BolgeXeber.Com » Dünya » Dünyanın ordusu olmayan 21 dövləti – Siyahı

Dünyanın ordusu olmayan 21 dövləti – Siyahı

1-08-2016, 17:09
Oxunub: 3 104 Dünyanın ordusu olmayan 21 dövləti – SiyahıMikroneziyanın Federativ Ştatlarında silahlı qüvvələr mövcud deyil

Bu gün dünyanın əksər ölkələrinin silahlı qüvvələri, orduları mövcuddur

Hətta indi dünya ölkələrini ordusuz təsəvvür etmək belə mümkün olmur. Çünki ordu hər bir dövlətin müdafiəsini təmin edən əsas və vacib institutlardan biridir. Ordusu olmayan bəzi ölkələr isə digər müttəfiq dövlətlərlə özünün müdafiə olunması barədə sazişlər imzalayıb.

Ancaq bu gün dünyada elə ölkələr də var ki, onların ümumiyyətlə ordusu mövcud deyil.

Tia.az həmin ölkələrin siyahısını təqdim edir:

1. Andorra

Andorra daimi silahlı qüvvələrə malik deyil. Bu ölkənin müdafiəsinin təmin olunması üçün məsuliyyəti Fransa və İspaniya daşıyır.

2. Kosta-Rika

Bu ölkənin 1949-cu ildə konstitusiyasına edilən dəyişikliklə Kosta-Rikada silahlı qüvvələr ləğv edilib. Hazırda isə bu ölkənin müdafiəsini “Vətəndaş qvardiyası” təmin edir.

3. Qrenada

Bu ölkədə ordunu Kral polis gücləri və sahil mühafizəsi xidməti əvəz edir.

4. Haiti

Haiti ordusu ABŞ-ın hərbi müdaxiləsi nəticəsində dağıdılıb. Bundan sonra isə ölkədə “milli polis qüvvələri” yaradılıb.

5. İslandiya

İslandiyada daimi silahlı qüvvələr mövcud deyil. Bu ölkədə yeganə silahlı qüvvə ərazi sularında patrul çəkən sahil mühafizəsi xidməti sayılır.

6. Kiribati

Bu ölkədə də daimi silahlı qüvvə yoxdur.

7. Lixtenşteyn

Lixtenşteyn dövləti 1868-ci ildən bəri silahlı qüvvələrdən imtina edib.

8. Marşal adaları

Marşal adaları dövlətinin təhlükəsizliyi və ölkənin müdafiəsi üçün bütün məsuliyyəti ABŞ dövləti daşıyır.

9. Mikroneziyanın Federativ Ştatları

Mikroneziyanın Federativ Ştatlarında silahlı qüvvələr mövcud deyil.

10. Mavriki adaları

Mavriki adaları təqribən 20 minlik Fövqəladə Hallar Xidmətindən savayı, heç bir silahlı qüvvəyə malik deyil.

11. Monako

Deyilənə görə, Monako ordusu cəmi 82 nəfərdən ibarətdir ki, onların da hər biri hərbi orkestrə cəlb edilib.

12. Nauru adaları

Bu ada dövlətinin təhlükəsizliyinin təmin olunması işini Avstraliya hökuməti həyata keçirir.

13. Palau dövləti

Sakit okeanın şimalında yerləşən və 328 adadan ibarət olan bu dövlətin heç bir silahlı qüvvəsi yoxdur.

14. Panama Respublikası

Mərkəzi Amerika ölkəsi olan Panama Respublikasında da Silahlı Qüvvələr mövcud deyil.

15. Solomon adaları

Solomon adaları və ya Süleyman adaları Sakit okeanda yerləşən arxipelaq və dövlətdir. Melaneziyanın tərkib hissəsi olan bu ada dövləti silahlı qüvvəyə malik deyil.

16. Sent-Lüsiya

1502-ci ilin 13 dekabrda Xristofor Kolumb tərəfindən kəşf edilən Sent-Lüsiya dövləti birləşmiş orduya sahib deyil.
BMT-nin üzvü olan Sent-Lüsiyanın dövlət başçısı Böyük Britaniyanın kraliçası II Yelizavetadır. Onu ölkədə kraliça tərəfindən təyin edilən general-qubernator təmsil edir.
Ölkədə kral polis hissələrindən başqa, xüsusi güclərin bölmələri və sahil mühafizə xidməti vardır.

17. Seynt Vinsent və Qrenadin

Seynt Vinsent və Qrenadin Karib dənizində yerləşən və BMT-yə üzv olan müstəqil dövlətdir. Ərazisi Kiçik Antil adaları arxipelaqında yerləşən Sen-Vinsent adası və 32 kiçik adadan ibarət Qrenadina adalar qrupundan ibarətdir.
Ölkədə yalnız polis və sahil mühafizəsi xidmətləri var.

18. Tuvalu

Tuvalu Sakit okeanda 9 mərcan adasından ibarət Polineziya ölkəsidir. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir.
Tuvaluda polisdən savayı, heç bir silahlı qüvvə yoxdur.

19. Vanuatu Respublikası

Sakit okeanın cənubunda yerləşən Vanuatu dövləti də polisdən savayı heç bir silahlı qüvvəyə malik deyil.

20. Vatikan

Roma katolik kilsəsinin mərkəzi olan Vatikan müstəqil şəhər dövlətinin silahlı qüvvələri yoxdur. Bu ölkənin təhlükəsizliyini İsveçrə qvardiyası və Roma Papasının jandarması təmin edir.

21. Samoa dövləti

Bu ölkənin də polisdən savayı, silahlı qüvvələri mövcud deyil. 1962-ci ildə imzalanan müqaviləyə əsasən, Samoanın təhlükəsizliyini Yeni Zelandiya hökuməti təmin edir.