BolgeXeber.Com » Dünya » Rusiyanın itirdiyi böyük demokrat

Rusiyanın itirdiyi böyük demokrat

9-10-2015, 16:39
Oxunub: 2 697 Rusiyanın itirdiyi böyük demokratYeltsinin dostu – Putinin düşməni olan Nemtsovun bu gün 56 yaşı tamam olacaqdı

Bu il fevralın 28-də qətlə yetirilən Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov prezident Putinin ən sərt tənqidçilərindən olub. Onun qətlinin səbəbi kimi məhz bu faktı göstərənlər də az deyil. Putin əlehdarları Nemtsovun qətlini özləri üçün sərt xəbərdarlıq hesab edirdi.

Yeltsinin varisi

Xarizmatikliyi ilə seçilən Boris Nemtsov Rusiya müxalifətinin unikal fiquru idi. 25 illik siyasi karyerası dövründə məmurdan müxalifət liderliyinə qədər siyasi yol keçib. Əyalət şəhərinin qubernatoru postundan federal hökumətdə baş nazirin birinci müavini vəzifəsinə yüksəlib. Hansısa məqamda onu hətta Yeltsinin varisi kimi də görürdülər.

Nemtsov Rusiyada "islahatçılar” adlandırılan siyasətçilər qrupuna aid idi. Demokratik dəyərlərin və bazar iqtisadiyyatının tərəfdarı olan mərhum siyasətçi Rusiyanın kapitalizmə keçidində ciddi rol oynayıb. Ancaq Nemtsov və təcəssüm etdiyi siyasət Qərbdə alqışlansa da, Rusiyada ona nifrət edənlərin də sayı az deyildi. Bunlar əsasən Sovet Ittifaqı dağılandan sonra özlərinə arzuladıqları həyatı qura bilməyənlər idi.

İslahatçı qubernator

Soçidə doğulan Boris Nemtsov yaşasaydı bu gün 56 yaşı tamam olacaqdı. Ixtisasça nüvə fiziki olan mərhum siyasətçi ötən əsrin 90-cı illərinin əvvəlindən siyasi fəallığı ilə seçilməyə başladı.

1991-ci ilin avqust qiyamı zamanı Nemtsov Boris Yeltsinə dəstək verdi. Həmin il Nijeqorodsk vilayətinin qubernatoru, 1991-1994-cü illərdə prezidentin bu vilayətdə səlahiyyətli nümayəndəsi olub.

İngilis dilini bilən və müasir texnologiyalara bələd gənc qubernator Nijeqorodsk vilayətini digər regionlar üçün nümunəyə və xarici investisiya obyektinə çevirə bildi.

Əgər 1991-ci ildə onu qubernator vəzifəsinə o dövrdə Rusiya prezidenti olan Boris Yeltsin təyin etmişdisə, 1995-ci ildə Nemtsov seçicilərin 58,9%-nin səsini qazanaraq seçkinin qalibi oldu.

Nemtsov Çeçenistan müharibəsini böyük faciə və Kremlin ciddi səhvi adlandırdı. Qorki şəhərində Çeçenistanda ölən gənclərin dəfnini təşkil edən Nemtsov bununla Yeltsinin qəzəbinə səbəb oldu. Lakin bununla belə o Yeltsin komandasında təmsil olundu.

Putini dəstəkləməklə yol verdiyi səhv

1997-ci ildə Boris Nemtsov Rusiya baş nazirinin birinci müavini vəzifəsinə təyin edilir. Həmçinin həmin ilin aprel-noyabr aylarında yanacaq və energetika naziri, daha sonra isə Rusiya təhlükəsizlik şurasının üzvü idi. 90-cı illərin sonlarında onu Yeltsinin varisi kimi görürdülər.

Hökumət üzvü olarkən o kabinet məmurundan daha çox fəal siyasətçi idi. Məmurların "mersedes”lərdən düşürdüb "volqa”ya mindirmək təklifi də məhz Nemtsova məxsus idi. Bu da onun cəmiyyətdə nüfuzunu bir qədər də artırırdı.

1997-ci ildə keçirilən sorğularda əhalinin 29%-i prezident seçkisində Nemtsova səs verməyə hazır olduqlarını deyirdi. Lakin 1998-ci ilin fevral defoltundan sonra Nemtsov hokumətdən istefa verdi. Həmin ilin sonunda "Gənc Rusiya” ictimai-siyasi hərəkatının siyasi şurasına rəhbərlik etməyə başladı. 1999-cu ildə Irina Xakamada və Sergey Kiriyenko ilə birgə "Sağ qüvvələr ittifaqı” seçki bloku ilə Duma seçkilərinə qatıldı. Dekabrda deputat seçilən Nemtsov Dövlət Dumasının sədr müavini oldu. Həmin ildə o Yeltsinin varisi kimi Vladimir Putini dəstəkləsə də, sonradan bu addımın səhv olduğunu etiraf edib.

2003 və 2007-ci il parlament seçkilərində Nemtsovun təmsil olunduğu blok 5 faizlik baryeri keçə bilmədi. 2008-ci ildə "Sağ qüvvələr ittifaqı”ndan ayrılan Nemtsov "Həmrəylik” hərəkatını yaradır və Soçi merliyinə namizədliyini irəli sürür. Lakin 13,6% səs toplayan siyasətçi məğlub olub.

2010-cu ilin dekabrında Vladimir Rıjkov və Mixail Kasyanovla Xalq Azadlıqı Partiyasına (PARNAS) rəhbərlik edir. Lakin partiyanın qeydiyyata almaqdan imtina etdilər və 2012-ci ilin iyununda o Rıjkovun rəhbərlik etdiyi Rusiya Respublikaçı Partiyası (RPR) ilə birləşdi. Nemtsov PRP-PARNAS-ın həmsədri, 2013-cü ildə isə birliyin Yaroslav Dumasına seçilən yeganə üzvü oldu.

Son illərdə Boris Nemtsov ümumi adı "Putin. Yekunlar” olan bir neçə hesabatın həmmüəllifi idi. Hesabatda ölkədəki sistem və prezident Putin kəskin tənqid edilirdi. Nemtsov 2000-2010-cu illərdə Moskvada keçirilən bir çox etiraz aksiyaların təşəbbüskarı və təşkilatçı olub.

Kremlin nifrət etdiyi şəxs

Vladimir Putin hakimiyyətə gələndən sonra Nemtsov hakimiyyətin sevmədiyi şəxslərdən birinə çevrilmişdi. Əvvəl onun partiyası dağıdıldı. Daha sonra ciddi təzyiqlərə məruz qalan Nemtsovun ictimai diqqətdən yayındırılmasına cəhdlər edildi. Artıq müxalif siyasətçi televiziyada, dövlət KIV-lərində getdikcə az-az görünürdü. Onun Rusiyadakı korrupsiya ilə bağlı araşdırmaları isə mətbuat səhifələrinə buraxılmırdı.

Kreml tərəfdarları rusiyalıların Nemtsov kimi siyasətçilərə marağın itdiyini iddia edirdi. Hakimiyyətin tənqidçiləri isə fərqli fikirdədir. Onlar hesab edir ki, Putin müxalifəti susdurmaq, onu marginallaşdırmaq üçün mümkün olar hər şeyi edirdi.

Təyin etdiyi etiraz aksiyası xatirə marşına çevrildi

Putinin kəskin tənqidçisi kimi Nemtsov onu Ukrayna böhranının baş qaldırmasında, ölkə iqtisadiyyatının böhrana yuvarlanmasında ittiham edirdi.

Müxalifətçi lider doğma şəhəri Soçidə keçirilən 2014-cü il Qış Olimpiya Oyunlarına hazırlıq zamanı yol verilən korrupsiyanı da ifşa etməklə məşğul idi.

Kütləvi aksiyaların təşkilində əhəmiyyətli rol oynayan Nemtsov dəfələrlə etiraz aksiyaları zamanı saxlanılıb. 2011-ci ilin sonlarında Nemtsov etiraz aksiyasında iştiraka görə 15 sutkalıq həbs cəzasına məhkum edilmişdi.

Protest hərəkatının liderlərindən olan Nemtsov heç də həmişə müxalifətdəki həmkarları ilə dil tapa bilmirdi.

2011-ci ilin dekabr ayında internetdə Nemtsovun müxalifət mitinqlərinin iştirakçılarının bəzilərini "internet siçanları” və "qorxaq pinqvinlər” adlandırdığını əks etdirən video yayıldı.

Nemtsov 2015-ci ilin martın 1-ə təyin edilən antimüharibə və antiböhran xarakterli "Vesna” marşından 2 gün əvvəl Moskvanın mərkəzində qətlə yetirilib. Onun təyin etdiyi aksiya isə özünün xatirə marşına çevrildi.azadlıq.info