BolgeXeber.Com » Gündəm » İsmayıl Orucovla Vüsal Azadovun açdıqları atəşlərin fərqləri

İsmayıl Orucovla Vüsal Azadovun açdıqları atəşlərin fərqləri

5-06-2014, 11:10
Oxunub: 4 271 Biri həbs olunur, deputat oğluna isə gözün üstdə qaşın var deyən yoxdur
Bakıda “BMW X6" markalı avtomobillə ”avtoş"luq edib tapançadan havaya atəş açan Füzuli rayon sakini Vüsal Azadov tutulub. Əla! Ondan nömrəsiz “Makarov” markalı tapança götürülüb. Lap yaxşı! Amma bu həbsetmə əməliyyatı yaxşı olmayan bir olayı da yada saldı. 2013-cü il noyabrın 13-dən 14-nə keçən gecə deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açmışdı.

Həmin vaxt “Nissan Juke”da 2 qadın olmuşdu - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova. “Yeni Müsavat” daxil bütün qəzetlər, saytlar deputat oğlunun Bakının ortasında 2 saat “avtoş”luq edib ailəli olan xanımların olduğu maşına güllə atmasından yazdı. Üstəlik, məlum oldu ki, deputat oğlu hadisəni törətdiyini inkar etmir, bu hərəkətini “kefinin kök” olması ilə əlaqələndirməkdən də çəkinmir. Amma onu həbs etmədilər.

Görəsən, Vüsal Azadova fərqli münasibətin kökündə nə dayanır? V.Azadov deputat oğlu deyil? Yoxsa onun “avtoş”luq etdiyi maşın “Mercedes Galenvagen” markalı olmayıb? Bəlkə istifadə etdiyi silahın markası ilə deputat oğlunun istifadə etdiyi tapançanın markası üst-üstə düşmür? Və ya Vüsal Azadovun atası da mütləq “avtoş”luğa görə cəza müəyyən edən qanunverici orqanda oturmalı, orada dost-tanışı olmalı idi?

Bu suallar nə qədər absurd görünürsə, İ.Orucovun da istintaqa cəlb edilməməsi bir o qədər absurddur. İ.Orucovun “kefinin saz” vaxtı törətdiyi olaydan sonra Yevlax gömrüyünün rəisinin oğlu, polis əməkdaşı Tural Həsənovun və Rahib Abdulbağırov adlı şəxsin Zığ şossesində “BMW X6" və ”Lada Priora" avtomobilləri ilə saatda 240 kilometri keçən sürətlə yarışa çıxdıqlarını əks etdirən videokadrlar sosial şəbəkələrdə, daha sonra saytlarda yayıldı. Bunun ardınca onların hər ikisi həbs edildi. T.Həsənova 20, R.Abdulbağırova 15 sutka həbs verildi.

Həmçinin T.Həsənov polis orqanlarından qovuldu, atası Əliməmməd Həsənov isə vəzifəsindən çıxarıldı.

Bu il martın 15-də isə Suraxanı rayonu, Zığ şossesində Vüqar Abdullayevin idarə etdiyi “VAZ-2106" markalı Az 10 NB 466 nömrə nişanlı avtomobilə ”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun yüksək sürətlə idarə etdiyi “Mercedes-Benz G-55" markalı, Az 90 FE 007 nömrə nişanlı avtomobil çırpıldı. Nəticədə ”VAZ-2106"da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü, xalq artisti Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri aldılar. Bu olaydan sonra Mübariz Mədətov işdən qovuldu, oğlu Xalid Mədətov isə həbs olundu. Belə faktların ortada olduğu bir vaxtda deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun istisna hal kimi törətdiyi cinayətə görə kənarda qalması, sadəcə, anlaşılmır. Cəmiyyət üçün bu şəxslərdən hansının etdiyi hərəkət daha təhlükəlidir?

Prezident İlham Əliyevin qanunlara məhəl qoymayan qudurğan məmur balalarının cəzalandırılacağı, onların atalarının vəzifələrindən qovulacağı haqda çıxışı yaddan çıxıb? Prezidentin tapşırığına bu formada yanaşılmasının səbəbi nədir? A.Orucova və onun oğluna prezidentin tapşırığının şamil olunmaması kimlərin marağındadır? Yazmışdıq, bir də xatırladaq - hələlik bu suallara cavab verən yoxdur. Amma bu o demək deyil ki, bu sualların cavabı ümumiyyətlə olmayacaq.