BolgeXeber.Com » Dünya » “Üç universitet bitirsəm də, bazarda kartof satmağa məcburam”-Fotolar

“Üç universitet bitirsəm də, bazarda kartof satmağa məcburam”-Fotolar

19-08-2013, 17:25
Oxunub: 6 430 Sərvər Qəhrəmanlı: “Hər gecə yazıram...”
Bir tərəfdə insanların səs-küyü, arabalarını ora-bura dartan arabaçılar, satıcılar və alıcılar. Digər tərəfdə isə bütün bu səs-küydən, qaynar şəhər həyatından uzaq olub ucqar bir dağ kəndinə çəkilib yaradıcılığı ilə məşğul olmağa can atan şair. Amma nə qədər çalışsa da, insan selinə qərq olmuş səs-küyülü, tozlu-torpaqlı bazarından uzaq ola bilmir. Səbəbini isə belə izah edir: “Ehtiyac və maddi sıxıntılar məni bura gətirdi. İndi də burdan çıxa bilmirəm. Gündəlik qazandığım 15-20 manatla birtəhər ailəmi dolandırıram”.
Bura xalq arasında “vosmoy” bazarı kimi tanınan “8-ci kilometr” bazarıdır. Haqqında danışdığımız qəhrəmanımızla tanışlığımız da bu bazarda baş tutdu, özü də piştaxta arxasında.
Qəzetdən gəldiyimizi bilən ətrafdakı satıcılar yarıciddi-yarızarafat deyirlər: “Şair, bəxtin açılıb e, qəzetdən gəliblər səni çəkməyə”. Şair isə piştaxta arxasında, öz işinin başında, gah müştəriləri yola salır, gah da balaca masanın üstündə qoyduğu gündəlik dəftərçə üzərində nə isə qeydlər aparır. Yaxınlaşıb kimliyimizi və gəlişimizin məqsədini deyirik. Xoş üzlə bizi qarşılayıb yanında yer verir və bununla da söhbətə başlayırıq.
O, 1988-ci ildə balaca kənddən böyük arzularla böyük şəhərə üz tutan iki kitab müəllifi ali təhsilli Sərvər Qəhrəmanlıdır. Ancaq nə qədər çalışsa da, böyük arzularına çata bilməyən bu insanın gücü yalnız piştaxta arxasında dayanıb kartof satmağa çatır. Şairin bu haqda bir şeri də var. Gəlin öz dilindən eşidək:

Gör nə zaman gəlib, qardaş,
Əl qabardır, gözlər qan yaş.
Yurd-yuvasız, qəlbdə təlaş
Sinəsində sellər yatır,
Şair indi kartof satır...

“Bu şeir ”Dağlarda izim qaldı“ kitabımda çıxıb. Bundan sonra 2008-ci ildə ”O gül mənim ürəyimdir" kitabım çıxdı. Hər iki kitabı dost-tanışa payladım. İndi hərdən məni görəndə deyirlər, şair, daha yazmırsan? Hər dəfə də onların sualına cavab olaraq “Yazıram” deyirəm, amma növbəti kitabımı çap etdirməyə imkanım çatmır. Pulsuzluğun üzü qara olsun, pulsuzluq gətirib məni buralara çıxarıb. 1988-ci ildə Ağdərənin İmarət Qərvənd kəndindən böyük arzularla Bakıya gəldi. Amma hər şey elə gətirdi ki, o arzular elə arzu olaraq da qaldı. Sanki gözəgörünməz bir əllər bu illər ərzində bütün həyatımı alt-üst etdi. Üç universitet bitirsəm də, bazarda kartof satmağa məcburam. Heç vaxt ağlıma gəlməzdi ki, gəlib burda kartof satacam. Çünki mən bu peşəni seçməmişdim. Peşə özü məni tapdı. Bu da, görünür, həyatın yazılmamış qanunlarıdır, biz istəsək də, istəməsək də həyatın bu qanunları ilə yaşamağa məhkumuq".
Söhbətimizin bu yerində müştərilərdən biri kartof almaq üçün piştaxtaya yaxınlaşır. Şair onu yola saldıqdan sonra müştərilərin xarakteri haqda danışmağa başlayır: “ Bu alıcıların qəribə xüsusiyyəti var, onları bir az gözlədən kimi əsəbləşib çıxıb gedirlər. Başa düşmək olmur. Ancaq bir tərəfdən onları qınamıram, indi elə bir zaman gəlib ki, hamının əsəbləri tarıma çəkilib. İnsanlara söz demək olmur, o dəqiqə hirslənirlər. Bu da görünür, maddi çətinliklərlə, məişət problemləri ilə bağlıdır. Bu bazara gələnlərin də hamısı kasıblardır, varlıların burda nə işi var? Onlar öz dünyalarını yaşayırlar”. Müsahibimiz hələ uşaqlıq illərindən ədəbiyyata böyük maraq göstərdiyini desə də şeir yazmağa tələbəlik illərində başladığını söylədi: “Mən hələ orta məktəbdə oxuyanda ədəbiyyata böyük maraq göstərirdim, tələbəçilik illərində isə bu maraq daha da artdı. Meydan hərəkatı illərində Azərbaycan Dövlət Neft Akademiyasında oxuyurdum. Elə o vaxtdan da mitinqlərə qatıldım və bununla paralel azadlıq haqda, meydan haqda şeirlər yazırdım. O vaxtlar bütün tələbə yoldaşlarım mənə şair deyirdilər. Sonra tarixi proseslər elə gətirdi ki, ölkəmiz müstəqillik əldə etdi. O dövrdə bu bizim ən böyük arzumuz idi. Ona görə də sevincimizin həddi-hüdudu yox idi. O müstəqillik bizə xoşbəxt həyat vəd edirdi, amma bu olmadı”. Müsahibimizi narahat edən əsas məsələ bu gün işsizlik problemi ilə bağlıdır: “Bu gün iş tapıb normal qaydada işləmək olmur. Əgər normal iş olsaydı, gəlib burda kartof satmazdım. Bir tərəfdən də ölkədə əməkhaqqılar çox aşağıdır. Mən 10 ilə qədər baş mühəndis kimi işləmişəm, amma sonra baxdım ki, vəziyyət çox çətindir. Ailə qurandan sonra da dolanışıq daha da çətinləşdi. Ona görə də işdən çıxıb gəldim bazara kartof satmağa. Mən kartof satan şairəm də (gülür). Amma bədbin də deyiləm, inanıram ki, hər şey yaxşı olacaq. Nə vaxtsa bizim də xalqımız yaxşı yaşayacaq”.
Şairin gələcəklə bağlı arzuları da var, amma bu arzular nə müstəqillik, nə də pulla-var dövlətlə bağlı deyil: “Tələbə olanda böyük arzularım var idi. Bir gün o arzuların gerçəkləşəcəyini düşünürdüm. Ancaq çoxlarına çata bilmədim. İndi ən böyük arzum şeirlərimin hamısını kitab halında çıxarmaqdan ibarətdir. Hər gecə yazıram, gah məhəbbət haqda, gah da həyat haqda. Ancaq o yazdıqlarım kağız üzərində qalıb. Onları çap etdirməyə imkanım yoxdur. Çox istərdim elə bir imkanım olsun ki, yazdıqlarımı kitab halına salım. Başqa heç bir arzum yoxdur. Tanıdığım bəzi insanlar var ki, pul, var-dövlət hərisidirlər. Ancaq mən həmişə belə şeylərdən uzaq olmuşam, sərvət əsiri deyiləm. Çünki başa düşürəm ki, pul heç vaxt insanı xoşbəxt edə bilmir. Ümumiyyətlə mənə elə gəlir ki, heç kim mütləq şəkildə xoşbəxt deyil”. Söhbətimizin bu yerində şairin gizli məhəbbəti də üzə çıxır. Şairlər belədir də, nə qədər gizli saxlasalar da onların həmişə ikinci həyatları da olur: “Xumar Qədimovanı sevirəm. Onun həm səsinin vurğunuyam, həm də bir qadın kimi çox xoşuma gəlir. Ona bir şeir də yazmışam. Amma o şeiri deməyəcəm, nə vaxtsa qarşılaşsam özünə deyərdim”. Sonda şair yenə sazı alır, görək nə deyir:

Baxıram, gözlərimə gül kimi canan görünür,
Ol mənim sevgili-yarım dərdə dərman görünür...

Biz isə “canan” axtarışında olan şairə uğurlar diləyib yolumuza davam edirik. Qoy axtarsın, yəqin ki, bir gün axtardığını tapacaq...
musavat.com