BolgeXeber.Com » Gündəm » Ömrümüzün qara yazısı- 1992-ci il

Ömrümüzün qara yazısı- 1992-ci il

18-05-2014, 10:30
Oxunub: 3 487 Bəli, Laçınsız daha bir il keçdi.

Laçın həsrəti ilə, Laçın eşqi ilə,
Yanıb, kül olubdur bağrımın başı.
Laçınsız qürbətdə keçən hər bir il,
Yağıb gözlərimdən hicran yağışı.

Qaçqın və məcburi-köçkün olmağımızın daha bir ili tamam oldu. 22 il.. Dil ilə demək çox asandır amma bu 22 ili yurd-yuvasız, vətən həsrəti ilə keçirmək isə çox çətindir. İndi ilin ən gözəl fəsillərindən biri olan yaz fəslidir və yazında gözəl aylarından biri olan may ayı. Amma 22 il əvvəl may ayı laçınlıların yaddaşında və qəlbində ağrılı, acılı bir hadisə ilə yadda qaldı. Elə bir hadisə ki, bu hadisə nəticəsində insanlar çox böyük əziyyətlərlə qurub-yaratdıqları doğma ev-eşiklərindən, doğulub-böyüdükləri el-obalarından didərgin düşdülər. Başqa yerlərə, ünvanlara üz tutmalı oldular. Amma bunu öz istəkləri ilə, arzuları ilə yox məcbur olduqları üçün etdilər. Çünki heç kim öz istək və arzusu ilə ev-eşiyini, yurd-yuvasını, doğmalarının, əzizlərinin uyuduğu torpaqları tərk edib getməz. Amma nə yazıq ki, bunları anlamayıb bizləri öz doğma torpaqlarımızı qoyub qaçmaqda ittiham edən insanlar çox olur. O insanlar üçün bizləri ittiham etmək çox asandır çünki bizim nə yaşadığımızdan xəbərləri yoxdur. Neçə-neçə yurd həsrətlimizin vətən, Laçın deyə-deyə dünyadan köçdüklərindən xəbərsizdi bizi ittiham edənlər. Laçını bir dəfə görmək üçün, havasını doyunca ciyərlərinə çəkmək üçün, buz bulaqlarından doyunca içmək üçün sahib olduğu hər bir şeyi qurban verməyə hazır olacaq insanların olduğundan xəbərsizdi bizi ittiham edənlər. O, insanlar hardan bilsinlər ki, tələbə yoldaşları tətillərdə öz rayonlarına üz tutanda yurd-yuvasından didərgin olan bir tələbə hansı hissləri keçirir. Yay fəsli gələndə istirahət üçün müxtəlif bölgələrə üz tutan zaman cənnət məkan olan ata-baba yurduna gedə bilməməyin insanı necə yaraladığından xəbərsizdir o insanlar. Bu insanlara cavab olaraq Qafqaz Əvəzoğlunun bir şeirindən bir neçə bənd yazmaq istəyirəm:

Mənə dərdsiz deyən, ay zalım oğlu,
Sən məni mən dərdli olandan soruş!
Yuvası uçandan,yurdu yanandan,
Obası virandan, talandan soruş!

Halakın çıxar ey, itsə bir iynən,
Olarsan imandan, çıxarsan dindən…
Bir çöp götürməyib dolu evindən,
Yol boyu saçını yolandan soruş!

Tapdaq altındadır qəbirstanlığım,
Qoparıb daşını, aparıb yağı.
Qaralıb ocağım, sönüb çırağım,
Dərd nədi, havasın çalandan soruş!


22 ildir həsrət qaldığımız Laçın... Bu ildə Laçının işğal ildönümü ilə əlaqədar olaraq orta məktəblərdə tədbirlər keçirildi. Belə tədbirlərdən biri də,Laçın rayon “Düşərgə” qəsəbə orta məktəbində keçirilmişdir. İlk öncə məktəbin müəllim və şagird kollektivi məzarı Ağcabədi şəhərində yerləşən Azərbaycanın Milli Qəhrəmanı Kamil Baladə oğlu Nəsibovun məzarını ziyarət etdilər. Qəhrəmanın məzarı üzərinə gül dəstələri qoyuldu və ruhuna dualar oxundu. Milli Qəhrəman Kamil Nəsibovun döyüş yolu haqqında şagirdlərə məlumat verildi. Sonra tədbir məktəbdə davam etdirildi. “Laçınsız 22 il” və “Unutmaq olarmı sizi, Şəhidlər” adlı təqdimatlar məktəbin müəllim və şagird kollektivinə təqdim olundu. Təqdimatlarda Laçın haqqında məlumatlar, işğaldan əvvəlki şəkilləri, düşmən əlində əsir olan tarixi abidələrin şəkilləri, işğaldan sonra çəkilmiş şəkilləri və vətən uğrunda canından keçmiş Milli Qəhrəmanlarının və şəhidlərinin həyatı və döyüş yolu haqqında məlumatlar əks olunmuşdur. Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya izlənildikdən sonra tədbir Laçına dönüş ümidinin hər zaman var olduğu və tezliklə doğma yurd-yuvamıza qayıdacağıq fikri ilə yekunlaşdı. Allah tezliklə bizləri laçınlı günlərə qovuşdursun artıq laçınsızlığımızın ildönümünü yox laçınlılığımızın ildönümünü qeyd edək!



Ülviyyə Zamanlı