BolgeXeber.Com » Dünya » Türkiyədə dağıntılar altından çıxarılan azərbaycanlı qadın danışdı

Türkiyədə dağıntılar altından çıxarılan azərbaycanlı qadın danışdı

27-10-2011, 14:30
Oxunub: 6 511 Türkiyənin Van vilayətində dağıntılar altından çıxarılan azərbaycanlı qadın bütün Türkiyənin marağına səbəb olub.

Bolgexeber.com-un Türk mətbuatına istinadən verdiyi məlumata görə, 1,5 ay əvvəl ailə quraraq Azərbaycandan Türkiyəyə köçən Vüsalə Çalışkan tibb bacısıdır. O, Azərbaycanda təhsil alan Türkiyə vətəndaşı Murat Çalışkanla tanış olub. O, Muratla evlənərək, Azərbaycanı tərk edib və Vanın Erdiş şəhərinə köçüb. 20 yaşlı Vüsalə Çalışkan Türkiyədə işləmək üçün icazəni cəmi bir neçə cün əvvəl alıbmış. O, Ercişdəki özəl xəstəxanalardan birinə iş üçün müraciət edib və qəbul olunub. Amma zəlzələyədək azərbaycanlı qadın hələ işə çıxmayıbmış.

"Hər şey 5 saniyədə baş verdi. Evimiz 6-mərtəbəli binanın 3-cü mərtəbəsində idi. Qonaqlarımız üçün miətbəxdə hazırlıq görürdüm. Təkanlar başlayanda nə qədər gücüm varsa, qaçmağa başladım. Qapıya çatanda bina uçdu. Bir anda beton yığınlarının altında qaldım. Qolumun sıxışdığını və hərəkət etdirə bilmədiyimi hiss etdim. Qışqırdım. Yaşamaq istəmirdim. Bu vaxt həyat yoldaşımın səsini eşitdim və öz-özümə "yaşamalıyam" dedim. Xilasedicilərə səsləndim", - Vüsalə başına gələnləri danışarkən deyib.

"Zəlzələdən xilas edildiyim son dəqiqəyədək huşum özümdə idi. Boşluq yerə düşmüşdüm. Rahat nəfəs ala bilirdim. Amma çox qaranlıq idi. Xliasedicilər 5 saat çalışdılar. Dedilər ki, qolumu kəsməyə məcburdurlar. Onda "Qolumu kəsməyin. Məni xilas etməyin, ölmək istəyirəm" dedim. Buna baxmayaraq, həyat yoldaşım və həkimlər qolumun kəsilməsinə qərar verdilər. O biri qolumda da sınıqlar və yaralar var. Ayağım da sınıb".

Gənc qadın təsadüfən ərinin də həyatını xilas edib. Zəlzələ baş verən zaman binanın yaxınlığında dostları ilə birlikdə olan Murat Çalışkan yaşadıqlarını belə danışıb: "Zəlzələnin səsini eşidəndə masadan qalxdım və evə doğru qaçmağa başladım. Tezliklə həyat yoldaşımın yanına çatmaq istəyirdim. Amma qorxduğum başıma gəldi, bina uçmuşdu. Səsimi eşidənədək qışqırdım. Nəhayət, tapdıq və Vüsaləni xilas etdik. Kart oynadığım dostlarımın mən çıxdıqdan sonra öldüyünü öyrəndim. Masadan qalxıb evə doğru qaçmasaydım, mən də onlarla birlikdə öləcəkdim".