BolgeXeber.Com » Gündəm » Şəmkirdə Ziya Məmmədovun qoçularının “qəhrəmanlıqları” - FOTO

Şəmkirdə Ziya Məmmədovun qoçularının “qəhrəmanlıqları” - FOTO

16-05-2014, 17:45
Oxunub: 3 888 Ziya Məmmədovun rəhbərlik etdiyi nəqliyyat sahəsində özbaşınalıqlar hələ də davam etməkdədir. Bu barədə əhalinin şikayətləri artmağa başlasa da, heç bir orqan bunun qarşısını almağa çalışmır.

Belə ki, Ziya Məmmədovun qoçuları Bakı və rayonlarda sürücülərə etmədikləri zülm qalmayıb. Bu qoçular hətta vətəndaşları döyməkdən belə, çəkinmirlər. Onların bu dəfəki “qəhrəmanlıqları” Şəmkir rayonunda olub.

Belə ki, mayın 15-də səhər saatlarında Nəqliyyat Nazirliyinin əməkdaşları, rayonun əsas yollarından birində dayanaraq, hərac toplayıblar. Pul vermək istəməyən sürücülərə təzyiq göstəriblər və hədələyiblər.

Musavat.com-a bu haqda məlumatı Şəmkir rayonunda yaşayan sakinlər veriblər. Hətta çətinliklə də olsa, onların fotolarını çəkə biliblər.

“Bəzi sürücüləri hədələyirdilər və söyərək təhqir edirdilər”

Sakinlərin sözlərinə görə, baş vermiş hadisə zamanı Nəqliyyat Nazirliyinin müfəttişlərinin sayı 22 nəfər olub: “Səhər saat 9 olardı. Nəqliyyat Nazirliyinin 4-5 avtomobili rayonun əsas yolunda dayandı. Sayları 22 nəfər idi. Maşından düşüb, ətrafa göz gəzdirdikdən sonra başladılar, öz çirkin əməllərini yerinə yetirməyə... Qarşılarına çıxan avtomobilləri saxlayırdılar. Sürücülərdən bəziləri dayanmaq istəmirdi. Çünki bunlara yaxşı bələd idilər. Sürücüləri avtomobildən zorla düşürürdülər. Bəzi sürücüləri hədələyirdilər və söyərək təhqir edirdilər”.

“Qəza şəraiti yaradırdılar ki, sürücü məcbur olub, dayansın”

Şikayətçilərin dediklərinə görə, müfəttişlərin ucbatından qəza şəraiti yaranıb: “Sanki ac qurdlar öz şikarına daraşmışdı. Avtomobilləri normal qaydada saxlamırdılar. Saxlamaq istədikləri avtomobili birisi öndən, digəri isə arxadan sıxışdırırdı. Maşınların qarşısında sağa-sola gedirdilər. Qəza şəraiti yaradırdılar ki, sürücü məcbur olub, dayansın. Onların buna ixtiyarları yoxdur. Tamam qanunsuz iş görürlər. Heç kəs bunlara mane ola bilmir. Necə istəsələr, elə də hərəkət edirlər. Fotolarını çəkdiyimi gördülər. Mənə hücum çəkmək istədilər. Görəndə ki, mən artıq oradan uzaqlaşmışam, maşına minib, qaçdılar”.