BolgeXeber.Com » Dünya » Sarımsaq, araq, minerallar koronavirusu məhv edir? - Dünya Səhiyyə Təşkilatının rəyi açıqlandı

Sarımsaq, araq, minerallar koronavirusu məhv edir? - Dünya Səhiyyə Təşkilatının rəyi açıqlandı

9-03-2020, 11:46
Oxunub: 3 642
Koronavirusun qarşısını necə almalı? Bu suala cavab verən delitantlar Azərbaycanda olduğu kimi dünyanın hər yerində var. "BBC" koronavirusdan qorunmaq üçün təklif olunan bir neçə variantla bağlı Dünya Səhiyyə Təşkilatının fikrini öyrənib

Məlum olub ki, koronavirusun qarşısını almaq üçün sarımsaq yemək və ya donuz piyi ilə (sala) araq içmək qətiyyən çıxış yolu deyil. Sarımsaq yemək olar, araq da içmək olar, ancaq bu yolla koronavirusdan yayına biləcəyinizi düşünməyin.

Çində belə bir fakt qeydə alınıb: Qadın koronavirusdan qorxduğu üçün 1.5 kq. sarımsaq yeyib, buna baxmayaraq, virusa yoluxub. “BBC” bu faktı Çinin “The South China Morning Post” qəzetinə istinadən yazıb.

“BBC” yazır ki, Dünya Səhiyyə Təşkilatı əmindir ki, meyvə, tərəvəz, su insan sağlamlığı üçün önəmlidir. Ancaq qida vasitəsi ilə koronavirusun qarşısının alınması mümkün deyil.

“BBC” yazır ki, koronavirusa hansısa “Möcüzə mineral”ın kömək etməsi barədə deyilənlər də həqiqətə əsaslanmır. Sosial şəbəkələrdə bu kimi iddialar tez-tez səslənir. Hətta bəziləri iddia edir ki, ev şəraitində dezinfeksiya üçün məhlul əldə etmək olar və həmin məhlulun reseptlərini paylaşırlar. Ancaq müvafiq yoxlamalar göstərir ki, bu kimi məhlullar ümumi gigiyena üçün yarasa da, insanları sözügedən virusdan qorumaq gücündə deyil.

Sosial şəbəkələrdə hansısa Yaponiyalı həkimin resepti xüsusi diqqət çəkib. Guya həmin həkim deyib ki, hər 15 dəqiqədən bir su içdikdə koronavirus təhlükəsi sovuşur. Bu barədə ərəb dilində yazılmış post 250 min dəfədən artıq təkrar paylaşılıb. Bu faktın özü insanların bu məsələyə nə qədər həssas olduğunu göstərir. Ancaq Dünya Səhiyyə Təşkilatı bu iddianı da əsasız sayır. “BBC” belə yazır.

Sosial şəbəkələrdə koronavirusun qarşısını almaq üçün qaynar su içməkdən tutmuş, dondurma yeməyə qədər müxtəlif şeylər təklif olunur. Ancaq bunların heç biri bu virusun yayılmasının qarşısında əngəl deyil.

Yəni elm bunu deyir, Dünya Səhiyyə Təşkilatı da bunu deyir. Cəhalətin nə dediyini isə gördük. İranda mollalar xalqı inandırmağa çalışdı ki, müqəddəs ziyarətgahlarda daş-divarı yalayanlar koronavirusa yoluxmayacaq. Nəticə bəllidir. Hazırda 10 milyondan çox nüfuzu olan Tehran əhalisinin yarısına qədərinin bu virusa yoluxacağı ehtimal edilir...

Virusdan qorunmağın elmi yolu isə budur: Əllərinizi tez-tez və ən azı bir dəqiqə ərzində sabunla yuyun və ya dezinfeksiya edin. Adamların çox və sıx olduğu yerlərdən uzaq olun. Əllərinizi burnunuza, ağzınıza və gözlərinizə toxundurmayın. Öskürərkən ağzınızı qolunuzun bükülən yerinə tutun. İnsanlarla əl verib görüşməyin, qucaqlaşıb öpüşmək isə son dərəcə təhlükəli ola bilər.