BolgeXeber.Com » Gündəm » Bakı DYPİ-nin əməkdaşları sürücüləri boğaza yığıb

Bakı DYPİ-nin əməkdaşları sürücüləri boğaza yığıb

25-06-2014, 09:55
Oxunub: 5 271 10-YP-350 nömrəli avtomobildə xidmət aparan yol polisləri işlərini düzgün təşkil etmir

Varlı və məmur balalarının idarə etdiyi maşınları saxlaya bilməyən qanun işçilərinin gücü ancaq kasıblara çatır.
Son vaxtlar ölkə ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən illərlə müqayisədə xeyli artıb. Bu cür xoşagəlməz hadisələrin baş verməsinə müxtəlif amillər səbəb olur. Məsələn, sürücülər bəzi hallarda sərxoş halda sükan arxasına əyləşərək avtomobili yüksək sürətlə idarə edirlər. Nəticədə idarəetməni itirən sürücü ya digər nəqliyyat vasitəsinə çırpılır, ya da piyadaları vurur. Baş verən avtoqəzaların bir çoxu insan itkisi ilə nəticələnir.

Yol-nəqliyyat hadisələrinin çoxalmasında digər səbəb sürücülərin yol hərəkəti qaydalarının tələblərini bilərəkdən pozmasıdır. Belə ki, bəzi vəzifəli şəxslərin övladları idarə etdikləri bahalı avtomobillərlə paytaxt küçələrində «avtoş»luq etməklə yol hərəkəti qaydalarını kobud surətdə pozurlar. Nə yazıq ki, yol polisi əməkdaşları həmin məmur övladlarına qarşı heç bir tədbir görmürlər. Bu günlərdə Bakının Xətai prospektində dövlət nömrə nişanı olmayan avtomobil görüntüləndi. Müxtəlif saytlarda yerləşdirilən videoda "Mercedes-Benz GLS” markalı avtomobilin sürücüsünün dövlət nömrə nişanı olmadan hərəkət etdiyi aydın şəkildə görülür. Avtomobilin sahibi isə maşını nömrəsiz idarə etməsini müxtəlif səbəblərlə izah etməyə çalışıb. Amma imkanlı və vəzifəli şəxslərin övladlarında özlərini yuxarıdan aparmaq xasiyyəti olduğundan onlar nömrəsiz maşın sürməyi özlərinə fəxr bilirlər. Yəni törətdikləri əməllərə başqa don geyindirə bilməzlər. Bayaq da qeyd etdiyimiz kimi, yol polisi sistemində çalışan səlahiyyətli şəxslərin bir qismi bəzi məmurların uşaqlarının törətdiyi hadisələrə bilərəkdən göz yumurlar. Daha doğrusu, onlar başlarının ağrımasını istəmirlər. Buna misal olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşlarını göstərə bilərik. Redaksiyamıza daxil olan məlumatlara görə, idarənin 10-YP-350 nömrə nişanlı avtomobilində xidmət aparan polis əməkdaşları öz işlərini düzgün şəkildə təşkil etmirlər.

Adının çəkilməməsini xahiş edən şəxsin verdiyi məlumata görə, ümumiyyətlə, DYPİ-nin əməkdaşları sürücüləri qaydanı pozmadıqları halda saxlayıb cərimə yazmağa sanki vərdiş ediblər: «Şöbənin işçilərinin vəzifələrinə uyğun hərəkət etməmələrinin səbəbkarı rəis Nuşirəvan Səfərovdur. Rəis xidmətə çıxan şəxslərlə hər günün sonunda söhbət aparır. Buna görə də şəhər «QAİ»sinin işçiləri rəisin tapşırıqlarını qarşılamaqdan ötrü qaydanı pozan, pozmayan sürücülərin hamısını saxlayıb onlara cərimə protokolları yazırlar. Təbii ki, bu, hamıya aid deyil. Məsələn, bir neçə gün əvvəl Bakı küçələrində nömrəsiz hərəkət edən «Mercedes GLS 63» markalı maşın dəfələrlə yol polisi işçilərinin gözü qabağından keçib. Amma yol polisləri avtomobilin sürücüsünü saxlayıb maşını cərimə meydançasına aparmaq yerinə ona «çest» veriblər. Ucuz maşınlar sürən və arxasında dayağı olmayan sürücüləri isə heç bir səbəb olmadan saxlayıb cərimələyiblər. Qanun təkcə kasıblar üçündür? Bəzi sürücülər yol polisi əməkdaşlarından haqqını tələb etdiyinə görə birbaşa idarəyə aparılır.

Rəis bütün işçilərinə təlimat verib ki, hansı sürücü problemini həll etmək istəyirsə, ona şərait yaratsınlar. Gün ərzində onlarla sürücü radarla bağlı şöbəyə yaxınlaşır. Və həmin şəxslər şöbənin aidiyyəti işçilərinə radarı sildirirlər. Mövcud qanunvericiliyə görə isə qanun pozuntusundan asılı olaraq cərimə ödənməlidir».

Bakı DYPİ-nin bütün əməkdaşlarına, ələlxüsus da 10-YP-350 nömrəli maşında xidmət aparan heyətinə demək istəyirik ki, bacarırlarsa qanunu hamıya şamil etsinlər. Yəni sürücülər arasında ayrıseçkilik salmasınlar. Yox bunu bacarmırlarsa, o zaman kasıb-kusubu heç bir qayda pozuntusu olmadığı halda saxlayıb cərimələməsinlər. İnanırıq ki, DİN rəsmiləri Bakı DYPİ-də mövcud olan nöqsanları tezliklə aradan qaldırıb qanunu pozan yol polisi əməkdaşlarını cəzalandıracaq.gundelik-baku

Qarşı tərəf münasibət bildirmək istəsə, şərait yaradarıq.