BolgeXeber.Com » Gündəm » Şərif Əsədullayev oğlu ilə bağlı deyilənləri təkzib etdi

Şərif Əsədullayev oğlu ilə bağlı deyilənləri təkzib etdi

12-05-2014, 19:30
Oxunub: 5 362 “Bunlar hamısı məni və ətrafımı gözdən salmaqdan ötrü ortaya atılmış bir oyundur”.

Bu sözləri “Axar.az”a açıqlamasında İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Şərif Əsədullayev deyib.

O, mətbuatda yayılan informasiyanın həqiqəti əks etdirmədiyini bildirib: “Əvvəla qeyd edim ki, KİV-də yayılan bu informasiya həqiqəti əks etdirmir. Ola bilər ki, bu, məni istəməyən insanlar tərəfindən mətbuata ötürülüb.

Çünki mən bu yaxınlarda yüksək vəzifəyə təyinat almışam və hazırda həmin işin icrası ilə məşğulam. Oğlumun polis tərəfindən saxlanılması hadisəsi mayın 2-də olub. Üstündən 10 gün keçibsə və bu hadisənin olması ilə bağlı hər hansı bir fakt yoxdursa, sonradan belə hazırlanmış şəkildə mətbuata ötürülməsi dediklərimi təsdiqləyir. Mənim oğlum iki dəfə həcc ziyarətində olub, içki içən insan deyil. Təbii ki, içki içmirsə, demək, digər xoşagəlməz hallardan da uzaqdır. Sadəcə, axşam evə gələrkən maşını lazım olmayan yerdə saxladığına görə ona irad bildirilib. Əvəzində isə maşın yerindən götürülüb.

Burada polisin xəsarət alması, hansısa qızın təhqir edilməsi dezinformasiyadır və mənə qarşı kimlərinsə qərəzli mövqeyinin nəticəsidir. Bu informasiyanın işiqlandırılmasında da mən mətbuatı qınamıram. Mətbuatın işi alınan informasiyanı çatdırmaqdır. Çox yaxşı olardı ki, bu fikir yayınlanmamışdan öncə mənim və ya oğlumun fikri dəqiqləşdirilərdi. Təkrar mənə zəng etdiyinizə görə də təşkkür edirəm. Bir daha qeyd edirəm ki, bunlar hamısı mən və mənim ətrafımı gözdən salmaqdan ötrü ortaya atılmış bir şeydir”.

Ş.Əsədullayev DİN-ə çağırılması haqqında yayılan informasiyanın da doğru olmadığını qeyd edib: “Bayaq sizin saytınızda mənim bu məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə çağırıldığım haqqında informasiya yerləşdirilmişdi. Məlumat üçün deyim ki, mən DİN-də çalışıram və Baş İdarə rəisiyəm. Hər gün DİN-də oluram. Belə bir faktın olmadığı halda mənim ora çağırılmağım və bununla bağlı hər hansı təhqiqatın aparılması absurddur. Yenə deyirəm ki, bu kimlərsə tərəfindən qəsdən mətbuata ötürülmüş qərəzli informasiyadır”.

Qeyd edək ki, az öncə saytlarda İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi polkovnik Şərif Əsədullayevin oğlunun polis bölməsinin əməkdaşlarına qarşı güc tətbiq etdiyi və polisləri ölümcül halda döydüyü barədə xəbər dərc olunub.