BolgeXeber.Com » Dünya » Şuşadan gələn saflıq

Şuşadan gələn saflıq

3-02-2014, 13:30
Oxunub: 5 444 Ürəklərində Şuşanı gəzdirən oğulları tezliklə Şuşa torpağı da öz qoynunda əziz-xələf övladı kimi gəzdirsin!

Şuşa bizim yaşamış olduğumuz Cəbrayıl torpağı ilə yaxın ərazidə yerləşsə də o cənnətməkan diyara ayağım dəyməyib. Mən Milli Orduda döyüşən vaxtlarda bir neçə dəfə ziyarət dağı deyilən yüksəkliyi ələ keçirmək üçün hücuma keçsək də oranı ala bilməmişdik. Onda döyüşçü yoldaşlarım danışardılar ki, əgər Ziyarəti ala bilsək, oradan Şuşa bizə əl içi kimi aydın görünər. Ondan sonra da Şuşanı qaytararıq. Təəssüf ki, nə Ziyarət dağını ala bildik, nə də Şuşanı. Necə deyərlər, fələk vurdu yan saldı. Amma o vaxtlardan içimdə Şuşa torpağını gedib görmək həsrəti çağlayır. Həmişə mən belə düşüncədə olmuşam ki, harada təbiət safdırsa, o təbiətin saflığı da oranın insanlarının daxili, mənəvi dünyasına istər-istəməz sirayət edər. Saf təbiət və saf sağlam dünyası həmişə bir-birilə qovuşub vəhdət təşkil edərlər. Insanların təmsil etdikləri torpağın canlı daşıyıcıları olduqlarını da həmişə düşünmüşəm. İnsan doğulub böyüdüyü torpağın bir canlı parçasıdır-demişəm. Elə mənim özümə də dəfələrlə yaşlı adamların “Şakir müəllim, elə bilirəm ki, səni görəndə gedib o torpaqlarımızı, müqəddəs Hacı Qaraman torpağını ziyarət edib gəlirəm”- dediklərinin də şahidi olmuşam. Hətta bacımın baldızı Laləzargilə hərdən güzarım düşür. Hər dəfə də gedəndə Laləzar deyir ki, gecə yuxumda Hacı Qaramanı görmüşdüm. Hansı gecə Hacı Qaraman ocağı yuxuma girirsə onun səhəri sən bizə gəlirsən. Maraqlıdı -deyib təəcübünü də gizlətmiyib. Bəli insan doğma yurdun doğulduğu od-ocağın canlı parçasıdı.
Mən həmişə şuşalıları da Şuşanın havası, suyu, torpağı kimi saf dünyanın daşıyıcıları kimi təsəvvür eləmişəm. Baxmayaraq ki, mütəmadi olaraq heç bir şuşalı ilə şəxsi tanışlığım olmayıbdir. Həmişə yazılarımın işıq üzü gördüyü “Türk dünyası ağsaqqalları” qəzetində “Şuşadan boylanan xatirələrim” adlı bir yazı diqqətimi çəkdi. Şərafət Şəfanın imzası ilə işıq üzü görən bu yazıda məni təəcübə salan o oldu ki, mən biləni Şərafət xanım Şuşadan deyil. Bəs bu nə xatirələridi onda- sualı ilə yazını maraqla oxudum. Məlum oldu ki, 1977-ci ildə Şuşada dünyaya gəlmiş 1 film, 5 kitab, 40-dək layihənin müəllifi olan Anar Xəlilov adlı bir gəncə rəğmən belə bir mövzuya müraciət olunub. Iqtisad Universitetinin fərqlənmə diplomu ilə məzunu olan, hazırda magistr təhsili alan Anar Xəlilovun həm də “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri olduğu da bəlli oldu. Burada da diqqətimə bir məqam hakim kəsilir. Anarın sədri olduğu ictimai təşkilatın adı “Sağlam İnkişaf və Maarifləndirmə”..... “Sağlam” ifadəsinin özəyi barədə yenə düşündüm. Məhz sağlam ab-havası olan Şuşa torpağının övladı bu birliyə rəhbərlik edir. Yenə yuxarıdakı düşüncələrimə qayıtdım. Anar Xəlilov Şuşa torpağından özüylə götürüb gətirdiyi sağlam təbiəti, sağlam ab-havanı, saf düşüncəni Bakıda məcburi köçkünlük şəraitində yaymaqla məşğuldu. Bilir ki, sağlam düşüncənin işığında elə, o cümlədən, doğma Şuşamızın da və bütöv Qarabağımızın da.....Bu missiyanı yerinə yetirməklə həm də Anar bəlkə heç özü də fərqinə varmadan sövqtəbii bir şəkildə doğulduğu Şuşa torpağının ab-havasını, zəngin aurasını qoruyub yaşatmış olur, özünün şəxsində və bu auranı yüzlərlə-minlərlə insana bir missiya kimi ötürür. Beləcə təmsilçisi olduğu gözəl Şuşamızın həm də canlı daşıyıcısına dönür özü. Yəqin belə olmasaydı Şərafət xanım da bir publisist və şairə kimi ondan ilhamlanmazdı. O boyda qədim və zəngin ulu diyarı daim yazılarında tərənnüm edərkən, Anarın da vətənpərvərliyini önə çəkərək bir daha hər ikisinin vətən sevgisini bəyan etmiş olur bu əsərlə. Anar Xəlilovun timsalında “Şuşadan boylanan xatirələrim” tablosunu təsəvvürünə gətirə bilməzdi.
Mən sizə danışım Anar qardaşdan,
Möhkəmcə yapışıb torpaqdan, daşdan.
O, durmur, dayanmır, yaradır, qurur,
Yurduna söz qoşur, min naxış vurur.
İstəyir yurdunu, kəndini abad,
Alqışa layiqdir bu soyad, bu ad.......

Bəli, bu gün Şuşadan cismən ayrı olsa da fikri-zehni ilə, ağlı-düşüncəsi ilə, əməlləri ilə Şuşa torpağını yaşadan Anar Xəlilov kimi gənclərimiz alqışlanmağa layiqdirlər. Könül dünyamızda, ruhumuzda, varliğimizda vətəni yaşada bilən oğullarımız var olsun. Gün gəlsin bu gün Şuşasına öz mənəvi çəkisi ilə şərəf gətirib söz qoşduran Anar Xəlilovla doğma Şuşamızın özünə gedək. Ürəklərində Şuşanı gəzdirən oğulları tezliklə Şuşa torpağı da öz qoynunda əziz-xələf övladı kimi gəzdirsin!
Şakir Əlifoğlu
Filologiya üzrə fəlsəfə doktoru,
dosent, AMEA-nın elmi işçisi