Ankaradan Bakı və İrəvana müraciət
23-05-2025, 09:06
Oxunub: 1 248
Türkiyə İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması üçün lazım olan şərtlərin təmin olunmasını gözləyir.
Bolgə.tv xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Şurasının bəyanatında deyilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə cümə axşamı Şuranın iclası keçirilib.
“Görüş iştirakçıları Azərbaycan və Ermənistanın sülh müqaviləsi layihəsi üzrə konsensus əldə etməsindən məmnunluq ifadə ediblər və yekun sülhün bərqərar olması üçün zəruri olan şərtlərin təmin edilməsini gözlədiklərini, nəticələrinin regionda bütün tərəflər üçün faydalı olacağını bir daha bəyan ediblər”, - sənəddə deyilir.
Martın 13-də məlum olub ki, Bakı və İrəvan sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar. Tərəflərin razılaşa bildiyi son iki məqam ümumi sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə bağlı idi.
Mayın 20-də Azərbaycan prezidenti İlham Əliyev Ermənistan tərəfinin Bakının sülh sazişi ilə bağlı şərtlərini qəbul edəcəyinə ümid etdiyini bildirib. Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Bakı İrəvandan ATƏT-in Minsk Qrupunun buraxılması prosesinə başlamağı, həmçinin Ermənistan Konstitusiyasına dəyişiklik etməyi tələb edir