BolgeXeber.Com » Dünya » Erməni ordusunda qadın alayı yaradılır

Erməni ordusunda qadın alayı yaradılır

30-05-2023, 13:32
Oxunub: 1 016
Ermənistanda qanunun qəbulu ilə 18 yaşdan 27 yaşa qədər olan qadınlar hərbi xidmət üçün müraciət edə bilər.

Bolgə.TV xəbər verir ki, bunu “Hərbi vəzifə və hərbi qulluqçunun statusu haqqında” və “Müdafiə haqqında” qanunlara müvafiq dəyişiklikləri təqdim edən müdafiə naziri Suren Papikyan deyib.

“Qadınlar üçün hərbi xidmət mütləq, lakin könüllülük əsasında olacaq. Təklif olunan düzəlişlərə əsasən, qadınlar üçün xidmət müddəti 6 ay olacaq, bundan sonra onlar 1 milyon dram məbləğində birdəfəlik ödəniş alacaqlar. Səhhətinə görə erkən tərxis olunarsa, bu məbləğ 6 aya bölünəcək. Onlar xidmət zamanı müəyyən maaş alacaqlar, lakin ödənişin məbləği hələ müəyyən edilməyib. Hazırda təlim keçən hərbi hissələrdən birinin tərkibində xüsusi kazarma tikilir. Burada qadın hərbçilər yerləşdiriləcək. Qadın alayının formalaşdırılması perspektivi ilə qadın batalyonu yaradılacaq, komanda heyəti də qadınlardan təyin olunacaq”, - o bildirib.

Papikyan əlavə edib ki, xidmətdən sonra qadın hərbi qulluqçularla əlaqə kəsilməyəcək:

“Onlar ehtiyata yazılacaq və lazım gələrsə, yenidən çağırıla bilər”.

Qeyd edək ki, qanunvericiliyə dəyişikliklər parlament tərəfindən qəbul olunarsa, xidmət artıq 2023-cü ildə qış çağırışı dövründə işə salına bilər.