Azərbaycan Riqadakı konsulu diplomatdır, ya biznesmen?
28-05-2014, 11:40
Oxunub: 3 711
Riqada diplomatik illüziyalar
“Azadlıq”a Riqadan xəbər daxil olub. Bu xəbəri isə Riqada hamı bildikdən sonra bizə daxil olub. Söhbət Azərbaycanın Latviyadakı səfirliyində mühüm vəzifə daşıyan bir nəfərdən- səfirliyin 1-ci katibi və konsul cənab Nicat Nizami oğlu Sadıqovdan gedəcək.
Konsul Nicat Sadıqov sosial şəbəkələrdə özünü diplomat kimi yox, biznesmen kimi təqdim edir. Bunun nəyə görə lazım olduğu bəlli deyil. Amma faktdır. Ki, cənab konsul özünün sosial simasını diplomat olaraq deyil, iş adamı olaraq müəyyən edib. (https://www.facebook.com/nijat900?fref=ts).
Görünür, ütülü-qalstuklu diplomat fəaliyyəti onun ürəyincə deyil.
Və elə buna görə də, məsələn, Riqadakı ünlü və yeni açıldığına baxmayaraq böyük iddialı gecə klublarından birinin sevimli qonaqlarındandır. Bu, “İllu Zion” adlı gecə klubudur.

“Porche Gayenne”
Hörmətli konsul bu vəzifədə 4 ildir ki, çalışır. Yəni, 4 ildir ki, bu vəzifəyə təyin edilib, amma onun bu vəzifənin təyinatı üzrə çalışıb-çalışmadığı bizə bəlli deyil. Dəbdəbəli həyatın vurğunu olduğu qlamur ünvanlarda görükməyindən və 80 min yevroluq “Porche Gayenne” markalı avtomobilindən də görünür. Prinsipcə, qeyri-adi heç nə yoxdur. Azərbaycanda məmur övladları heç kimə hesabat vermirlər, və heç kimi də veclərinə almırlar. Cənab konsul Ağdamın lap bu yaxınlarda sabiqləşmiş icra başçısı Nizami Sadıqovun oğludur.

“Grand Opening”
"İllu Zion" VİP müştərilərə idda edir. Kluba əsasən Riqada yaşayan biznesmenlər və varlı turistlər gəlir. Burada disko, bar, əyləncəli proqramlar üçün sonsuz fantaziyalar var. Bu bir reklam yazısı olmasa da, klubun ünvanını da təqdim edirik. Riqa şəhəri, Cesu kücəsi, 33. VİP müştərilər və onlardan biri olan azərbaycanlı konsul Nicat Sadıqov.
Bu, "İllu Zion"un saytıdır. Bu saytda “Qalereya” panelində “Grand Opening” bölməsinə daxil olub hörmətli konsulumuzun daimi və VİP müştəri olaraq yerləşdirilmiş şəkilləri ilə tanış ola bilərsiniz. (http://www.illuzion.lv/ru/galereya).
Qeyri-diplomatik çevrə
“Azadlıq”a daxil olan məlumatda bildirilir ki, hörmətli konsul öz qonaqları ilə birlikdə növbəti dəfə İllu Zionda istirahət etdiyi zaman orada xoşagəlməz olay baş verib. Müştərilər arasında dava-dalaş düşüb və dava-dalaşın bir tərəfində də bizim sayın konsulumuz olub. “Azadlıq”a məlumat verən mənbə bildirir ki, hörmətli konsul orada tez-tez başqa məmur övladları və başqa diplomat gənclərlə də olur. Məsələn, onlardan ikisi Azərbaycan Dəmiryolları İdarəsinin rəisinin müavinin oğlanlarıdır. Kamal və Ağa Hüseynovlar. Ataları İqbal Hüseynov Dəmir Yolu İdarəsi rəisinin iqtisadi məsələlər üzrə müavinidir. Bu məmurun övladları da orada atalarının məslək profilinə uyğun işlə məşğuldurlar. Yəni, “İKAU” adlı bir dəmir yolu daşıma şirkətləri var. Bu şirkətin hansı əsaslarda, necə, yaradıldığı və fəaliyyəti bütövlükdə başqa söhbətin mövzusudur.
İndilikdə isə “İllu Zion” barədə davam edək. Məlumat verən mənbə bildirir ki, cənab konsul orada diplomatik heyət adına da yalnız olmayıb. Bu tərkibdə Latviyaya o qədər də yaxın olmayan bir Avropa ölkəsindəki səfirliyimizin önəmli adamlarından biri olan bir gənc də var imiş. Həmin gəncin adı bizə bəllidir, sadəcə işlədiyi səfirliklə əlaqə saxlayıb dəqiqləşdirə bilməmişik ki, həmin gün bizim bu gənc diplomat işlədiyi ölkəni başlı-başına, sahibsiz-yiyəsiz buraxıb Latviyaya gedəndə səfirə-filana məlumat verib, ya köhnə rus ordusunun təbirincə desək “samouvolka”da olub?
Amma Riqadakı səfirliyimizlə əlaqə saxlamışıq, təbii. Konsulluq şöbəsinin cavabını da sizə təqdim edəcəyik.

Yarımçıq etiraf
"İllu Zion"dakı dava-dalaşa polis müdaxilə edib. Tərəfləri polis İdarəsinə aparıblar. Amma tərəflərdən heç biri şikayətçi olmadığına görə orada dava tərəfləri ilə söhbət edib məsələyə xitam veriblər. Xəsarət alanlar olsa da, şikayət faktı olmadığına görə cinayət işi açılmayıb. Ola bilər, (hər halda, bizim mənbəmiz belə təsdiq və iddia edir) hörmətli konsulumuzun prosesə diplomat kimi müdaxilə etməsi də qalmaqalın beynəlxalq əhəmiyyətinə təsir edib. Bu faktı konsulluq “Azadlıq”la təmaslarında da qismən etiraf edib.
Biz bu olaylarla bağlı konsulluğun email ünvanına sorğu yolladıq. Sorğuda yalnızca 3 suala cavab istəyirdik.
1. Həmin fakta görə Riqa polisi tərəfindən cinayət işi açılmışdırmı və bu işlə bağlı kimlərsə cəzalandırılmışdırmı?
2. Bu arzuolunmaz faktın cənab konsulun fəaliiyətinə hansısa neqativ təsirləri olmuşdurmu?
3. Hadisə ilə bağlı cənab konsul öz tərəfindən hansısa arayışlar verə bilərmi?
Konsulluq isə cavabında bildirdi.”Səfirliyimizin konsulu Nicat Sadigov hec bir davada iştirak etməmişdir belə bir hal olmamışdır. Bir necə ay bundan əvvəl Azərbaycan Respublikası vətəndaşları İlluzion adlı restoranda dava zamanı polis tərəfindən sorgulanmışlar və sorgunun qanun cərcivəsində kecirilməsi üçün vətəndaşlarımız Konsulu dəvət edərək qanunu şəkildə mənəfeylərin qorunmasına tələb etmişlər. Dava Latviya vətəndaşları arasında baş vermişdir hec bir Azərbaycan vətəndaşı iştirak etməmişdir. Riqa polisi tərəfindən cinayyət tərkibi olmadığından cinayət işi acılmamışdır. Digər suallarınızı cavablandırmaga hazırıq».
Maraqlıdır ki, biz sorğunu səfirliyə yox, konsulluğa göndərmişdik. Amma cavab konsulluğun email ünvanından gəlsə də, səfirlik adından göndərilmişdi. Bununla işimiz yox, bizi cavabın son cümləsi ürəkləndirdi. Burada əlavə suallar vermək hüquqmuz tanınırdı. Ona görə də əlavə və yalnız bir sual verdik. «Konsula hüquqi yardım üçün müraciət edən Azərbaycan vətəndaşlarından kimlərinsə adını çəkmək mümkündürmü»? Bu suala isə cavab verən olmadı. Çünki burada təkzib yox, konkret cavab vermək lazım gəlirdi. Həm də səfirlik adından gələn cavabda təsdiq edilirdi ki, orada Azərbaycan vətəndaşları saxlanılıb və onlar da hadisə yerinə konsulu çağırıblar ki, gəlib onlara hüquqi yardım göstərsin.
Çox kövrək diplomatiya!
Gecə saatlarında restoranda dava üstündə polisə sorğu-sual üçün aparılmış Azərbaycan vətəndaşlarının konsula bu qədər ərk etməkləri çox kövrəldici faktdır! Bununla yalnız qürur duymaq olar!
Bu yazını yazmamaq da olardı. Amma, axı Riqada çoxlu həmvətənimiz var və onların hamısı mart ayında «İllu Zion»da baş verən bu məşum hadisə barədə əfsanələr danışırlar. Səfirliyin və ya konsulluğun isə hadisə barədə heç bir açıqlaması olmayıb. Xəbər o qədər böyüyüb ki, Riqanın hüdudlarını aşıb. Oradakı diaspora ilə müntəzəm təmasları olan səfirlikdə isə bu söhbəti eşitməyən, çətin ki, olsun. Axı, azərbaycanlılar hər gecə Riqa restoranlarında müharibə aparmırlar. Buna görə də, xəbər qeyri-adi olmalıdır. Üstəlik, haadisə yerində şəxsən konsul olubsa! Ki, bu hadisəyə bu və ya digər səviyyədə konsulun müdaxiləsini hətta rəsmən də etiraf edirlərsə və ört-basdır etmirlərsə. Ən azı, hörmətli konsulumuzu bu əyləncə mərkəzlərinə bağlayan ipləri qırmaq lazımdır. Yoxsa, bu qəbildən olan dava-qalmaqaldan xilas olmaq mümkün olmayacaq.
Hobbilər (qorxulu!)
Konsulluğun viza işləmləri ilə bağlı isə xüsusilə ilginc xəbərlər dolaşmaqdadır. Deyilənə görə, Riqadakı konsulluqla «Alida Turs» Turizm şirkətinin xüsusi əlaqələri var. Prinsipcə, biz iddia etmirik ki, bu münasibətlərdə hansısa dolaşıq mətləblər var. Əgər sayın konsul özünün sosial simasının daha çox biznesmen kimi müəyyənləşməsində daha çox maraqlıdırsa, o zaman bu münasibətlərdə faciə axtarmağa dəyməz. Elə deyilmi? Sadəcə, bir nüans var ki, diplomat və biznesmen sosial status olaraq fərqli hobbiləri müəyyən edir. Bu hobbilərin bir qismi ilə tanış oldunuz...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər