BolgeXeber.Com » Dünya » Göyçay rayon icra başçısı kəndlilərin torpağını zəbt edib

Göyçay rayon icra başçısı kəndlilərin torpağını zəbt edib

18-09-2014, 10:10
Oxunub: 5 631 Sakinlərin hüquqları niyə bərpa olunmur?

Son zamanlar regionlarda kəndlilərin pay torpaqları qanunsuz zəbt edilir. Yeganə dolanışıq vasitəsi olan torpağın onların əlindən alınması kəndlilərin güzəranını daha da pisləşdirir. Bu yolla kəndlilər pay torpaqlarını əkib-becərmək imkanlarından məhrum edilirlər. Hara müraciət edirlər etsinlər, heç bir nəticəsi olmur. Anoloji durum Göyçay rayonunun Cəyirli kəndində yaşanır.

Göyçay rayonunun Cəyirli kəndi sakinləri tərəfindən "Gündəlik-Bakı"ya daxil olan şikayət məktubunda bildirilir ki, Göyçay rayon İcra başçısı Mənsur Məmmədovun və Torpaq Şöbəsinin müdiri Nofəl Fərzəliyevin qanunsuz əməlləri nəticəsində Cəyirli kənd sakinləri halal torpaq sahələrindən məhrum ediliblər: "Bununla əlaqədar Prezident Administrasiyasına qəbula gedib şikayət edəcəyimiz barədə 08.08.2014-cü il tarixdə mətbuatdakı müraciətimizdən sonra bizi qəbul edib söz verib aldatdılar. Belə ki, müraciətimizdən sonra Göyçay rayon İcra Hakimiyyətndə Ədalət müəllim bizi qəbul edib Mənsur Məmmədovun məzuniyyətdə olduğunu və gəlib tez bir zamanda məsələni həll edəcəyini, telefonla zəng edib bildirdiyini bizim nəzərimizə çatdırdı. Biz torpaqları zəbt edilmiş sakinlər də inanıb 11.08.2014-cü il tarixdə Prezident Administrasiyasına qəbula getmədik.

Ancaq icra başçısı xarici ölkədən istirahətdən qayıdan kimi bizi qəbul edib həbs etdirəcəyi ilə hədələyb "Sizin heç bir torpağınız yoxdur, torpaqların sahibi var, gedin hara istəyirsiniz şikayət edin, onsuz da şikayətlər icra olunması üçün bura göndəriləcək" dedi.

Bildiririk ki, bizim qanuni əmlak pay torpaqlarımız icra başçısının və Torpaq Şöbəsinin müdirinin saxta sənədləri ilə zəbt olunub ki, bunu təsdiq edən məhkəmə qərarlarımız var. Ancaq həmin məhkəmə qərarlarının icra edilməsinə rayon rəhbəri Mənsur Məmmədov qadağa qoyub. Deyir ki, Ali Məhkəmənin qərarı yox, mənim sözüm əsasdır.

06 sentyabr 2012-ci il tarixli Ali Məhkəmənin qərarının icrasına düz iki ildir ki, Mənsur Məmmədov icazə vermir, mane olur. Hansı ki, həmin qərarda torpağımızın zəbt olunması göstərilib və dərhal bizə qaytarılması qət edilib.

İcra başçısı Mənsur Məmmədovun qanunsuz əməlləri nəticəsində uzun illərdi halal torpaqlarımızı əkib-becərə bilmirik ki, buna görə yoxsul vəziyyətə düşmüşük, çox ağır maddi durumdayıq. Kəndlinin çörəyi torpaqdan çıxır.

Biz 29.09.2014-cü il tarixdə Prezident Administrasiyasına qəbula gedəcəyik. İnanırıq ki, bizi qəbul edib dərdimizi dinləyib, rayon rəhbərliyi tərəfindən başımıza gətirilən qanunsuzluq barədə Prezident cənab İlham Əliyevə məlumat veriləcək və bizə kömək olunacaq. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirik.

Cənab Prezident, Sizdən xahiş edirik icra başçısı Mənsur Məmmədovun və Torpaq Şöbəsinin müdiri Nofəl Fərzəliyevin saxta sənədləri ilə zəbt edilmiş qanuni pay torpaqlarımızın özümüzə qaytarılmasına köməklik edəsiniz. Biz Sizə inanırıq. Xahiş edirik bizi qəbul edin.

Qeyd edək ki, 1998- ci il tarixdə kəndlilərə əmlak pay torpaqları verilib. Bütün qanuni sənədlər var. Ancaq sonradan şikayəti göndərən kəndlilərin qanuni pay torpaqları Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin, onun qardaşı kənd icra nümayəndəsi Fərhad Nəbiyevin təşəbbüsü ilə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin sədri Nofəl Fərzəliyevin saxta sənədləri əsasında ,başqa şəxslərə satılıb. Bütün bunların başında başçı Mənsur Məmmədovun dayandığı artıq sübut olunub.

Məlumat üçün bildirək ki, 1996-cı ildə Azərbaycanda həyata keçirilən torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşib: dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar. Ölkəmizdə vahid torpaq fondunu təşkil edən 8,6 milyon hektar torpaq sahəsindən 4,9 milyon hektarı (ümumi torpaq sahələrinin 56,9 faizi) dövlət mülkiyyətində saxlanılıb. Yerdə qalan 2,0 milyon hektarı (23,5 faizi) bələdiyyə mülkiyyətinə, 1,7 milyon hektarı (19,6 faizi) isə xüsusi mülkiyyətə verilib. Torpaq islahatı nəticəsində sovet dövründən qalmış 2032 kolxoz və sovxozlar ləğv edilərək, pay torpağı şəklində əhaliyə paylanıb. İşğal altındakı rayonlar istisna olmaqla, respublikada torpaq payı almaq hüququ olan 873 min 618 ailədən 869 min 268-nə torpaq payı verilib. Bu isə 3 milyon 442 min 778 subyekt deməkdir. Hər bir subyektə verilən torpağa görə onun mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, yəni Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilib. Başqa sözlə, 1996-cı ildə həyata keçirilən torpaq islahatı zamanı ilə pay torpağı alan hər kəs bu mülkiyyətin qanuni sahibləri kimi tanınıb.

Qeyd edək ki, müraciəti kənd sakinləri Quliyev Nahid Şakir oğlu, Feyzullayev Rahim Zülfü oğlu, Quliyev Əlisəfa Bilal oğlu, Adgözəlov Vahid Arif oğlu, Feyzullayev Zülfü Abdurəhman oğlu, Adgözəlov Qurban Arif oğlu imzalayıblar.