BolgeXeber.Com » Gündəm » Sabirabad səhiyyəsinin Əziz Mikayılov problemi

Sabirabad səhiyyəsinin Əziz Mikayılov problemi

16-06-2014, 11:10
Oxunub: 4 575 Mərkəzi Xəstəxananın baş həkimi Əlifağa Nadirova rəhmət oxutdurur
Hamilə qadınlar üzərində cərrahiyyə əməliyyatları qeyri-peşəkar ginekoloq-həkimlər tərəfindən aparılır
Son vaxtlar ana və uşaq ölümlərinin sayında müşahidə edilən artım həyacan siqnalının çalınmasına səbəb olub. Daha çox bölgələrdə qeydə alınan bədbəxt hadisələr ictimaiyyət nümayəndələrinin diqqətini bu məsələyə cəlb edib. Ekspertlər doğuş zamanı qeydə alınan ölüm hadisələrində birmənalı olaraq həkimləri günahkar bilirlər. Düzdür, bu tip olaylarda hamilə xanımların da məsuliyyətsizliyi öz sözünü deyir. Amma bu, nadir hallarda ola bilər.

Qeyd edək ki, növbəti bədbəxt hadisə Sabirabad rayonunda qeydə alınıb. Belə ki, Gülbəniz Məhərrəmovanın dünyaya gətirdiyi uşaq kəskin ürək çatışmazlığındən ölüb. Uşağın çəkisi 2 kilo 900 qram olub, dünyaya gələrkən də onun ürək döyüntüləri zəif olub. Məsələ ilə bağlı açıqlama verən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının həkimi Rəna Rəsulova deyib ki, Gülbəniz Məhərrəmova hamiləliyinin 7 ayına qədər Bakıda müalicə edilib:

«Doğuşu planlaşdırmaq məqsədilə bizim xəstəxanaya müraciət edilib, qeydiyyata alınıb. Xəstənin sözlərinə görə, ötən gün USM-dən keçib və ona suyun çox az olduğunu deyiblər. Bakıdakı həkimləri ilə əlaqə saxlayıblar, həkim natrium xlorid köçürülməsini məsləhət görüb. Gecə saatlarında ağrılar başlayıb, bədənin mayesi axıb, tam açılışla xəstəxanaya gətiriblər. Növbətçi həkim Badam Fərzəliyeva xəstəni qəbul edib. Yarım saat ərzində uşaq doğulub». Həkim uşağın ölümünə valideyn məsuliyyətsizliyinin səbəb olduğunu desə də, bu işdə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında çalışan şəxslərin də günahı az deyil. Bu, ana və uşaq ölümü ilə bağlı xəstəxanada qeydə alınan ilk fakt olsaydı, həkimi başa düşmək olardı. Araşdırmalarımız göstərir ki, Əziz Mikayılovun baş həkimi olduğu Sabirabad Mərkəzi Xəstəxanasında buna oxşar hadisələr daha əvvəl də baş verib. Məsələn, 2011-ci ilin may ayında Sabirabadın Doğum Evində doğuş zamanı dörd ölüm hadisəsi qeydə alınıb. Həmin vaxt xəstəxanada övlad dünyaya gətirərkən dörd ana dünyasını dəyişib.

2012-ci ildə isə rayon sakini Billurə Zeynalova doğuş zamanı ölüb. Yəni bu o deməkdir ki, xəstəxananın doğum şöbəsində vəziyyət ürəkaçan deyil. Redaksiyamıza daxil olan məlumatlara görə, Sabirabad Mərkəzi Xəstəxanasının doğum evi və perenatal mərkəzində hamilə qadınlar üzərində cərrahiyyə əməliyyatları qeyri-peşəkar ginekoloq-həkimlər tərəfindən aparılır: «Xəstəxananın doğum şöbəsində lazımi tibbi avadanlıqlar olsa da, həkimlər bundan istifadə etməyi bacarmır. Bəzi həkimlərin savadı istənilən səviyyədə deyil. 205 çarpayıdan ibarət olan xəstəxanada ümumiyyətlə, tibbi xidmətlər çox aşağıdır. Cərrahiyyə, reanimasiya, terapiya, mamalıq-ginekoloji, nevroloji, yoluxucu xəstəliklər, pediatriya, vərəm əleyhinə xəstəxana, poliklinika şöbəsində vətəndaşlara keyfiyyətli səhiyyə xidmətləri göstərilmir. Həkimlərin və şöbə müdirlərinin gözü vətəndaşların cibindədir. Xəstəxanada 558 nəfər tibb işçisi çalışır. Bunlardan 122 nəfəri həkim, 136 nəfəri isə orta tibb işçisidir. Onların hər biri ayrı-ayrılıqda günün sonunda baş həkimə «hesabat» verirlər. Xəstəxananın tibbi heyəti sabiq baş həkim Əlifağa Nadirova rəhmət oxuyurlar. Çünki Əziz həkimin yersiz tələbləri onları bezdirib. Amma işlərinin xətrinə xəstəxana rəhbərinin bütün tapşırıqlarını etiraz etmədən yerinə yetirirlər. Məhz baş həkimin bu kimi qanunsuz işlərinin nəticəsində Sabirabadın səhiyyə sistemi yaman günə düşüb». İnanırıq ki, səhiyyə naziri hörmətli Oqtay Şirəliyev onun etimadını doğrulda bilməyən Əziz Mikayılovun fəaliyyətini nəzarətə götürüb Sabirabad Rayon Mərkəzi Xəstəxanasında mövcud olan problemlərin yoluna qoyulması barədə zəruri tədbirlər görəcək. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.gundelik-baku