BolgeXeber.Com » Dünya » İrandan Türkiyəyə ikinci təhdid

İrandan Türkiyəyə ikinci təhdid

12-12-2011, 09:00
Oxunub: 5 461 Hüseyn İbrahimi: «Əgər hücum olarsa, ilk olaraq Türkiyədəki raket sistemlərini hədəfə alacağıq»

İranla Türkiyə arasında qəribə bir gərginlik yaşanır. Amerikanın İrana hərbi müdaxilə edəcəyi ilə bağlı məlumatlar yayıldıqca, Tehran rəsmiləri də buna qarşılıq olaraq sərt bəyanatlar verirlər. Amma bu sırada hədəf kimi ilk olaraq Türkiyənin adını çəkirlər.

Bolgexeber.com xəbər verir ki, bir müddət əvvəl SEPAH-ın aparıcı rəsmilərindən biri bəyan etmişdi ki, əgər Amerikanın hücumuna məruz qalarlarsa, ilk olaraq Türkiyəni vuracaqlar. Bu təhdidin ardından isə dünən daha biri gəlib. Bu dəfə İran parlamentinin xarici əlaqələr və beynəlxalq təhlükəsizlik şurasının rəhbəri Hüseyn İbrahimi Ankaranı hədələyib.

O bəyan edib ki, əgər hücum olarsa, Türkiyədəki NATO bazalarını vuracaqlar. İranlı deputat bildirib ki, onlar bu işə əl atacaqları təqdirdə heç bir tərəddüd etməyəcəklər. «Şərq» qəzetinə açıqlama verən İbrahimi deyib: «Həyata keçiriləcək istənilən bir hücumda Türkiyədəki raket əleyhinə sistemləri həfədə alacağıq. Bu İranın təbii haqqıdır və birmənalı olaraq bunu həyata keçirəcək. Silahlı Qüvvətlərimizin bu sistemə qarşı əvvəlcədən hazırlanmış plan və taktikası var».

Bunun Türkiyəyə təhdid olduğu barədə verilən sualı cavablandıran iranlı deputat daha sonra deyib ki, bu sistem Türkiyə ərazisində yerləşdiyi üçün hədəfə alınıb. «Bu sistem əslində sionist rejimi qorumaq məqsədi güdür. NATO adı altında İsrail üçün çalışır. Türkiyə bu sistemləri ölkəsində qurmaqla özünə problem yaradıb. Türkiyə bunu etməməliydi».

İbrahimi daha sonra bildirib ki, hal hazırda rəhbərlik etdiyi şurada Türkiyə-İran münasibətlərini dərindən müzakirə edirlər. «İran raket əleyhinə sistemlərin Türkiyədə qurulmasının başlanğıcında bununla bağlı Ankaraya xəbərdarlıq edib. General Hacızadənin sözləri də doğrudur. Hücuma məruz qaldığımızda özümüzü müdafiə etmək təbii haqqımızdır».