BolgeXeber.Com » Gündəm » Baş redaktor yüksək vəzifəli məmurun oğlu tərəfindən təhdid və təhqirə məruz qalıb

Baş redaktor yüksək vəzifəli məmurun oğlu tərəfindən təhdid və təhqirə məruz qalıb

17-06-2014, 18:45
Oxunub: 3 905 Bu gün axşam saatlarında Xətai metrosunun yaxınlığında Bolgexeber.com saytının baş redaktoru Vasif Turan naməlum şəxs tərəfindən təhdidə məruz qalmışdır. Belə ki, 90-EG-111 dövlət nömrə nişanlı “Cip” markalı avtomobili idarə edən şəxs Vasif Turana məxsus avtomobilin qabağını kəsmiş və bildirmişdir ki, baş redaktor idarə etdiyi avtomobil ilə onun maşınını zədələmişdir.

Ancaq sayt rəhbəri bildirmişdir ki, o heç bir yol hərəkəti qaydasını pozmayıb və əgər onun avtomobili həmin adamın avtomobilinə toxunsaydı maşında hər hansı bir iz qalardı. Lakin məlum olub ki,həmin avtomobildə cızıq belə yoxdur. Amma buna baxmayaraq həmin şəxs açıq-aşkar baş redaktora böhtan atmış və ona hədə -qorxu gələrək bildirmişdir ki, onun atası yüksək vəzifəli məmurdur və buna görə ona hər şey keçərlidir. Hadisə yerinə gələn Xətai rayon yol polisləri “Cip” sahibinin iddiasına təəccüb ediblər. Çünki avtomobildə zərrə qədər də olsa əzik görünməyib.

Lakin bütün bunlara baxmayaraq həmin şəxs baş redaktoru təhqir etməkdə davam etmiş və onu cəzəlandıracağını bildirmişdir. Ən maraqlısı odur ki, araşdırma zamanı məlum olmuşdur ki, 2003-cü ildən həmin maşın axtarışdadır. Buradan da belə nəticə çıxartmaq olar ki, həmin adam həqiqətən yüksək vəzifəli məmurun oğludur və yol polisləri məmur atasına arxalanan həmin şəxsdən çəkinirlər.

Əks halda axtarışda olan maşın sahibi məsuliyyətə cəlb edilməli idi. Məsələ ilə əlaqədar sayt rəhbəri artıq aidiyyatı qurumlara müraciət etmişdir. Baş redaktor həmçinin mətbuat vasitəsilə Daxili işlər naziri cənab Ramil Usubovun bu məsələni nəzarətdə saxlaması üçün ona müraciət edəcəyini bildirmişdir.
Mövzunu diqqətdə saxlayacağıq.
Bolgexeber.com