BolgeXeber.Com » Gündəm » Bayrağın cırılmasında günahkar olan məmur...

Bayrağın cırılmasında günahkar olan məmur...

23-06-2014, 11:20
Oxunub: 3 056 Azərbaycan bayrağı cırıldı. Onu külək cırdı. Küləyi vətəni sevməməkdə ittiham etmək olarmı? Yox.

Amma buna görə günahkar olanları məsuliyyətə cəlb etməyə dəyər. Axı söhbət Azərbaycan Respublikasının əsas və rəsmi simvollarından birinin taleyindən gedir.

Bəs buna görə məsuliyyəti kim daşıyır? Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ünvanına bu faktla bağlı səslənən ittihamlarla razılaşmaq olmaz. Abutalıbovu tənqid etmək olar və lazımdır, amma bu hadisəyə görə yox... Çünki buna görə məsuliyyət daşımalı olan başqa ünvan var.

Prezidentin 24 noyabr, 2010-cu il tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi yaradılıb. 2011-ci il, aprelin 27-də isə həmin idarəyə rəis də təyin olunub. Bu, Rəşad Rəfael oğlu Məmmədovdur. Nə baş verdiyini ondan soruşmaq lazımdır.

Əlbəttə, cənab Məmmədov da istəməzdi ki, belə olsun. Tutaq ki, Məmmədov peşəkar və vətənpərvər kadrdır. Lakin fakt faktlığında qalır - Azərbaycan bayrağı vaxtında endirilməyib və buna görə də güclü küləkdən cırılıb.



Ən pisi də odur ki, bu hal ilk dəfə deyil baş verir. Tutaq ki, birinci dəfə təcrübəsizlik və təsadüf üzündən belə olmuşdu. Amma bu, artıq ənənəyə çevrilirsə, onda necə?! Bu, səhvdən də betərdir, əslində cinayətdir.

Əgər Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəhbərliyi belə halın baş verməsini istəmirdisə, bunun qarşısını ala bilərdi. Bunun üçün elementar bir addımı atmaq, məsələn, hava haqqında məlumatla tanış olmaq kifayət idi.


Hidrometeoroloqlar hələ iyunun 20-də xəbərdarlıq etmişdilər ki, iyunun 22-də Bakıda güclü şimal-qərb küləyi əsəcək. Amma idarə vaxtında tədbir görmədi, bayraq endirilmədi. Parçalara bölünmüş bayrağımızı görmək yəqin ki, bütün azərbaycanlıların ürəyini ağrıdırdı...

Belə bir ağrı yaşamayaq deyə cənab Məmmədov da, idarənin digər məsul şəxsləri də ciddi şəkildə cəzalandırılmalıdır. Lap vəzifələrindən çıxarılmağa qədər... Axı onlar bayrağı qorumağa görə dövlət büdcəsindən maaş alırlar. Amma öz əsas işlərini görə bilmirlər.virtualaz.org