BolgeXeber.Com » Gündəm » Oğlu öldürülən atadan hökumətə ürəkdağlayan müraciət

Oğlu öldürülən atadan hökumətə ürəkdağlayan müraciət

15-05-2014, 14:10
Oxunub: 4 364 “Qarşınızda diz çöküb yalvarıram”

Oğlunun ölmünün araşdırılmasını tələb edən 79 yaşlı Əli Hüseynov növbəti dəfə prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya, baş prokuror Zakir Qaralova, Hüquq Mühafızə Orqanları ilə İş şöbəsinin müdiri Fuad Ələsgərova, daxili işlər naziri Ramil Usubova, Milli Məclisin sədri cənab Oktay Əsədova, Apelyasiya Məhkəməsinin sədri
İman Nağıyevə, millət vəkili Aqil Abbasa müraciət edib.

Müraciətinin bir nüsxəsini redaksiyamıza ünvanlayan Ə.Hüseynov yazır: “Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun, müstəntiq Elşən Məmmədovun, ekspert Zahir Hüseynovun, Əflatun Qasımovun bədnam qərarlarından şikayətçiyəm. Polislər oğlumu gözüm önündə vurub öldürdülər. Əlaqədar qurumlar bu cinayəti açıq-aşkar gizlətdilər. Respublikanın nüfuzlu məmurlarına müraciətlərim isə nəticəsiz qaldı. Mən canlı şahidi və əlimdə tibbi sənəd, kimsə dinləmir. Mən daha dözə bilmirəm, məcburam ki, seçdiyim Prezidentimin sarayı qarşısında ya özümə qəsd edim, ya da ki, bizə düşmən dövlətə müraciət edim. Çünki 3 ildən artıqdır hər ay Prezident sarayı ilə Baş Prokurorluq arasında mənasız sürünürəm!

Cənab Prezident!

Hörmətli cənablar!

Sizə təkrarən müraciət edərək bildirirəm ki, oğlumla işdən evə gələrkən yol polisləri Az 10 YP 773 saylı maşında xidmət edənlər Ələkbərov Vüqar Çingiz oğlu və Ağayev Azər Əziz oğlu 28.12.2010-cu ildə Binəqədi rayonu ərazisində, Bakı şəhərinin 9-cu kilometrliyində oğlum Elşən Hüseynlinin maşınını əsassız olaraq saxladilar və mübahisə zəminində vurub öldürdülər. Oğlum polis maşınının qabaq qapısı önündə arxası üstə yıxılmışdı. Sifətində burunun çuxur yerində çapıq və gicgahında zədə var idi. Elə həmin gün ərizəmlə Binəqədi rayon prokurorluğuna bildirdim ki, oğlumu yol polisləri gözüm önündə vurub öldürdülər. Lakin prokrorluq tərəfindən heç bir tədbir görülmədi. Nə cinayət işi açıldı, nə polis maşını saxlanıldı, nə də polislər sorğuya alındı. “Sübutların qorunması, tədqiqatı və toplanılması” üçün heç bir hərəkətlər yerinə yetirilmədi. Prokrorluq həmin an hadisə yerində olmalı və isti izlərlə təhqiqat aparmalı idi, aparmadılar! Ekspert Zahir Hüseynov baxış zamanı bildirdi ki, bu çapıq və zədə təzədir, küt alətlə vurulub. Bu zərbədən beyinə gedən damarlarda tromb alınıb və bunun nəticəsidir ki, qəfıl zərbədən alınmış çapıqda qanaxma olmayıb. Demək, tıxanmış damar nəticəsində ürək çatışmazlığı baş verib. Lakin ertəsi gün prokuror M.Seyidovun təsiri ilə bu faktı açıq-aşkar gizlətdilər.

Z.Hüseynovun və Ş.Musayevin rəhbərliyi altında, guya oğlum xəstə imiş. İşemiya xəstəliyi nəticəsində dünyasını dəyişib. Xeyir: Oğlum tam sağlam olub. O, işlədiyi ABŞ səfirliyinin xətti ilə hadisədən iki ay öncə tam tibbi müayinədən keçmişdi. Onun sağlamlığmda heç bir patologiya aşkar olunmamışdı. Əgər xəstə olsaydı, onu səfirlikdə işə götürməzidlər. Respublika Pataloji Anatomiya birliyinin direktoru Şakir Musayev cənabları: Axı siz alimsiniz, siz çox yaxşı bilirsiniz, işemiya nə vaxt və nə zaman baş verir. Xatırladıram: İşemiya atreskleroz, ürəyin tac damar çatışmazlığı, miokard infarktı, hipertoniya xəstəliyi və. s bu kimi ürək qüsurlarından sonra işemiya baş verə bilər. Bu qəfil zərbədən alınıb.
Sağlam adamın kənar müdaxilə olmadan işemiya keçirtməsinə hələ tibb tarixində rast olunmayıb. Cənab Musavev, siz Hippokrat andını niyə unutdunuz? Niyə belə haqsızlıq etdiniz! Oğlumun ölümünün polislərlə səbəbli əlaqəsi olub-olmaması isə araşdırılmadı. Oğlumun sifətində ki, çapıq və zədənin necə törənməsi açıqlanmadı. İndi də açıqlamaq istəmədilər. Müstəntiq E.Məmmədov hadisə yerinə baxış keçirmədən və dəfələrlə Hippokrat andına naxələf çıxan ekspert Z.Hüseynovun saxta rəyindəkı ifadələrdən istifadə edərək ilkin baxış protokolunda bizim tələblərimizlə 15 gündən sonra yazıb verdi. Müstəntıqin bu qanun pozuntusunu hakimlər nəzərə almadılar və mənim əsaslı dəlillərimə də əhəmiyyət vermədilər. Binəqədi rayon məhkəməsində ədalətli məhkəmə araşdırılmasının tələbləri kobud şəkildə pozuldu. İbtidai istintaq orqanının yol verdiyi nöqsan məhkəmə araşdırmasına təsir edib. İlkin araşdırma mərhələsinin düzgün aparılmaması ədalətli məhkəmə araşdırılmasına çatımlılıq prinsipini pozubdur. Bu şübhəli ölümlə bağlı sübutların isti izlərlə toplanmaması ən əsas qanun pozuntusudur.

Bu səbəbdən məhkəmə sübutları tam toplamadan işə düzgün qiymət verməyiblər. Olmayan şahidlərin və polislərin biri-birinə ziddiyyətli ifadələri nəzərə alınmayıb. Bu natamam iş əlaqədar qurumları görəsən niyə maraqlandırmır? Ə.Qasımov bədnam qərarında oğlumun burunüstü çapığı öz fərziyyəsi ilə yazır. Bu çapıq müxtəlif şəraitdə əmələ gələ bilər. Yəni yıxılaraq hər hansı bir küt əşyaya dəyməklə alına bilər? Hörmətli cənablar: Bu əsassız fərziyyə deyilmi? Qasımov bu fərziyyəsini və olmayan şahidlərin ifadəsini əsaslı sayır. Mən canlı şahidin gördüklərini fərziyyə və əsassız hesab edir. Mən gördüm ki, oğlum polis maşınının qapısından içəri əyildi, çox keçmədi ki, qəfılətən arxaya getdi. Qasımov bədnam qərarında göstərir. Polislər maşını Bakı şəhərinin 9-cü km-də “Murad” marketinin yanında saxlayıblar. Bəli, orada saxladılar. Cinayət də orada baş verdi. Bəs nə səbəbdən Qasımov qərar verəndə hadisəni 11-ci km-də baş verdiyini göstərir?. Demək, bu polislərin cinayətini gizlətməkdir. Axı 9-cu km onlara aiddir! Hakimin bu qanun pozuntusunu nə baş prokurorluqda, nə də DİN-də nəzərə alan yoxdur. Onların mənə və mətbuata əsassız biganə cavabları bir nüfuzlu qanun idarəsinə ləkə gətırən cavab deyilmi?”

Ə.Hüseynov oğlunun ölümündən əvvəl müayinədən keçirildiyini də xatırladır: “Oğlum işlədiyi ABŞ-səfırliyinin xətti ilə 22.10.2010-cu il Bakı Beynəlxalq SOS-da tibbi müayinədən keçib, tam sağlam olub. Mən bu faciəli cinayət işi ilə əlaqədar 2011-ci ilin fevralında cənab Qaralov qəbulunuzda oldum. İşdəki ciddi qanun pozuntusunu və məndəki tibbi sənədləri nəzərə alıb göstəriş verdiniz ki, bu iş ləğv olunsun. Binəqədi rayonundan alınıb başqa rayona verilsin və ciddi yoxlanılsın. Təəssüflər ki, Sizin verdiyiniz göstərişlər hələ də icra olunmayıb. Nədə məni bir daha sizin qəbulunuza buraxmadılar. Baxmayaraq ki, hər ay Prezident sarayında F.Ələsgərovun idarəsi tərəflndən göndərilirəm. Mənim günahım nədir, niyə qəbul etmirsiz, mən ki adam öldürməmişəm? Mənim oğlumu öldürüblər.

Cənab Prezidentim!

Hörmətli cənablar: Yuxarıda göstərilənlərə əsasən sizdən
artıq dərəcədə xahiş edirəm.

Qarşınızda diz çöküb yalvarıram.
Haqq-ədalət naminə bu cinayətin yenidən araşdırılması üçün bütün imkanlarınızdan istifadə edin”.