BolgeXeber.Com » Gündəm » Qafqaz Xəbər Agentliyinin baş direktoru daxili işlər nazirinə müraciət etdi

Qafqaz Xəbər Agentliyinin baş direktoru daxili işlər nazirinə müraciət etdi

1-06-2014, 11:05
Oxunub: 4 545 "Məlumatdan bəlli olurdu ki, Gəncədə avtoxuliqanlıq etmək üçün avtoşların 250 manat ödəməsi kifayətdir"

Azərbaycan Respublikasının
Daxili İşlər Naziri
Cənab Ramil Usubova
Cənab nazir!
Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) daxil olan məlumatlar əsasında Gəncə Şəhər Dövlət Yol Polis Şöbəsində baş verən qanunsuzluqlardan bəhs edən yazı dərc etmişdik. Məlumatdan bəlli olurdu ki, Gəncədə avtoxuliqanlıq etmək üçün avtoşların 250 manat ödəməsi kifayətdir və avtoşlardan pul yığmaq məsələsinə Gəncə DYPŞ-nin rəis müavini Ramin Şabanovun sürücüsü Anar Abdullayev baxır.
Yazının dərcindən sonra redaksiyamıza telefon açaraq özünü gah Gəncə ŞBPİ-nin əməliyyatçısı, gah da Daxili İşlər Nazirliyinin Gəncəyə ezam olunan zabiti kimi təqdim edən Rəşad adlı şəxs bizdən tələb edirdi ki, “dostum Anar Abdullayevlə bağlı yazını silin”.
Araşdırma nəticəsində bizə məlum oldu ki, özünü DİN-in zabiti kimi təqdim edən şəxs Gəncə şəhərində “Siqnalizasiya və kamera quraşdırma” işi ilə məşğul olan Rəşad Aydın oğlu Həqqidir.
Bu şəxsin özünü DİN-in zabiti kimi təqdim etməsinin qanunsuz və yolverilməz olduğunu ictimailəşdirəndən sonra özünü “Yeni səhər” qəzetinin baş redaktoru kimi təqdim edən Cənnət Əliyev zəng edərək Rəşad Həqqinin müdafiəsinə qalxaraq, bizə hədə-qorxu gəlməyə, təhdid eləməyə başladı.
Cənab nazir!
Yuxarıda qeyd etdiyimiz hər iki faktla bağlı tədbir görülməsi üçün tabeçiliyinizdə olan müvafiq qurumlara göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə, Mahmud Rasimoğlu Tağıyev