Ziya Məmmədovdan sensasion açıqlama
28-05-2014, 09:15
Oxunub: 4 153
Ziya Məmmədovdan ilginc etiraflar
Nəqliyyat naziri Fərahim İlqaroğlunun döyülməsindən danışdı; o, Tural Bayramovun Aynar Məmmədovun adını çəkdiyini dilə gətirdi və “sədaqət andı” içmək taktikasına əl atdı; Rauf Arifoğlu: “Bu müsahibə mənim üçün sensasiya xarakterli məlumatdır”
Nəqliyyat naziri Ziya Məmmədov qardaşı oğlu Aynar Məmmədovun “Yeni Müsavat”ın müxbiri Fərahim İlqaroğlunu döydürməsi məsələsi ilə bağlı müsahibə verib.
Z.Məmmədov Fərahim İlqaroğlunun döyülməsinə, bu işin sifarişçisinin Aynar Məmmədov olmasına dair suallara cavabında indiyədək məlum olmayan bəzi faktları açıb, sensasiyalı açıqlamalar verib və ilginc etiraflar edib.
Öncə müsahibəni təqdim edirik:
- Ziya müəllim, sizin və qardaşınız oğlu Aynar Məmmədovla bağlı gedən informasiyalar barədə yəqin ki, məlumatlısınız.
- Bəli. Xəbərim var.
- Maraqlıdır, Aynar Məmmədovun jurnalisti nə üçün döydürtdüyü sizə məlumdurmu? Ola bilərmi ki, Aynar Məmmədov barənizdə yazılanlara görə jurnalisti döydürsün?
- Belə bir şey yoxdur. Ümumiyyətlə, nə Ziya Məmmədov, nə də Ziya Məmmədovun ətrafındakı adamlar jurnalist döydürməz. Bunların heç bir əsası yoxdur.
- Axı “Yeni Müsavat” qəzetinin əməkdaşını döydürən Tural Bayramov Aynar Məmmədovun dostudur?
- Aynarın o məsələlərə heç bir aidiyyəti yoxdur.
- Bəs Aynar Məmmədov niyə istintaqa çağırılıb?
- Xeyr. O, istintaqa çağırılmayıb.
- Mətbuatda da məlumat verildi ki, DİN-ə çağırılıb və ifadə verib...
- Hər bir kəs istintaqa ifadə verə bilər.
- Onda belə çıxır ki, Tural Bayramov Aynar Məmmədovun sifarişi ilə jurnalisti döydürtdürüb ki, buna görə istintaqa çağırılıb?
- Xeyr. Aynar jurnalisti döydürməklə bağlı heç kimə göstəriş verməyib. Amma idmançını kimlərsə Aynarın adını yazmağa məcbur edib. Görünür, təzyiq altında o da Aynarın adını verib. Mən bu məsələ gündəmə gələndə Elton Məmmədovla əlaqə saxladım. Onunla söhbət zamanı bildirdi ki, Aynarın bu məsələdə heç bir təqsiri yoxdur. Yayılan foto və videogörüntülərin də bir çoxu kollajdır. Yəqin ki, bizi istəməyən qüvvələr aranı qarışdırırlar. Ümumiyyətlə, mən bu məsələlərə qarışmıram. Bir daha deyirəm ki, mən dövlətə və dövlətçiliyə, eyni zamanda cənab prezidentə xidmət edirəm.
- Əgər dövlətə, dövlətçiliyə, və prezidentə sadiqsizsə, sizə qarşı niyə kampaniya aparırlar?
- Bilmirəm. Amma yenə də deyirəm, bütün bunların mənə aidiyyəti yoxdur. Yazılanların da əksəriyyəti doğru deyil.
* * * *
Ölkə gündəminə bomba kimi düşən və bütün saytlarda yayımlanan bu müsahibəyə Rauf Arifoğlu münasibət bildirib. Deyerler.org saytına müsahibə ilə bağlı fikirlərini bölüşən Rauf Arifoğlu deyib ki, nazirin müsahibəsində çox önəmli etiraflar var: “Bu müsahibə mənim üçün sensasiya xarakterli məlumatdır. Orada çox önəmli etiraflar var.
Ziya Məmmədov etiraf edib ki, bizim yazdığımız kimi, Aynar Məmmədov istintaqa ifadə verib. Bizə məlum olmayan və heç yerdə getməyən bir məsələni də açıqlayıb. Deyib ki, ”idmançı" təzyiq nəticəsində sifarişin Aynar Məmmədovdan gəldiyini yazıb. Mən daxili işlər naziri, DİN istintaq idarəsinin rəisi ilə görüşmüşəm. Onlar bu barədə heç nə demədilər. Tam əksinə, bildirdilər ki, burada Aynar Məmmədovluq bir iş yoxdur; lakin yenə də istintaqı ədalətli aparacaq, bütün nüansları işləyəcəklər.
Bizim əməkdaşımız Fərahim İlqaroğlu onu döyən adamla - Feyruz Termişi ilə iki dəfə üzləşib. O da heç vaxt Aynar Məmmədovun adını çəkməyib... İndi qəfildən nazir deyir ki, “idmançı” Aynarın adını çəkib. Görünür, Ziya Məmmədovda daha dəqiq məlumatlar var. Çünki bizim də iddia etdiyimiz kimi, istintaqa müdaxilə edir, onu daim yaxından izləyir. Lakin mənim fikrimcə, Z.Məmmədovun dediyi “idmançı” həbsdəki F.Termişi deyil. Çünki F.Termişi F.İlqaroğlu ilə üzləşib, onun verdiyi ifadəni jurnalistimiz də, vəkili də oxuyub. Orada Aynar Məmmədovun adı yoxdur. Deməli, Ziya müəllim istintaqa və bizə məlum olmayan bir xüsusatdan danışır. Hesab edirəm ki, söz ikinci idmançıdan - Termişiyə pul verib, Fərahimi sifariş edin, Aynar Məmmədovun dostu və işçisi Tural Bayramovdan gedir. Nazir bu cümlə ilə bizim iddiamızı təsdiqləyir ki, istintaq qeyri-rəsmi də olsa, Tural Bayramovdan da ifadə alıb. Və o, gerçəyi söyləyib.
Hörmətli nazirin müsahibəsindən bir məsələ mənim üçün daha da aydınlaşır ki, doğrudan da bu cinayətdən nə Ziya Məmmədovun, nə də Elton Məmmədovun xəbərləri olmayıb. Biz elə əvvəldən də o cür düşünürdük ki, bu cür düşünülməmiş bir hərəkəti ağlı başında olan kimsə həyata keçirə bilməz. Yəqin ki, bu, gənc Aynar Məmmədovun planıdır və qəzəbidir. Onun haqqında yazan jurnalistə və qəzetə cəza vermək istəyidir. Lakin istintaqa Z. Məmmədovun müdaxiləsi həmin müsahibədən də görünür. Ziya müəllim bu cinayət əməlini özünə qarşı hakimiyyətdaxili savaşla əlaqələndirir, ortada istintaqa da demək olar ki, şər atır. İnanıram ki, DİN bu ağır ittihamlara rəsmi cavab verəcək. Lakin mənim sualım var - əgər Tural Bayramov Aynar Məmmədovun adını çəkibsə, niyə onu həbs etmirlər? Aynarın yerində bir deputatın yox, hansısa müxalifət liderinin oğlu olsaydı, istintaq onu da bu cür qoruyacaqdımı? Videoların montaj olunması iddiasına gəldikdə isə burada heç bir montaj yoxdur. Maşının videoqeydedicisindən götürülən cinayət anının fraqmentidir. Ziya müəllimin şübhələri varsa, istintaqa müraciət edib, ekspert istəsin".
Rauf Arifoğlu açıqlamasında isə deyib ki, Z.Məmmədovun müsahibəsi nə özünün, nə də Aynarın xeyrinə deyil: “Əslində bizim döyülən jurnalistimizin, medianın xeyrinə böyük informasiyalar verilib. Və eyni zamanda da Ziya Məmmədov hakimiyyətin əsas nazirlərindən biridir. O, Daxili İşlər Nazirliyini ittiham edir. Bu ittihamın səbəbi nədir, onu başa düşə bilmirəm.
Əgər ortada bir cinayət varsa və bir neçə idmançı bu cinayətə qarışıbsa həmin idmançılar da Aynar Məmmədovun rəhbərlik etdiyi federasiyanın işçiləridirsə, altını çizərək deyirəm ”işçilərdirsə", yəni hesab et ki, “Yeni Müsavat”ın əməkdaşını Aynar Məmmədovun iki əməkdaşı döyüb; bu dərəcədə məsələ aydındır. Heç burda başqasını suçlamağın mənası yoxdur. Digər tərəfdən, Məmmədovlara, onların klanına, ailə üzvlərinə qarşı yazılan yazıların heç biri əsassız və qərəzli deyil. Hamısında faktlar var “...
* * *
Nazirin müsahibəsinin sonunda “sədaqət andı” içməsi də maraqlıdır. Adətən bu tipli açıqlamaları məmur-oliqarxlar əndazəni aşmaları səbəbindən, özlərinin və ya yaxınlarının ciddi səhv etmələri, hakimiyyətə xələl gətirən əməlləri üzündən son dövrlərini yaşayanda - cəzalandırılmaq ərəfəsində deyirlər. Bununla bağlı ortada xeyli nümunələr var; Fərhad Əliyev, Heydər Babayev, Abdulla Abdullayev, Hafiz Məmmədov və digərləri...
Nəqliyyat nazirinin “idmançını kimlərsə Aynarın adını yazmağa məcbur edib. Görünür, təzyiq altında o da Aynarın adını verib” iddiası ilə bağlı Fərahim İlqaroğlunun işini araşdıran müstəntiq Mikayıl Qüdrətovla əlaqə saxladıq. O, heç bir açıqlama verməyərək, DİN-in mətbuat xidməti ilə əlaqə saxlamağımızı xahiş etdi.
Mətbuat xidmətindən mövqe almaq cəhdlərimiz isə baş tutmadı. Qəzetimiz çapa gedənə qədər nazirliyin məsələyə dair açıqlaması yox idi.(musavat)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər