BolgeXeber.Com » Gündəm » Nazirin Şirvandakı qanunsuz avtovağzaldan xəbəri varmı?

Nazirin Şirvandakı qanunsuz avtovağzaldan xəbəri varmı?

20-05-2014, 13:30
Oxunub: 3 571 Qeyri-qanuni fəaliyyət göstərən və dəmir yolunun mühafizə zolağında yerləşən avtovağzal günahsız insanların əcəlinə çevrilə bilər

Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də dəmir yollarının təhkim zolağında yerləşən evlərin və obyektlərin sökülməsi ilə bağlıdır. Qeyd edək ki, keçən ay Keşlə qəsəbəsindəki dəmir yolu xəttinin kənarında yerləşən və "Şanxay" adı ilə tanınan qanunsuz tikililərin söküləcəyi ilə bağlı xəbərlər yayıldı. Daha doğrusu, "Azəryolservis" ASC-nin rəsmiləri bildirdi ki, gələcəkdə həmin ərazinin sökülməsi planda var. Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki "Şanxay" adlanan ərazidən keçən dəmir yolunun mühafizə zolağında tikilmiş evlərin sökülməsi məsələsi uzun müddətdir gündəmdədir.

Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmir yolunun mühafizə və sanitar zolağı müəyyənləşib. "Şanxay" da mühafizə və sanitar zolağa düşən ərazidir. Buna görə də bu ilin sonuna kimi dəmir yolunun mühafizə zolağında yerləşən tikililərin söküləcəyi, sakinlərin isə başqa əraziyə köçürüləcəyi bildirilir. Nəqliyyat Nazirliyindən isə bildirilib ki, ölkə ərazisində dəmir yolunun təhkim zolağında yerləşən nə qədər yaşayış və qeyri-yaşayış obyekti varsa, hamısı mərhələli şəkildə söküləcək. Müvafiq qanunlara əsasən, dəmir yolunun təhkim zolağının və xüsusi mühafizə zonasının, həmçinin sanitariya-mühafizə zonasının saxlanması şəhərsalma, ekoloji, sanitar-gigiyena, yanğın təhlükəsizliyi tələblərinə və ölkənin normativ hüquqi aktları ilə müəyyən edilmiş digər tələblərə uyğun olmalıdır. Yerli əhalinin sağlamlığı və dəmir yolu xətləri üçün yüksək təhlükə mənbəyinə çevrilən həmin ərazilərdə ekoloji tarazlığın qorunub-saxlanması və ətraf mühitin mühafizəsinin təmin edilməsinə yönələn tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu cür halların qarşısının alınması, dəmir yolunun kənarında yaşayan sakinlər tərəfindən dəmir yolunun üstünə və kənarına tökülən məişət və istehsalat tullantılarının yığışdırılması, çirkləndirilən ərazilərin təmizlənməsi və ekoloji cəhətdən yararlı vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlərin davam etdiyi bir vaxtda Şirvan şəhərində heç bir qanuni sənədi olmayan avtovağzal fəaliyyət göstərməkdədir. Qısaca olaraq bildirək ki, dəmir yolunun təhkim zolağında yerləşən avtovağzala Misirxan adlı şəxs rəhbərlik edir. Onun bütün işlərini isə Rəfael Dəmirov adlı şəxs həyata keçirir. Tam olaraq qanunsuz fəaliyyət göstərən avtovağzal Şirvan sakinləri üçün potensial təhlükə mənbəyidir. Rayondakı mötəbər qaynaqlardan aldığımız xəbərlərə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şirvan Regional Şöbəsinin rəhbərliyində baş verən kadr dəyişikliyi belə avtovağzalın işinə təsir göstərməyib: "Avtovağzal müdiri əvvəlki qaydada şöbənin əməkdaşlarına "şirinlik" verərək işini davam etdirir.

Camaat elə fikirləşirdi ki, şöbənin rəhbəri dəyişəndən sonra qeyri-qanuni işləyən avtovağzal bağlanacaq. Amma əksinə oldu. Misirxan müəllim özbaşına əməllərinin əhatə dairəsini daha da genişləndirib. Bu yaxınlarda avtovağzalda böyük faciə yaşanacaqdı. Xətdən çıxan qatardəmir yolunun təhkim zolağında yerləşən avtovağzal tərəfə aşmaq üzrə idi. Amma maşinistin son anda ayıq tərpətməsi həmin vaxt avtovağzalda olan insanların həyatına olan təhlükəni aradan sovuşdurdu. Xoşbəxtlikdən vaqonlar aşmadı. Əgər aşsaydı, çoxlu sayda insan həlak ola bilərdi.

Vətəndaşlar avtovağzalın bağlanmasını tələb edir. Şirvanda bütün standartlara cavab verən avtovağzal var. İkinci bir avtovağzalın olması nəyə lazımdır?

Misirxan adlı şəxsin avtovağzalındakı avtobusların çoxu istifadə müddətini başa vurub. Həmin avtobuslar nasaz vəziyyətdədir. Sabah bu avtobuslar yolda aşsa, yaxud başqa bədbəxt hadisə qeydə alınsa, avtovağzal müdiri məsuliyyəti üzərindən atacaq. Buna görə də, aidiyyəti qurumlar indidən bir tədbir görməlidir". Çox güman ki, nəqliyyat naziri Ziya Məmmədovun belə bir avtovağzalın fəaliyyətindən xəbəri yoxdur. Odur ki, hörmətli nazirdən xahiş edirik ki, onun xəbəri olmadan avtovağzal açıb işlədən Misirxan adlı şəxsin barəsində lazımi ölçü götürülməsi üçün müvafiq tapşırıqlarını versin, avtovağzalın fəaliyyətinə son qoyulsun."Gündəlik Bakı"

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.