BolgeXeber.Com » Dünya » İrina Zaretska: “Üçqat dünya çempionu olmağım mənim üçün tarixdir”

İrina Zaretska: “Üçqat dünya çempionu olmağım mənim üçün tarixdir”

31-10-2023, 14:57
Oxunub: 2 216

 Bölgə TV bildirik ki,Azərbaycan karateçisi İrina Zaretska (68 kq) bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb. Olimpiadanın gümüş mükafatçısı 2018 və 2021-ci illərdən sonra yenidən bu titula yiyələnərək, üçqat dünya çempionu olub. 27 yaşlı idmançı karyerası ərzində həmçinin iki dəfə Avropa çempionu olub, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının hərəsini iki dəfə qazanıb.

İrina Zaretska öz müsahibəsində mundialla bağlı təəssüratlarını bölüşüb.

- Ardıcıl 3-cü dəfə dünya çempionu oldunuz. Təəssüratlarınız necədir?

- Bu, mənim üçün tarixdir! Bu səviyyəyə və nəticəyə nail olduğuma görə inanılmaz dərəcədə xoşbəxtəm. Ardıcıl üç dəfə dünya çempionu olmaq təsadüfi deyil. Bu, nə qədər iş görüldüyünü və hansı nizam-intizamın olduğunu göstərir. Çünki karatedə dünya çempionatı iki ildən bir keçirilir.

- Ən çətin görüşünüz hansı oldu?

- Əlbəttə ki, ən vacib döyüşlər yarımfinal və finalda oldu. Çünki həmin mərhələlərdə artıq var gücünü ortaya qoymalı, son saniyəyə qədər döyüşməlisən.

- Son vaxtlar karatedə maliyyə problemləri yaşanır. Yığmanın 18 nəfərlə qatıldığı mundialda cəmi bir qızıl medal qazanmasını bununla əlaqələndirmək olar?

- Səbəb təkcə maliyyə problemi deyil, həmçinin komandanın idarə olunmasıdır. Təəssüf ki, bu il nədənsə bununla bağlı problem yaşayırıq.

- Karateyə başlayanda üç dəfə dünya çempionu olacağınızı xəyal edirdiniz?

- Karateyə yeni başlayanda hətta normal danışa bilmirdim. Ancaq nə qədər irəli getsəniz, iştahanız bir o qədər artır. Mən həmişə ən yaxşı olmaq istəmişəm.

- Karate yalnız Tokio-2020-də olimpiadanın proqramına salındı və gümüş medal qazandınız. Karatenin olimpiya idman növü sayılmaması sizi üzmür?

- Karate ilə bağlı çox planlarım var. Bu idman növünün yaxın gələcəkdə olimpiadanın proqramına salınmaması məni çox təəssüfləndirir və incidir. Axı bizim böyük rəqabət içində olan möhtəşəm, kütləvi idman növümüz var. Fikrimcə, hətta olimpiya proqramındakı idman növlərindən də çox rəqabət hökm sürür. Buna baxmayaraq, Avropa, dünya səviyyəli yarışlar, İslam Həmrəyliyi Oyunları keçirilir. Yəni, biz varıq. Azərbaycan dünyanın ən güclü 10 karate ölkəsi sırasında yer alır. Hesab edirəm ki, qarşıda duran vəzifələrdən biri ölkəmizdə karateni daha da inkişaf etdirməkdir. Təsadüfi deyil ki, karatenin yer aldığı ilk olimpiadada iki gümüş medal qazandıq. Səhv etmirəmsə, bu, həmin vaxt olimpiadanın ən yaxşı nəticələrindən biri idi.