BolgeXeber.Com » Gündəm » “Sovetski”də yenidən narazılıq

“Sovetski”də yenidən narazılıq

19-05-2014, 09:35
Oxunub: 3 519 1500-ə yaxın ailə evlərini satışa çıxarıb, amma onlara yenə də az pul təklif edilir

Bakının plana düşən “Sovetski” məhəlləsində yaşayan 1500-ə yaxın ailə evlərini satışa çıxarıblar. Balababa Məcidov küçəsinin sakinlərindən “Yeni Müsavat”a verilən məlumata görə, onlar verilən kompensasiya ilə razılaşmadıqlarından evlərini satışa çıxarıblar.
Evini satışa çıxaran Abdulla Şaiq küçəsinin sakini Qulu Bayramov bildirdi ki, “Sovetski”nin sökülməsi gündəmə gələndən evlərini alan yoxdur: “Ümid edirdik ki, tikinti şirkətləri evlərimizi alacaq. Ötən gün bir tikinti şirkəti bizim küçədə yerləşən 20 evi almaqla bağlı müraciət etdi. Qiymətlə razılaşmadıq. Evimizin kvadratına 1000 manat verirlər. Bu da çox azdır. Biz dövlətin verdiyi 1500 manat kompensasiya ilə razılaşmadığımıza görə evlərimizi satışa çıxardıq. Minimum 1800 manat verən olsa, satarıq”.

“750 ailə kompensasiya ilə razılaşıb”

Əli Bəy Hüseynzadə küçəsində yaşayan Adəm Məmmədov isə deyir ki, Yasamal Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəlində fəaliyyət göstərən Köçürmə Komissiyasına hər gün onlarla sakin müraciət edir: “Media ilk günlər bizim məsələmizi gündəmdə saxladı. Hökumət bizimlə hər cür razılığa getməyə çalışırdı. Daha sonra manevr etdilər. ”Sovetski" mövzusunu gündəmdən çıxardılar. Köçürmə Komissiyasını da ona görə yaratdılar ki, sakinlərlə fərdi söhbət edib, problemi həll etsinlər. İndi məlum olur ki, ilk günlər sözü bir yerə qoyub evlərinin sökülməsinə etiraz edən və ədalətli kompensasiya tələb edən bəzi sakinlər gedib pullarını alıb, çəkiliblər bir kənara. Köçürmə Komissiyasında axırıncı dəfə olanda dedilər ki, 750 ailə verilən kompensasiya ilə razılaşıblar. Bu rəqəm hər keçən gün artır".

“Bəzi evlərə 1000 manat kompensasiya verilib”

“Sovetski” sakinləri bildirdilər ki, bəzi evlərin hər kvadratına 1000 manatdan kompensasiya verilib. Qeyd edək ki, artıq bu məsələyə Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyası aydınlıq gətirib. Komissiya sədri Səməd İslamov ANS-ə bildirib ki, birinci dəfə mənzil və qeyri-yaşayış yerlərində ölçü işləri aparılarkən həmin yerlərin fotoşəkilləri çəkilib: “Komissiyaya, demək olar ki, hər gün müraciətlər daxil olur ki, bəzi sakinlərin evlərində yenidən ölçü işləri aparılsın. Lakin edilən müraciət əsasında mənzil və ya qeyri-yaşayış yerində ölçü işləri apararkən müəyyən dəyişikliklərə rast gəlinir. Biz bu dəyişikliyi birinci dəfə mənzil və qeyri-yaşayış yerlərində ölçü işləri apararkən çəkdiyimiz fotoşəkillərlə müqayisə edəndə görürük. Açıq aydın görmək olur ki, əvvəllər anbar kimi istifadə etdiyi yeri indi yaşayış yeri kimi bizə təqdim edir. Hər kvadratmetr sahəyə görə 1000 manat verilməsi ilə bağlı şikayət edənlər mənzil və ya qeyri-yaşayış yerlərində müəyyən dəyişiklik edən sakinlərdir”.

Məlumat üçün bildirək ki, “Sovetski”də söküləcək evlər Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzağa Əliyev küçəsi (qalan evlər), Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan küçələrində yerləşir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, sökülən evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcək. Evlər ərazidə salınacaq parka görə sökülür. Həm də evlərin bir çoxu köhnə və yöndəmsiz olmaqla yanaşı qəzalı vəziyyətdədir. Amma, görünən mənzərə tamam başqadır. Söküləcək məhəllələr indidən ayrı-ayrı tikinti şirkətinə satılıb. Balababa Məcidov küçəsində sökülən evlərin yerində hündür mərtəbəli yaşayış binası tikilir. Sözügedən ərazinin bir hissəsi həmçinin hökumətin təqdim etdiyi park layihəsinə düşür. Belə olan halda bu tikintiyə kimlərin icazə verməsi sual doğurur.

Sonda qeyd edək ki, hökumətin “Sovetski” ilə bağlı qərarı hələ də dəyişməz qalır. Bu ilin fevralında Yasamal Rayon İcra Hakimiyyətində Təşkilat Komitəsinin üzvləri ilə görüşdə baş nazir müavini Abid Şərifov bildirib ki, məcburi qaydada köçürülmə olmayacaq: “Allah eləməmiş, bir qəza baş versə, bu insanların axırı necə olacaq? Keçməyə yol belə, yoxdur. Biz də yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə bu addımı atırıq. Kim istəyir, köçsün, kim istəmir, sağlıqla yaşasın”.

A.Şərifov onu da bildirmişdi ki, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin “kupça”larının olmamasına baxmayaraq, sakinlərin orada uzun müddət yaşaması və mərkəzə yaxınlığı nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib: “Həmin ərazidə mülkiyyətçilərin evlərinin alınması üçün müəyyən olunmuş ən yuxarı hədd 1500 manatdır. Bu, bazar qiymətlərinə uyğundur. Sakinlərin 3-4 min manatlıq təklifləri əsassızdır”.

Xatırladaq ki, ərazinin baş planın hazırlanması üçün bir ay vaxt qoyulmuşdu. O vaxt bildirilmişdi ki, sakinlərdən kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq, köçə bilər. Hər ailə başına iki aylıq 1000 manat məbləğində kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcək.