BolgeXeber.Com » Gündəm » Sabirabadı kimlər, necə idarə edir?

Sabirabadı kimlər, necə idarə edir?

4-06-2014, 11:35
Oxunub: 4 424 RTŞ müdirinin “Sabirabad uğrunda mübarizəsi” heç də yeni məsələ deyil

Sabirabad rayonunda məmurların getdikcə qızışmaqda olan nüfuz savaşından bəhs edən faktları diqqətinizə təqdim etmişdik. Təbii ki, bu nüfuzun əsas göstəricilərindən biri də rayonda müxtəlif vəzifələrə məhz kimin kadrlarının təyin olunması məsələsidir. Materialda da qeyd olunduğu kimi bu savaşın mərkəzində duran əsas simalardan biri də Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyatovdur. Əslində RTŞ müdirinin “Sabirabad uğrunda mübarizəsi” heç də yeni məsələ deyil. Xatırlayırsınızsa hələ bir müddət əvvəl qəzetimizdə dərc olunmuş materiallarda biz dəfələrlə bu məsələyə toxunmuşduq. Həmin materiallarda biz göstərmişdik ki, E.Bünyatov Sabirabadın keçmiş icra başçısı Heydər Abbasovun müavinlərindən biri olmuş Vəfadar Axundovun yaxın qohumudur. Həmçinin biz qeyd etmişdik ki, RTŞ rəisi vəzifəsinə də E.Bünyatov məhz V.Axundovun himayəsi sayəsində təyin edilmişdi. Lakin sonralar məlum silahlı insident barədə yayımlanan materiallarda da bu qohumluq əlaqələri xatırlansa da, RTŞ müdiri özü V.Axundovla əsil münasibətlərini məlum səbəblərdən maksimum pərdələməyə çalışmışdı. Vəfadar Axundov isə adının Sabirabad RTŞ-nin müdiri ilə əlaqədar hər hansı olayda hallanmasında ikiqat maraqlı deyildi. Bir tərəfdən artıq neçə müddətdir ki, E.Bünyatov-V.Axundov tandemi Sabirabad rayonunda nəzarəti ələ keçirmək üçün əməlli-başlı mübarizə aparırlar. Belə ki, özünü yenidən at belində hiss edən V.Axundov “revanş” almaq iddiasındadır. Daha dəqiq desək, bu iki qohum məmurun birgə səyləri Sabirabad RİH-nin başçısı Nazim İsmayılovun vəzifədə məhz E.Bünyatovla əvəzlənməsinə nail olmağa yönəldilmişdi. İkinci bir tərəfdən isə çox güman ki, artıq V.Axundov da Elman müəllimin timsalında heç də etibarlı bir tərəfdaşa malik olmadığını dərk edir. Çünki əvvəllər idman müəllimi işləmiş və hazırda tutduğu vəzifəyə belə nə təhsil, nə də təcrübə baxımından qətiyyən müvafiq olmayan, üstəlik neqativ şəxsi keyfiyyətləri və əliəyriliyi ilə də kifayət qədər tanınan Elman Bünyatovun RİH başçısı kimi məsul bir vəzifəyə namizədliyi böyük ehtimalla ciddi dairələrdə müzakirəyə belə çıxarıla bilməz. İndi isə aldığımız məlumatlara görəartıq Vəfadar Bağırovun adamları RİH rəhbərliyi tərəfindən hədəfə alınıb. Daxil olan informasiyaya əsasən rayonun təhsil şöbəsinin müdiri Elman Bunyatov hazırda icra başçısının birinci müavini işləyən Həsən Həsənovla açıq savaş aparmaq məcburiyyətində qalıb. Məlumatlarda bildirilir ki, Həsən Həsənov faktiki olaraq sələfi Vəfadar Bağırovun ən yaxın adamlarını hədəfə alıb. İlk növbədə də məhz Elman Bünyadovun sıradan çıxarılmasına başlanılıb. Məlumatlara əsasən yaxın günlərdə Həsən Həsənov təhsil şöbəsinin müdirini yola salmaq üçün plan üzərində işləyir. Mənbələrin deməyinə görə Sabirabadda 1 saylı Sabir adına şəhər məktəbinə direktor təyinatı uğrunda mübarizədə pik həddə çatıb. Bildirilir ki, 3 il öncə rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləyərkən Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə vəzifədən uzaqlaşdırılmış Məleykə Həsənova hazırda bu vəzifəyə əsas namizədlərdən biridir. Lakin onun namizədliyi heç də rayon ziyalıları tərəfindən birmənalı qarşılanmır. İlk növbədə məktəbin pedaqoji kollektivi ciddi nöqsanlarına görə təhsil şöbəsinin müdirliyindən qovulmuş belə bir şəxsin direktor təyinatına qarşı qəti etirazlarını bildirirlər. Bir qrup müəllim isə artıq narazılıqlarını prezident administasiyasının həmin rayon üzrə kuratoru Dəyanət Abdullayevə çatdırıblar. Göründüyü kimi Sabirabadda məmurların nüfuz savaşı artıq kulminasiya nöqtəsinə çatmaq üzrədir. Ehtimal etmək olar ki, bu savaşın sonunda E.Bünyatovun tutduğu vəzifədə qalıb-qalmayacağı da məlum olacaq...