BolgeXeber.Com » Dünya » Koronavirus pandemiyası 250 mindən çox insanın həyatına son qoyub

Koronavirus pandemiyası 250 mindən çox insanın həyatına son qoyub

5-05-2020, 10:01
Oxunub: 2 993 Son sutka ərzində dünyada koronavirus infeksiyasına 80 minədək insan yoluxub, təxminən 4 min nəfər də bu virusun qurbanı olub.

APA xəbər verir ki, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.

04 may tarixli statistikaya görə, dünyada 3 643 271 nəfər yeni növ koronavirusa yoluxub, 252 241 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 79 582 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 4096 nəfər artıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 469 911 yoluxma və 142 143 ölüm. Sutka ərzində burada yoluxanların sayı 22 408, ölənlərin sayı isə 1540 nəfər artıb.

Şimali Amerikada virusa yoluxanların ümumi sayı 1 319 037 nəfər təşkil edir, indiyədək 76 774 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət o dərəcədə də sərt deyil – 224 274 yoluxma və 11 268 ölüm faktı.

Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 572 839 yoluxma, 20 078 ölüm faktı qeydə alınıb.

Bu günədək dünyada 1 194 739 nəfər müalicə üsulu ilə virusdan xilas olub.

Ən çox yoluxanlar ABŞ-dadır – 1 212 835 nəfər. Onun ardınca İspaniya (248 301), İtaliya (211 938), Böyük Britaniya (190 584), Fransa (169 462) və Almaniya (166 152) gəlir.