BolgeXeber.Com » Dünya » Avropanın paytaxtında 50 milyon dollarlıq brilyant qarəti

Avropanın paytaxtında 50 milyon dollarlıq brilyant qarəti

21-02-2013, 09:05
Oxunub: 6 115 Naməlum silahlı qarətçilər brilyantlar və başqa daş-qaş təyyarəyə yükləyənlərə basqın ediblər. Belçika polisi 50 milyon dollarlıq brilyant və başqa qiyməti daşları 5 dəqiqənin içərisində aparmış 8 maskalı şəxsi axtarır. Pulemyotlarla silahlanmış və polis geyimində olan bu şəxslər iki avtomobildə hava limanının təhlükəsizlik hasarını yararaq İsveçrənin Helvetik hava yolları şirkətinə məxsus təyyarəyə yan alıblar. Qarətçilər bircə atəş də açmadan təyyarənin saxlancına qoyulmuş 120 bağlamanı öz maşınlarına doldurublar.

Qarətdə istifadə olunmuş mikroavtobuslardan biri az sonra hava limanından kənarda yanmış vəziyyətdə tapılıb.

Brüssel prokurorluğu bildirib ki, basqınçılar yüksək hazırlıqlı olublar, hətta təyyarənin içində olan sərnişinlər də heç nə hiss etməyiblər. Brilyantlar İsveçrənin Sürix şəhərində dilerlərə verilməli idi. Antverpen Dünya Brilyant Mərkəzinin sözçüsü Kerolayn De Volf bildirib ki, bu qarət ən böyük qlobal brilyant oğurluqlarından biridir. Antverpen dünyanın aparıcı brilyant mərkəzlərindən biridir. Dünyanın hər 10 xam brilyantından səkkizi və hər 10 cilalanmış almazından 5-i buradan keçir. Məhz bu baxımdan bazar ertəsi qarət olunmuş brilyantın dəyəri hər gün bu mərkəzdən keçən qiymətli daşların ümümi dəyərinin fövqündə o qədər də “böyük pul” deyil. Mərkəz hər gün 200 milyon dollarlıq daş-qaşı dünyanın müxtəlif nöqtələrindəki alıcılara göndərir.

ƏSRİN QARƏTİ DİŞLƏNMİŞ BUTERBRODLA AÇILIB

Lakin Brüssel aeroportunda baş vermiş oğurluq heç də qarətlərin ən böyüyü deyil. Anverpendə ən böyük qarət 2003-cü ildə baş verib. O vaxt mərkəzin özündə seyflərdən 100 milyon dollar dəyərində qiymətli daş-qaş və qızıl oğurlanmışdı. “Əsrin qarəti”ni törədən dəstə sakitcə brilyant mərkəzinə daxil olmuş və 160 seyfdən 123-nü rahatca açaraq daş-qaşı çırpışdırmışdı. Halbuki, həmin mərkəzin seyfləri infraqırmızı istilik detektorları, Doppler tipli radarlar və maqnit sahəsi də daxil olmaqla 10-qat təhlükəsizlik sipərinə malikdir.

Qarətçilərin başçısı, italyan Leonardo Notarbartolo bir neçə həftədən sonra həbs edildi. Onu hadisə yerində qoyub getdiyi yarımçıq buterbroddan götürülmüş DNT ilə aşkar etmişdilər.

BAŞQA QARƏTLƏR DƏ OLUB

Son oğurluğa gəlincə isə, Brüssel aeroportunun sözçüsü bildirib ki, qarətçilərin hasarı necə yara bilmələri sual olaraq qalır. 2000-ci ildə Britaniya polisi London Millenium Gümbəzindəki sərgidə olan 350 milyon funt sterlinq dəyərində brilyant daşları oğurlamaq istəyən dəstənin qarşısını ala bilmişdi. Onlar hasarı buldozerlə yarmaq istəyirdilər.

Bununla belə Londonun özü də brilyant qarətləri ilə məşhurdur.

2009-cu ilin avqustunda iki şıq geyinli kişi Qraf Daymondz şirkətinin Londonun mərkəzindəki mağazasına daxil olmuş və 65 milyon funt sterlinqlik brilyantı götürərək getmişdilər.
Onların dükandan apardıqları 43 zinət əşyasının arasında 272 brilyant daşla bəzədilmiş həmail da vardı. Lakin polis oğruları 2 həftədən də az müddətdə aşkar edə bildi. Qarətçi dəstənin başçısı Aman Kasaye 23 il müddətinə azadlıqdan məhrum edildi. Lakin oğurlanmış zinət əşyalarının hamısını tapmaq mümkün olmadı. Məsələn, 16 karatlıq sarı brilyant keçən il Honq Konq lombardında aşkar edilib.

BRİLYANTLAR KANALİZASİYADA

2008-ci ilin dekabrında Parisdə də böyük daş-qaş qarəti baş verib. İki sarışın qadın Harri Uinston cəvahirat mağazasına daxil olduqdan sonra onların tapança ilə silahlanmış iki kişi olduğu bilinib. Onlar mağazadan ümumi dəyəri 105 milyon dollar olan zümrüd, yaqut və brilyant aparıblar. Oğurlanan almazlardan biri “quş yumurtası” boyda olub. Sonradan əksəriyyəti serblərdən ibarət dəstə yaxalanıb. Onların oğurladıqları daş-qaş 2011-ci ildə Parisin kanalizasiya xətlərindən birində tapılıb. Ən bahalı daş-qaşın ən natəmiz yerdə tapılmasının özündə də yəqin ki, dərin bir məna olmamış deyil.
Publika.az