BolgeXeber.Com » Gündəm » Əhməd Əhmədzadə karyerasının son günlərini yaşayır

Əhməd Əhmədzadə karyerasının son günlərini yaşayır

16-07-2014, 13:40
Oxunub: 5 053 Hökumət üzvləri arasında həyata keçiriləcək kadr islahatları çərçivəsində vəzifəsindən uzaqlaşdırılacaq məmurlar sırasında «Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin də adı çəkilir. Əldə etdiyimiz xəbərlərə görə, buna səbəb səhmdar cəmiyyət rəhbərinin cavabdeh olduğu sahədə öz işinin öhdəsindən yetərincə gələ bilməməsi və fəaliyyətində yol verdiyi nöqsanlardır. Xatırlayırsınızsa, hələ bir neçə il əvvəl Kür daşqınları zamanı ictimaiyyət Əhməd Əhmədzadənin necə iş görməsinə əmin oldu. Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, Əhməd Əhmədzadənin tutduğu postdan uzaqlaşdırılmasına şərait yaradan amillərdən biri də bu günlərdə onun gizli biznesinin üzə çıxmasıdır.

Belə ki, şəxsi biznesini oğlu Cuma Əhmədzadə vasitəsilə inkişaf etdirən Əhməd Əhmədzadə ölkənin turizm baxımından ən zəngin bölgələrindən biri olan Qax-Zaqatala bölgəsində çoxlu sayda turizm obyektləri, otel və istirahət mərkəzlərinə sahib olub. ASC rəhbəri öz biznesini oğlunun adına rəsmiləşdirib bunun mümkün qədər qapalı qalmasına çalışsa da, mənbələrin açıqladığı bilgilər baş melioratoru məyus olmasına səbəb olub. Müşahidələrimiz zamanı məlum oldu ki, gənc iş adamı barədə internetdə, mətbuatda demək olar ki, ətraflı informasiyaya rast gəlmək olduqca çətindir. Qeyd edək ki, Qax-Zaqatala regionundakı istirahət mərkəzlərinin sahibi Cuma Əhmədzadənin "Uluyurd” MMC şirkəti göstərilsə də, müvafiq qurumun saytında kommersiya hüquqi şəxslərin reyestri bölməsində bu müəssisə barədə məlumat yerləşdirilməyib. Bu da Əhməd Əhmədzadənin yaxın günlərdə «vurulacağını» bir daha təsdiqləyir. Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, ASC sədrinin oğlu və qardaşına yaratdığı şərait, onun geniş biznes səltənətinin üzə çıxması Əhməd Əhmədzadənin hazırkı şəraitdə əleyhinə işləyən faktorlardandır. Ölkəmizdə məmurlara bizneslə məşğul olmaq qanunla qadağan edildiyi üçün, onların bir çoxu öz bizneslərini övladlarının adına keçirir. Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də atası sayəsində gənc yaşında biznes imperiyasının sahibinə çevrilib. Onun bir sıra ölkələrdə şirkətləri fəaliyyət göstərir.

Vurğulayaq ki, ASC rəhbəri hələ sovet dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır. Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamış Əhmədzadə necə olubsa, indi karyerasının ən yüksək pilləsinə ucalıb. Rəhbərlik etdiyi səhmdar cəmiyyətin adı bir çox qalmaqalda hallanması ilə yanaşı, Əhmədzadə həm də bütün qohum-əqrəbasını yaxşı vəzifələrə yerləşdirib. Qəzetimizin ötən saylarında da qeyd etdiyimiz kimi, professor Cuma Əhmədzadənin oğlu olan Əhməd Əhmədzadə oğluna da atasının adını verib. Oğlunu yüksək vəzifəli şəxslərdən birinin qızı ilə evləndirərək qohumluq əlaqələrini daha da möhkəmləndirib. Hal-hazırda 100-dən çox idarədən ibarət qurum olan Meliorasiya və Su Təsərrüfatı ASC Suvarma Sistemləri İdarələri - 48 idarə, Kollektorların İstismar İdarələri - 8 idarə, Su Anbarların, hidroqovşaqların və Magistral Kanalların İstismar İdarələri 13 idarə, Meliorasiya İdarələri - 4 idarə, Mexaniki Suvarma İdarələri - 10 idarə, Subartezian Quyularının İstismar İdarələri - 9 idarə, Melioservis İdarələr - 23 idarə, Azmelsutəsərrüfat - ASC, Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi, Su Təsərrüfatı Obyektlərinin Lahiyələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi, Hidrogeoloji Meliorativ Xidmət İdarəsi, Tikintidə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş İdarəsini və Bəhrəmtəpə Dəmir Beton Zavodunu özündə birləşdirir. Fikir verin, nə qədər böyük müəssisələrdir! Bunlar təkcə idarə adları deyil, həm də büdcədən külli miqdarda ayrılmaları deməkdir. Araşdırmalarımız zamanı məlum oldu ki, ACS-də 24 mindən çox adam işləyir. İl ərzində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 950 milyon manatdan çoxdur. Başqa sözlə desək, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyindəki idarələrin təchizat köçürmələri il ərzində yüz milyonlarla manat vəsaitin dövriyyədə olması deməkdir. Qəzetimizə verilən məlumatlarda bildirilir ki, bu yaxınlarda təkcə Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi mal materialların alınması, traktor ehtiyat hissələrinin, su nasos ehtiyat hissələrinin, su nasoslarının və başqa hissələrin alınması üçün bir neçə milyondan çox köçürmə əməliyyatını reallaşdırıb. Hələ onu demirik ki, ASC büdcədə nəzərdə tutulduğundan əlavə il ərzində prezidentin ehtiyat fondundan da külli miqdarda maliyyə vəsaiti alır. Məsələn, elə bu ilin əvvəlində ölkə başçısının sərəncamı ilə büdcədə nəzərdə tutulandan əlavə prezidentin ehtiyat fondundan səhmdar cəmiyyətə bir neçə milyon manat ayrıldı. Xatırlayırsınızsa, ötən ilin oktyabrında mətbuata müsahibə verən ASC sədri "Son on ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına bu sahəyə əsaslı kapital qoyuluşu isə 48 dəfəyə yaxın artıb” - deyə açıqlama verdi. Bu açıqlamanın da özü səhmdar cəmiyyətə büdcə ayrılmalarından xəbər verir. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, bir sıra şirkətlərin sahibi olan Cüma Əhmədzadənin həm də otelllər şəbəkəsinə rəhbərlik edir.

Bildiyiniz kimi, Əhməd Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə hal-hazırda Zaqatala rayon icra hakimiyyətinin başçısıdır. Yəqin Zaqatalada baş verənlərlə mətbuatda mütəmadi olaraq tanışolursunuz. İdarə müdirlərindən tələb olunanlar, Zaqataladakı torpaq sahələrinin baha qiyməti satılması, tikinti biznesi, xaricdəki şirkətləri barədə xəbərlər hər kəsin diqqətini cəlb edir. Xüsusən onun xaricdə qurduğu biznes və orda satın aldığı ali təhsil müəssisəsi barədə xəbərlər xeyli vaxtdır gündəmdədir. Mübariz Əhmədzadə haqqındakı məlumatları araşdırarkən daha maraqlı faktlar üzə çıxdı. Məlum oldu ki, həmin şirkət 2009-cu ilin sentyabrında qeydiyyatdan keçib. Halbuki Zaqatalanın İcra başçısının sahibi olduğu şirkət cəmi bir neçə aydan sonra Qax Rayon Avtovağzalının tikintisinin sifarişini alıb. Sahibkarlıqla məşğul olmamaq haqqında qanunu pozan məmur onun qohumları ilə bağlı digər fakt Əhmədzadələrin digər qardaşı Fərman Əhmədzadənin Qax Rayon xəstəxanasının baş həkimi olması ilə əlaqədardır. Bildirilir ki, ötən il kabinetində ürək tutmasından həyatını dəyişən Fərman Əhmədzadənin yerinə oğlu Tərlan Əhmədzadə keçib. Yerli camaat Qaxın hal-hazırkı icra başçısı Musa Şəkiliyevdən çox narazıdır. Sakinlər onu rayonun başçısı yox, bir nömrəli biznesmeni adlandırır. Belə ki, Qaxın meşələri hesabına mebel biznesini genişləndirən Musa Şəkiliyev ailə ənənələrinə uyğun olaraq rayondakı ən böyük müəssisə olan "Qax Tütün”ün sahibi Eldəniz Şəkiliyevlə birləşərək böyük gəlir əldə edir. Burada Əhmədzadələrin də böyük biznesi olduğunu nəzərə alsaq, Musa Şəkiliyevə fəaliyyət üçün çox az sahə qalıb. İlisunun kurort zonası tanınması üçün çalışan ailə yerli camaatın burda hər hansı sahibkarlıqla məşğul olmasına imkan vermir. Xırda sahibkarlıqdan dolanan əhali indi bundan da məhrum olub. Yerli əhalinin meşələrdən ağac kəsib mebel sexlərinə satılması da qadağan olunub. Bu iş sadəcə, icra başçısının monopoliyasına alınıb.

Deyilənə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qax Rayon Şöbəsinin müdiri Vüqar Əhmədzadə də bu nəsildəndir. Əhalinin Qaxda ən çox narazılıq elədiyi məmurlardan biri də elə Vüqar Əhmədzadədir. Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, qohumlarını müxtəlif vəzifələrə təyin etdirmiş Əhməd Əhmədzadə ilə bağlı bu faktlar aşkarlandığından həmin məmur karyerasının son günlərini yaşayır. Onun yaxınlarının öz bizneslərini genişləndirərərək geniş bir şəbəkə qurmağa nail olmaları ASC rəhbərinin vəzifə pilləsində baha başa gələcək.

P.S. Qarşı tərəfə cavab haqqı tanıyırıq.
gundelik-baku