BolgeXeber.Com » Gündəm » Hansı icra başçılarına xəbərdarlıq edilib?

Hansı icra başçılarına xəbərdarlıq edilib?

14-07-2014, 00:55
Oxunub: 4 923 Bəzi məmurlardan paytaxta şikayətlər artıb

Bir sıra rayonların icra hakimiyyətlərinin rəhbərlərinin fəaliyyətindəki nöqsanlar onların etimadı doğrultmamalarından xəbər verir. Məsələn mətbuatda yayılmış məlumatlara görə, Neftçala rayon İcra Hakimiyyəti rəhbərliyinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon Şöbəsinin fəaliyyətində yer almış bəzi mənfi hallar mövcuddur. Məlumatlarda Neftçala RİH-nin başçısı İsmayıl Vəliyev tərəfindən rayonda fəaliyyət göstərən sahibkarların hüquqlarının bir çox hallarda tanınmaması, sahibkarlıq fəaliyyəti, icarə münasibətləri və digər qarşılıqlı münasibət formalarını tənzimləyən ölkə qanunlarının kobud şəkildə pozulması hallarının olduğu deyilir.

Aldığımız yeni məlumatda isə Neftçala RİH-nin rəhbərliyi tərəfindən bu dəfə də "Azər-Aqrobiznes” MMC-nin hüquqlarının kobud şəkildə pozulduğu xəbər verilir. Məsələnin mahiyyəti digər analoji vəziyyətlərdən prinsip etibarı ilə fərqlənmir. Bildirilir ki, İsmayıl Vəliyev bir müddət əvvəl RİH tərəfindən verilmiş rəsmi sənədləri "etibarsız” kimi təqdim etməyə cəhd göstərib, bu həddindən artıq şəffaf pərdənin örtüyü altında isə Neftçala sahibkarlarına qarşı "səlib yürüşünü” davam etdirməyə çalışır. Bölgələrdən gələn xəbərlərdə bildirilir ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev də kadr siyasətini qeyri-düzgün həyata keçirir. Belə ki, o, müxtəlif yollara baş vurmaqla ən mühüm vəzifələrə məhz yaxın adamlarının təyin olunmasına nail olub. Bu və digər bir sıra önəmli məsələlərlə bağlı redaksiyamızı bilgilərindirən rayon sakinlərinin sözlərinə görə, əslən Zərdab rayonunun Qaravəlli kəndindən olan Lütvəli Babayev ixtisasca müəllimdir və 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ümumi texniki fənlər müəllimi ixtisasını bitirib. Lütvəli Babayevin icra başçısı vəzifəsinə təyin olunduğu gündən bir sıra mənfi halların yaranmasına göz yumduğunu iddia edən rayon sakinləri qeyd edirlər ki, artıq nəinki sadə vətəndaşlar, hətta sahibkarlar, kiçik və orta məmurlar belə, onun əməllərindən narazılıq edirlər: «Lütvəli Babayev rayondakı ən gəlirli sahələri inhisara alıb. Başçının razılığı olmadan heç bir iş adamının Zərdabda daşı daş üstündə qoya, sahibkarlıq fəaliyyətilə məşğul olmağa ixtiyarı çatmaz. Belə ki, artıq rayonumuzda fəaliyyət göstərən, əhalini işlə təmin edən sahibkarların fəaliyyətinə müdaxilələrin olması, onlara qarşı müxtəlif əsassız qadağaların tətbiq olunması artıq adi hala çevrilib". Hazırda Zərdabda ət alverinin də icra başçısının nəzarətində olduğunu deyən şikayətçilərin bildirdiyinə görə, Lütvəli Babayev tapşırıqlarına əməl etməyənləri özünəməxsus tərzdə cəzalandırır:

"Bu gün Zərdab Rayon İcra Hakimiyyətində, həmçinin rayonun digər dövlət qurumlarında çalışan şəxslərin bir qismi icra başçısının fəaliyyətindən narazıdır. Lakin onlar bununla bağlı mövqelərini açıq şəkildə bəyan edə bilmirlər. Çünki Lütvəli Babayev ondan narazı olan hər kəsi müxtəlif üsullarla cəzalandırmaqla onların susdurulmasına nail olur. Məsələn, bir müddət öncə o, tabeliyində çalışan şəxslərdən birini ciddi təsir və təzyiqlərə məruz qoymuşdu.

Buna səbəb isə həmin şəxsin icra başçısının qanunla bir araya gəlməyən göstərişlərinə etiraz etməsi olub. Məhz bundan sonra Lütvəli Babayev qəzəblənib və tabeçiliyində çalışan şəxsə qarşı basqılarını çoxaldıb». Son günlər fəaliyyətindən narazılıqlar edilən icra başçılarından biri də Ucarın icra strukturunun rəhbəri Yaşar Məmmədovdur. Sakinlər deyir ki, vəzifədən gedəcəyini bilən icra başçısı Yaşar Məmmədov iş adamlarını, büdcə təşkilatında çalışanları təngə gətirib. İş adamları, büdcə təşkilatlarında çalışanlar, müəllimlər, bələdiyyə sədrləri başçının rayondakı məmurların özbaşınalıqlarına göz yummasından narazıdırlar. Görünür, vəzifədən gedəcəyini başa düşdüyü üçün başçı əsas vəzifələrini həyata keçirmək istəmir. Sakinlər bildirirlər ki, kəndlərin sakinləri sosial problemlər məngənəsində çabalasa da, icra başçısı Yaşar Məmmədov heç nə olmamış kimi öz işində-gücündədir. Sakinlər iddia edirlər ki, bələdiyyə sədrləri icra başçısına güvənərək, bildiyini edir və bu vəziyyət uzun müddətdir ki, davam edir: "Bəzi bələdiyyələrin sədrləri icra başçısı Yaşar Məmmədova arxalanır və hər dəfəsində onunla yaxınlığından istifadə edərək, kəndlərin sakinlərinə təsir və təzyiqlər edir.

Ümumiyyətlə, bu gün təkcə bir kənddə deyil, Ucarın əksər kəndlərində eyni vəziyyət hökm sürür. Hamı icra başçısından və onun adamlarından narazıdır”. Saysız-hesabsız problemlər məngənəsində sıxılan sakinlər deyəsən qarşıdan gələn növbəti qışı da qazsız keçirməli olacaqlar. Hazırda rayonda elə bir vəziyyət yaranıb ki, bir zamanlar Ucarı bütün respublikada, eləcə də keçmiş ittifaq miqyasında məşhur edən meyvə növləri sakinlərin yadına belə düşmür. İcra başçısı Yaşar Məmmədov təyinatının ilk günlərindən icra hakimiyyətində keçirilmiş bütün iclaslarda yaxın zamanlarda Ucar rayonunun bütün kəndlərinin təbii qazla təchiz olunacağına söz verib. Onun populist çıxışlarına aldanan rayon camaatı artıq neçə ildir, odun və yanacaq sarıdan da əziyyət çəkir. Bütün bunlar onu göstərir ki, bəzi icra başçıları onlara edilən etimadı doğrultmadığından yaxın vaxtlarda vəzifələrinə əlvida deyə bilərlər.