BolgeXeber.Com » Gündəm » DİN-dən Ziya Məmmədovun iddiasına münasibət

DİN-dən Ziya Məmmədovun iddiasına münasibət

27-05-2014, 17:35
Oxunub: 4 711 Z.Məmmədov həbs edilmiş şəxsə kimlərin təzyiq etdiyini deməyib

Nəqliyyat naziri Ziya Məmmədovun "Yeni Müsavat" qəzetinin əməkdaşı Fərahim İlqaroğluna fiziki xəsarət yetirmiş və hazırda həbsdə olan Feyruz Termişə təzyiqlərin edilməsi barədə səsləndirdiyi fikirlərə Daxili İşlər Nazirliyi münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Teleqraf.com-a açıqlamasında deyib ki, nazir Ziya Məmmədovun məsələ ilə bağlı fikirlərini informasiya saytlarından oxuyub. Qeyd: Z.Məmmədov mətbuata açıqlamasında deyib ki, qardaşı oğlu Aynar Məmmədov jurnalisti döydürməklə bağlı heç kimə göstəriş verməyib: "Amma kimlərsə həbs edilmiş idmançını Aynarın adını yazmağı məcbur edib. Görünür, təzyiq altında o da Aynarın adını verib. Mən bu məsələ gündəmə gələndə Elton Məmmədovla əlaqə saxladım. Onunla söhbət zamanı bildirdi ki, Aynarın bu məsələdə heç bir əqsiri yoxdur".
E.Zahidov bildirib ki, Z.Məmmədov həbs edilmiş şəxsə kimlərin təzyiq etdiyini deməyib: "Nəqliyyat naziri təzyiqlərin kim tərəfindən edildiyini deməyib. Bu məsələdə polisin adı hallanmır".

Fərahim İlqaroğlu aprelin 25-də Bakıda yaşadığı binanın girişində döyülüb. Mayın 6-da polis jurnalisti döyən Siyəzən rayon sakini, Bakıda kirayədə yaşayan 24 yaşlı Feyruz Termişi metronun “Memar Əcəmi” stansiyası yaxınlığında həbs edib. Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, jurnalistin döyülməsində iştirak edən digər şəxslərin tutulması istiqamətində də əməliyyat-axtarış tədbirləri gedir.