Şirvanda «apteklər kralı» qanunlara saymazyana münasibət göstərir
30-05-2014, 12:30
Oxunub: 4 622
Şirvanın dərman bazarına saxta məhsullar necə yol tapır?
İş adamına məxsus apteklərdə istifadə müddəti ötmüş dərmanların satılması sakinləri ölümlə üz-üzə qoyub.Şirvan şəhərində qeyri-qanuni əczaçılıq fəaliyyəti ilə məşğul olan Rəhman Abdullayev deyəsən, özbaşına əməllərinə son qoymaq istəmir. Səhiyyə Nazirliyinin (SN) Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları sahibkara məxsus apteklərin üçünün fəaliyyətinə qadağa qoysa da, «apteklər kralı» həmin əczaçılıq müəssisələrini yenidən açıb. Nəzərinizə çatdırmaq istəyirik ki, Rəhman Abdullayevin aptekləri Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə cavab vermədiyi üçün bağlanmışdı.
Müvafiq tələblərə əsasən, aptek məntəqəsi ayrıca binada və yaxud qeyri-yaşayış sahəsində təşkil olunmalıdır. Aptek məntəqəsi özəl müalicə-profilaktika müəssisəsində və ya digər təyinatlı bina strukturunda yerləşdikdə onun ayrıca giriş qapısı olmalıdır. Bu cür müəssisələrin ümumi sahəsi 35 m2-dən az, o cümlədən satış zalı 20 m2-dən az, inzibati-məişət otaqlarının (inzibati otaq, anbar, sanitar qovşağı) sahəsi 15 m2-dən az olmamalıdır. Həmçinin xüsusi aptek mebeli, avadanlığı və inventarı ilə təchiz edilməlidir. Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin nümayəndələri tərəfindən aparılan yoxlama zamanı biznesmenə məxsus aptek məntəqələrində bu tələblərin heç birinə riayət edilmədiyi müəyyənləşib. Ən böyük qanun pozuntusu həmin apteklərin lisenziyasız fəaliyyət göstərməsi ilə bağlı olub. Əvvəlki saylarımızdan da bəlli olduğu kimi, «apteklər kralı» Səhiyyə Nazirliyinin qərarına qarşı çıxaraq qapısına möhür vurulan aptek məntəqələrini açıb. Bu işdə ona «Avromed» şirkətinin əməkdaşı Elşad Abdullayev yaxından köməklik göstərib. Aptek müdirinin fəaliyyətindəki neqativ məqamlarla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
Adının gizli qalmasını istəyən mənbənin verdiyi bilgiyə görə, Rəhman Abdullayev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən geyim dükanını ayı 1000 manata «Riyad Farm» dərman şirkətinə icarəyə verib: «Onun niyyəti Şirvanın dərman bazarını bərbad hala salmaqdır. Ki, bu istəyinə nail olmaq üzrədir. Çünki rayon ərazisində fəaliyyət göstərən ən böyük apteklər ona məxsusdur. Şirvanın dərman bazarını monopoliyaya alıb. Mərkəzi Xəstəxanada və digər tibb ocaqlarında çalışan həkimlər xəstələri Rəhmanın apteklərinə göndərirlər. Həmin əczaçılıq müəssisələrində yararsız vəziyyətə düşmüş, istifadə müddəti bitmiş, keyfiyyəti və təhlükəsizliyi müəyyən edilmiş tələblərə cavab verməyən, mənşəyi məlum olmayan dərman preparatları satılır. Nazirliyin məsul işçiləri bu şəxsə aid olan apteklərdə dəfələrlə keyfiyyətsiz dərman məhsullarının satıldığını aşkara çıxarıblar.
Buna baxmayaraq, aptek müdiri qanundan kənar fəaliyyətinə son qoymaq fikrində deyil. Məlumunuz olsun ki, Şirvanda son aylar dərman məhsullarından zəhərlənmə hallarının sayı xeyli artıb. Özü də zəhərlənən şəxslər dərmanları Rəhman Abdullayevin apteklərindən alıblar. Bu onu göstərir ki, biznesmenin satışa çıxardığı dərmanlar keyfiyyətsizdir və insan həyatı üçün təhlükəlidir. Ən qəribəsi həmin apteklərə əksər hallarda gənclərin müraciət etməsidir. Adətən cavan adamlar sağlam, gümrah olur. Rəhmanın aptekləri sanki gənclərin cəmlənmə məkanına çevrilib. Özü də aptekə həmişə eyni gənclər gəlir. Görəsən, onlar Rəhman Abdullayevin apteklərindən nə alırlar? Bu məsələnin üstünə düşmək lazımdır. Bundan başqa, aptek müdiri harda oturur deyir ki, mənə heç kim bata bilməz pulumu verib işimi görürəm. Bu qədər özbaşınalıq olmaz. Şirvanlıların nazir Oqtay Şirəliyevdən xahişi Rəhman Abdullayevin qanunsuz olaraq işlətdiyi apteklərin bağlanmasıdır».
Qeyd edək ki, "Dərman vasitələri haqqında” Qanuna əsasən, ölkəyə gətirilən bütün dərmanlar dövlət reyestrindən keçməlidir. Bu qanuna görə respublikaya gətirilən dərmanların idxal seriyası Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin laboratoriyasında yoxlanılır. Yoxlanma nəticəsində heç bir nöqsan aşkar olunmursa, ona Səhiyyə Nazirliyi tərəfindən uyğunluq sertifikatı verilir. Bundan sonra həmin dərman qoruyucu nişan olan holoqramla təmin olunur və respublikada satışına icazə verilir. Deyilənə görə, «apteklər kralı» bu tələblərə heç bir əhəmiyyət vermir. Gələn saylarımızda «Kamaz» sürücüsünün apteki və kafesi barədə maraqlı məlumatları açıqlayacağıq. Bizi izləyin.
Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini dərc edə bilərik.gundelik-baku
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər