BolgeXeber.Com » Dünya » Pianinoya yapışdırılan məktub

Pianinoya yapışdırılan məktub

30-01-2014, 14:20
Oxunub: 5 943 Gözəl balam Elnarə Binnətovaya ithaf

Bəyaz qar üstündə oynaşan günəşin zəif şüaları pəncərədən süzülüb sanki onunla oynamaq istəyirmiş kimi üzünü qıdıqlayırdı. Əvvəl tənbəl-tənbəl gözünü açdı, sonra tez yerindən atilib atasi yatan otağa cumdu. Yenə gecikmişdi. Atası tezdən çıxıb işə getmişdi. Son zamanlar atasının işləri gərgin olduğu üçün səhər tez gedir, axşam da gec qayıdırdı. O, evə qayıdanda Elnarə artıq şirin yuxuda olurdu. Elnarəgil üç uşaqdılar. İki bacı, bir qardaş. Əslən Azərbaycanın dilbər guşələrindən biri olan Qazax rayonundan idilər. Atasının işiylə bağlı Rusiyada yaşamaq məcburiyyətində olsalar da vətənlərini şox sevir, hər yayı doğma kəndləri olan Çaylıda keçirirdilər. Elnarə bacısından fərqli olaraq bir az duyğusal idi.. Bacisi bir az özünə qapanan, ciddiyyəti sevəndi. Babasinin adını daşıyan qardaşı Səxavətsə hələ balaca idi. Bu gözəl qaranquş yuvasına bənzəyən ev bir müqəddəslik nuruna bürünmüşdü. Burda ata möhtəşəmliyi, burda ana şəfqəti və övlad sevinci vardı.

Elnarə dərsdən gəlib, ev paltarını geyindi. Yeməyini yedikdən sonra adəti üzrə bir az qardaşı ilə oynadı. Sonra dərslərini hazırladı. Pəncərəyə yaxınlaşıb çölə baxdı. Atası üçün yaman darıxırdı. Neçə gün idi ki, atasını görə bilmirdi. Axşam düşdükcə o, daha cox darixirdi. Yuxu ona güc gələndə Elnarə dözmədi. Atasına məktub yazmaq qərarına gəldi. Cəmi iki cümlədən ibarət bu məktub böyük bir əsərin başlanğıcı idi. Elnarə uşaq sevgisiylə dolu sözləri ürək şəkilləriylə bəzədiyi vərəqə inci kimi düzdü. Rusiyada yaşadığı və rus dilində oxuduğu üçün məktubu da rusca yazdı: “ Ot Eli pape! Privet, pap. Kak u tebya dela? Ya oçen vas lyublu, no jalko, potomu çto ya splyu! Ot doçki: Eli. 13 Noyabr 2013.”

Bu kiçicik bir məktuba yerləşmiş böyük uşaq sevgisinin kəpənəklər uçuşan laləzarlı dünyası idi. Bu məktubda uşaqlığın rayihəsi, bu məktubda doğma yuvanın ab-havası, bu məktubda qürbət elin nisgili və nəhayətində sevgilərin ali kulminasiyası duyulur, duyğu asimanının parlaq ulduzları sayrışırdı. Uşaqlığın titrək izlərini buraxan kiçik vərəq parçasına yazdığı məktubu bitirən Elnarə ayağa qalxdı. Bir anlıq dayanıb fikirləşdi. Uşaq təxəyyülü ilə gözə çarpacaq yer fikirləşdi. Ani tərəddüddən sonra gözü sevimli pianosuna sataşdı və gülümsədi. Tapmışdı! Demək atası otağa girəndə ilk gördüyü şey pianoya yapişdirilmiş bu məktub olacaqdı.
Həvəslə pianoya yaxınlasıb məktubu yapışdırdı. Və yerinə uzandı. Pianoya yapışdırdığı şəkilə baxa-baxa şirin yuxunun qanadlarında uçmağa başlayan Elnarənin üzündə məsumluq, dodaqlarında şirin bir təbəssüm vardı. O, ünvanladığı bu məktubu görəndə atasının gözündəki sevgi qarışıq təbəssümü təsəvvür edərək yuxu dünyasına uçurdu. Amma bilmirdi ki, yazdığı bu kiçicik bir məktub böyük bir duyğuların qanadında geniş oxucu auditoriyası qazanacaq özünə.

Və uzun illər sonra bir gün hansısa kitabda öz uşaqlığından bir anı əks etdirən bu kiçicik hekayəni o da qırışmış əlləriylə və xoş xatirələrlə zəhmətkeş atasını anaraq, uşaqlıq illərini xatırlayaraq sığallaya-sığallaya nəvələrinə oxuyacaqdı.
İndisə hələ o, özü nəvə idi. Babasının, nənəsinin, ailəsinin sevimlisi.

Şərafət Şəfa