BolgeXeber.Com » Dünya » Yunanlar Avropaya "yox" dedi - Referendum

Yunanlar Avropaya "yox" dedi - Referendum

6-07-2015, 10:43
Oxunub: 4 664 Yunanlar Avropaya "yox" dedi - ReferendumYunanıstanda bazar günü keçirilən referendumdan sonra səslərin 100 faizi sayılıb və səsvermədə iştirak edənlərin 61 faizdən çoxu beynəlxalq kreditorların təqdim etdiyi iqtisadi qənaət proqramına “yox” deyib

Virtualaz.org saytı xəbər verir ki, Yunanıstan referendumunun nəticəsi açıqlanandan sonra Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Avropa İttifaqı ölkələrinin fövqəladə sammitini çağırıb.

Sammitdə Yunanıstanın avrozonada qalıb-qalmaması məsələsi həll olunacaq.

Bundan əvvəl Almaniya hökumətindəki mənbələr bildirmişdi ki, Yunanıstanda referendumdan “yox” cavabının çıxması bu ölkənin avrozonadan atılması ilə nəticələnəcək və nə qədər ki baş nazir Aleksis Tsipras hakimiyyətdədir, bu ölkəyə bir sent də yardım verilməyəcək.


Lakin Brüsseldəki mənbələr bildiriblər ki, Yunanıstandakı referendumun nəticələri bu ölkənin avtomatik olaraq avrozonadan atılması mənasını vermir. Çünki hansısa ölkənin avrozonadan çıxarılmasına dair leqal prosedur belə yoxdur. Bu baxımdan vəziyyətin sonrakı inkişafını ancaq danışıqlar müəyyən edəcək.

Yunanıstan hökuməti isə referendumda dəstək qazandıqdan dərhal sonra beynəlxalq kreditorlarla danışıqları bərpa etməyə hazır olduğunu bildirir.

Afinadakı mənbələr xəbər verir ki, elə bu gün Yunanıstan hökumətinin nümayəndə heyəti ölkənin borc probleminə dair kreditorlarla danışıqlar aparmaq üçün Brüsselə göndəriləcək.
BOLGEXEBER.COM

Lakin beynəlxalq kreditorların yunan nümayəndə heyəti ilə danışıqlara hazır olub-olmadığı hələ məlum deyil. Yunanıstan baş naziri hesab edir ki, beynəlxalq kreditorlar ölkənin 323 milyard avro borcunun bir hissəsini silməli və sərt iqtisadi qənaət tədbirlərinə dair tələblərini geri çəkib borc verməyi davam etdirməlidir.

Lakin beynəlxalq kreditorlar üçlüyü-Avropa İttifaqı, Avropa Mərkəzi Bankı və Beynəxalq Valyuta Fondu Yunanıstanın sərt qənaət tədbirləri həyata keçirməyəcəyi halda bu ölkəyə kredit verilməyəcəyini bildirir.

Yunanıstandakı referendumun ilkin nəticələrinin açıqlanmasından dərhal sonra Almaniya kansleri ilə Fransa prezidenti arasında telefon danışıqları olub. Merkel və Olland sabah - iyulun 7-də Avropa İttifaqının (Aİ) fövqəladə sammitini çağırmağı qərara alıblar.

Brüsseldəki mənbələr isə deyiblər ki, Yunanıstandakı vəziyyət avroqrup ölkələrinin maliyyə nazirlərinin təcili iclasında müzakirə olunacaq, daha sonra məsələnin Aİ sammitinə çıxarılacağı gözlənilir. Fövqəladə sammitin tarixini Avropa şurasının sədri Donald Tusk müəyyən edəcək.


Məlumatlara görə, kansler Merkelin yunan baş naziri görməyə gözü yoxdur və Yunanıstanın avrozonadan qovulmasında israr edir. Fransua Olland isə daha yumşaq mövqdədir və Afina ilə danışıqların davam etdirilməsinə tərəfdardır.

Fransanın iqtisadiyyat naziri Emmanuel Makron deyib ki, referendumun nəticələrinə baxmayaraq danışıqları davam etdirmək lazımdır. Çünki bu danışıqlardan təkcə Yunanıstanın deyil, bütün avro zonasının taleyi asılıdır.

Ekspertlər gözləyirlər ki, bu gün Avropa birjaları açılan kimi Yunanıstandakı səsvermənin nəticələrinin təsiri altında indekslər aşağı düşəcək. Habelə Rusiyada birja indekslərinin və rublun kursunun aşağı düşməsini gözləyirlər. Avronun da dollara nisbətən zəifləyəcəyi gözlənilir.