BolgeXeber.Com » Dünya » Litvada prezident seçkisini keçmiş bankir udub

Litvada prezident seçkisini keçmiş bankir udub

27-05-2019, 10:37
Oxunub: 3 876 Litvada prezident seçkisini keçmiş bankir udubKeçmiş bankir Gitanas Nauseda Litvada prezident seçkisini udub. 55 yaşlı Nauseda səslərin 74, onun rəqibi, Ingrida Simonyte isə 26 faizini yığıb.

Simonyte deputat və keçmiş maliyyə naziridir.

Hər iki namizədin seçki kampaniyasının özəyini seçicilərin iqtisadi bərabərsizlik və korrupsiyadan narazılığı təşkil edib.

***

Mayın 26-da Litvada prezident seçkisinin ikinci mərhələsi keçirilir.

Prezidentlik uğrunda keçmiş bankir Gitanas Nauseda ilə deputat və keçmiş maliyyə naziri Ingrida Simonyte mübarizə aparırlar.

Mayın 12-də keçirilən seçkinin birinci mərhələsində namizədlərdən heç biri lazım olan səs çoxluğunu qazana bilməmişdilər.

Qalib, 2009-cu ildən prezident olan Dali Grybauskaite-ni əvəz edəcək.

Qeyd edək ki, Rusiya ilə həmsərhəd olan Litva Avropa Birliyi və NATO-nun üzvüdür.

AzadlıqRadiosunun AP və DPA agentliklərinə istinadla vertdiyi məlumata görə, prezident seçkisi ilə yanaşı Litvada Avropa Parlamentinə də seçki keçirilir.

Hər iki namizəd Rusiya ilə münasibətlərdə kəskin kurs tərəfdarıdır və bildiriblər ki, Rusiya Ukraynanın Krım yarımadasından çıxmayınca prezident Vladimir Putinlə görüşə getməyəcəklər.

Qeyd edək ki, NATO 2014-cü ilin martında Krımın ilhaqından sonra Litva da daxil olmaqla Mərkəzi və Şərqi Avropada hərbi fəaliyyətini gücləndirib.

Həmçinin Litva ilə Rusiya arasında gərginliyin artdığı müşahidə olunur.

Litva son aylar Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən bir neçə nəfəri həbs edib.

Seçkinin birinci mərhələsində fəallıq 57 faiz olmuşdu.

Litvada prezidentin səlahiyyətləri məhduddur, amma xarici siyasətə görə o cavabdehdir və Avropa Birliyinin sammitlərində ölkəni prezident təmsil edir.

Həmçinin nazirlər, hakimlər, hərbi rəislər və mərkəzi bankın sədrini, adətən parlament və baş nazirin razılığı ilə o təyin edir.