BolgeXeber.Com » Gündəm » Maliyyə Nazirliyi 324 mln manatı hara xərcləyib?

Maliyyə Nazirliyi 324 mln manatı hara xərcləyib?

14-05-2014, 19:55
Oxunub: 3 349 «Bir ildə əmanətlərin qaytarılması üçün nəzərdə tutulan vəsaitin üçdə birinin necə xərcləndiyi izah olunmalıdır»

Maliyyə Nazirliyi 2013-cü il dövlət büdcəsinin icrasına dair hesabatını açıqlayıb. Diqqət çəkən məqamlar arasında keçmiş Azərbaycan SSR Əmanət Bankında batmış əmanətlərin qaytarılmasına 2013-ci ildə kifayət qədər böyük həcmdə vəsaitin ayrılması (324 milyon manat) da yer alıb. Məlumdur ki, əmanətlərin əsas hissəsi 2012-ci ildə ödənilib. Növbəti ildə yalnız sənədləri araşdırılanlara ödəmələr aparılmışdı.

Rəsmilər əmanətlərin qaytarılması üçün ümumilikdə 1 milyard manatın lazım olduğunu bildirirdi.

Ekspertlər isə əmanətlərin qaytarılması üçün 500 mln manatın yetərli olduğunu deyirdi. Hətta rəsmi məlumata inanıb əmanətlərin qaytarılması üçün 1 mlrd manatın tələb olunduğunu nəzərə alsaq, yalnız sənədləri qaydasında olmayan şəxslərə bir ildə 324 milyon manatın ödənildiyini real görsənmir.



Ekspertlər hökumətin bu rəqəmlə bağlı açıqlama verməli olduğunu deyir. Çünki bir ildə əmanətlərin qaytarılması üçün nəzərdə tutulan vəsaitin üçdə birinin necə xərcləndiyi izah olunmalıdır: «Çox güman ki, hökumət tərəfindən açıqlamalar olsa, bunu qaçqın və məcburi köçkünlərin sənədlərinin itirilməsi və həmin insanların sənədlərinin yenidən yoxlanılması ilə izah etməyə çalışacaqlar. Amma hər halda bunu şəffaf şəkildə etməlidirlər. Bir ildə ayrılan vəsaitin belə çox olmasının izahı olmalıdır. Əks halda bu suallar doğurur ki, bu vəsaitlər həmin ad altında müəyyən mexanizmlər vasitəsilə büdcədən oğurlana bilərdi. Yəni bunun qarşısını almaq, bu fikirləri dağıtmaq üçün hökumət mütləq çox aydın bir açıqlama verməlidir. Çünki bu çox ciddi rəqəmdir».