İran Ermənistanı necə görmək istəyir?
22-05-2025, 14:44
Oxunub: 1 384
Sünikdə tikilən avtomobil yolu gediş vaxtını 1 saat 20 dəqiqədən 20 dəqiqəyə endirəcək, eni isə 6 metrdən 17 metrə yüksələcək ki, bu da hər iki ölkə üçün sərfəlidir.
Bolgə.tv xəbər verir ki, bunu mayın 22-də Sünik bölgəsində İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.
Onun sözlərinə görə, bu, qəza riskini azaldacaq və yükdaşımaların həcmini artıracaq.
"Bundan hər iki ölkə faydalanacaq. İranın istədiyi Ermənistanın inkişafı və çiçəklənməsidir", - Sobhani əmin edib.
“Meğri Azad İqtisadi Zonasının tam fəaliyyət göstərməsinə nə mane olur” sualına səfir belə cavab verib:
"Təbii ki, iqtisadi infrastruktur hazır olmalıdır. İran tərəfində bizim fəaliyyət göstərən azad iqtisadi zonamız var. Bu tərəfdən də İrəvanda azad iqtisadi zona fəaliyyətə başlasa, bu, iqtisadi inkişaf üçün stimul olacaq”.
İran şirkətlərinin Ermənistandakı fəaliyyətindən danışan səfir qeyd edib ki, 300-ə yaxın İran şirkəti artıq ER-də qeydiyyatdan keçib və fəaliyyət göstərir.
"Onlar müxtəlif sahələrdə işləyirlər. Hazırda Armavir şəhərində İranın polad zavodu var. Bizim Ermənistanda fəaliyyət göstərən, iqtisadiyyatın və ticarətin inkişafına töhfə verən başqa sektorlarda da şirkətlərimiz var. İrəvanda 109 pavilyondan ibarət ticarət mərkəzi var. Həmçinin bağlanmış müqavilələr var, onlar haqqında sonra eşidəcəksiniz", - deyə o yekunlaşdırıb