BolgeXeber.Com » Gündəm » Qayda pozan sürücülər DYP-yə çağırılmayacaq

Qayda pozan sürücülər DYP-yə çağırılmayacaq

31-05-2014, 15:25
Oxunub: 4 842 Kamran Əliyev: “İndi protokol vətəndaş tərəfindən qəbul edildikdən sonra cərimə müddəti hesablanmağa başlayacaq”

“Sürücülərə bir qədər də şans verildi. İndi qaydaları pozanların sürücülük hüquqları bir qədər gec, yəni 20 bala çatdıqda məhdudlaşdırılacaq. Güman edirik ki, sürücülər bundan sui-istifadə edib balla qiymətləndirilən qaydaları pozmazlar”. Bunu İnzibati Xətalar Məcəlləsində yeni dəyişiklikləri şərh edən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev söylədi.

Onun sözlərinə görə, yeni dəyişikliyə görə, sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilib. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 12-dən 20-yə qaldırılıb. 20 cərimə balı toplandıqda sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq. Əvvəlki məcəllədə sürücülük hüququ 2 aydan 1 ilədək məhdudlaşdırılırdı. Bu da sürücülərin şanslını bir qədər də artırır. Onlar bu məsuliyyəti dərk edib, qaydaları pozmamalıdırlar".

K.Əliyev bildirdi ki, yeni qaydalara əsasən inzibati xətaya yol vermiş şəxs daha DYP-ə çağırılmayacaq: “Qaydanı pozan şəxsin inzibati izahatının alınması ilə bağlı yol polisinə çağırılması qadağan olundu. Artıq buna ehtiyac da yoxdur. İndi göndərilən protokol vətəndaş tərəfindən qəbul edildikdən sonra cərimə müddəti hesablanmağa başlayacaq. Sürücü hesab etsə ki, doğrudan da o qaydanı pozub və bunu sübut edən foto şəkil ona aiddir, həmin gün gedib bankda cəriməsini ödəyə biləcək”.

“Avtostop” radio verilişinin aparıcısı Tural Yusifova görə, yeni dəyişikliklə bağlı təklifləri o iki il öncə verib. Jurnalist “avtostop.tv” saytında yazdığı “12 bal 20 bal oldu” məqaləsində sürücüləri yeniliklərlə tanış edib: “Yeni qaydalara əsasən siz inzibati pozuntu etdikdə qayda pozuntusu foto və ya video vasitəsi ilə qeydə alınıbsa, o zaman protokol sizə elektron yolla tərtib olunur, ünvanınıza (və etibarnaməsi olan sonuncu şəxsin) göndərilir. 10 gün ərzində bu protokoldan şikayət verilməsə cərimə sistemə vurulur. Həmçinin dayanma-durma qaydalarını pozduqda sizə elektron yolla protokol dərhal göndərilir. Və mərkəzi sistemə daxil edilir. Artıq siz cərimə meydançasına gəldikdə cərimə sistemdə olur və dərhal ödəniş etmək imkanınız olur. 2 il bundan öncə biz bir təklif vermişdik. İndi həmin təklif qanuni qüvvəsini alıb. Bundan sonra sürücülərin öz elektron kabineti olacaq. DYP internet resurs yaradır. Bu resursda siz qeydiyyatdan keçərək, yazılmış protokollarla tanış olursunuz. Burada cəriməniz və ya radarlarınız hər biri olacaq”.

T.Yusifovun sözlərinə görə, yeniliklər bununla bitmir: “Son vaxta qədər inzibati protokoldan şikayət yalnız poçt və ya bir başa verilmə ilə məhdudlaşırdı. İndi isə siz internetdən inzibati qərarla bağlı şikayət göndərə bilərsiniz. Müddət 10 gündür. Qanuna əsasən faiz hesablanması 2 %-dən 1 %-ə endirilib. Daha bir dəyişiklik isə avtomobillərin qeydiyyatı ilə bağlıdır. Avtomobil qeydiyyata qoyduğunuz zaman özünüz haqqında ətraflı məlumatı verməyə borclusunuz. Bu məlumatlar verilmədikdə avtomobil qeydiyyat alınmayacaq. Buraya telefonlar, e-maillər, ünvanlar və iş yeri haqqında məlumatlar daxildir. Mühüm yeniliklərdən biri isə təkrar qeydiyyatla bağlıdır. Tutaq ki, siz Bakı qeydiyyatındasınız, aldığınız avtomobil isə Gəncədə qeydiyyatındadır. İndi daha Gəncəyə gedib tranzit nömrə almağa ehtiyac yoxdur. Qanun dəyişdi. Bakıda qeydiyyat aparıldığı zaman Gəncə qeydiyyatı avtomatik ləğv olunur”.