi olmuş 5 ha qaraj kimi istifadə olunan ərazi.

8. Qarabağlı kəndində əvvəllər kolxoza məxsus kənd təsərrüfatı məhsulları anbarı olmuş sahəsi 6000 m2-dən çox olan tikili və sonradan qeyri-qanuni inşa olunmuş tikililər.
9. Qarabağlı kəndində çörək zavodu.
10. Qarabağlı kəndində ticarət mərkəzi.
11. Şirvan şəhərində ümumilikdə sahəsi 6 hektardan artıq olan Qarasu neft şirkətinin yaxınlığında qaraj və tikililər.
12. Salyan rayon mərkəzində mərkəzi bazar.
13. Salyan rayon mərkəzində beton zavodu.
14. Qaradağ rayon beton zavodu".
Bolgexeber.com