BolgeXeber.Com » Gündəm » «FAB boya"nın narkotik daşınması ilə hansısa əlaqəsi varmı?

«FAB boya"nın narkotik daşınması ilə hansısa əlaqəsi varmı?

16-07-2014, 17:05
Oxunub: 4 528 Şirkətlə bağlı ikinci fakt üzə çıxdı



Ötən saylarımızda ölkəmizdə fəaliyyət göstərən "nurçu"ların Azərbaycandakı biznesinin başının dərddə olduğunu xəbər vermişdik. Qeyd etmişdik ki, onlara məxsus "Mado", "World Telecom", "FAB boya" şirkətləri ilə bağlı yoxlamalar aparılır. Respublikamızda indiyə qədər nurçulara maddi dəstək verən, eyni zamanda bu qüvvəni himayə edən şirkətlərin tam siyahısı artıq müvafiq orqanların əlindədir. Lakin araşdırmalar zamanı ilginc məqamlar da ortaya çıxıb. Bəlli olub ki, bu şirkətlərdən heç də hamısı nurçulara şüurlu yardım etməyib. Onlar sadəcə nurçuları himayə edən yüksək rütbəli məmurların göstərdiyi hesablara pul köçürüblər. Sonradan həmin vəsait nurçuların əllərində cəmlənib.

Bu məsələdə yüksək hazırlıqlı psixoloqların da əməyi var. Onlar Bakıdakı iri şirkətlərin sahibləri ilə əlaqə yaradır, onlara din adına bir sıra təlqinlərdə bulunur və onlardan zəkat adı ilə böyük məbləğlər alırlar. Bu kampaniya hər il Ramazan ayından öncə başlayır və Ramazanın sonuna qədər davam edir. Əldə etdiyimiz xəbərlərə görə, bu yolla təkcə Ramazanda bir neçə yüz min manat vəsait toplanır. Qəzetimizi məlumatlandıran mənbə bildirir ki, indiyə qədər "FAB boya”, "World Telecom”, "Mado”, "Cihan reklam”, "Modern Group”, "Absheron beton”, "Zivella”, "HB Clinica”, "Homelife mebel”, "Sahzade restoran”, "Gulluoğlu paxlava”, "Malatya pazari”, "Turk American Medical Center” kimi şirkətlərdən külli miqdarda pul yığılıb. Həmin şirkətlərlə bağlı yoxlamalar gündəmdə ikən FAB boyaları ilə əlaqəli olan daha bir cinayət halı aşkarlanıb. Özü də respublikamızdan kənarda. Belə ki, əfqanların «göz yaşları" adlandırdıqları külli miqdarda heroin Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb. Bu ölkənin baş naziri İrakli Qaribaşvili hökumətin iki gün əvvəlki iclasında Azərbaycanla sərhəddə tutulan 3 ton təmiz heroinə görə Daxili İşlər Nazirliyini təbrik edib. Xarici mətbuat xəbər verir ki, gürcü baş nazir bu əməliyyata görə ölkəsinin Daxili İşlər Nazirliyini alqışlayıb. "Çikaidzenin (daxili işlər nazirini nəzərdə tutur-red.) nazirliyi böyük həcmdə narkotik ələ keçirib. Bu cür böyük miqdarda heroini indiyədək nəinki bizim ölkədə, heç qonşu ölkələrdə ələ keçirməmişdilər. Mən bu uğur münasibətilə sizi təbrik edirəm. Bu, bizim ölkənin narkotiklərə qarşı ciddi mübarizə aparmaq iradəsini bir daha əks etdirir” - deyə Qaribaşvili bildirib. Qeyd edək ki, iyulun 11-də Gürcüstan DİN Azərbaycandan keçib Türkiyəyə gedən yük maşınına baxış zamanı 2 ton 790 kiloqram təmiz heroin aşkar edib. Heroin saflaşdırılıb və maye halda olub. O, 93 ədəd 30 litrlik maye sabun çəlləklərində qablaşdırılıb. Ekspertiza müəyyən edib ki, ələ keçirilmiş narkotik maddə 80 faiz saflaşdırılmış təmiz heroindən ibarətdir və bazar dəyəri yüz milyonlarla dollardır. İşlə bağlı iki Gürcüstan vətəndaşı saxlanılıb. Azərbaycan tərəfi isə 3 ton təmiz heroinin ölkə ərazisindən keçib Gürcüstana necə daxil olduğuna şərh vermir.

Bununla bağlı qəzetimizin ötən sayında ətraflı bəhs etdiyimizdən bu dəfə təfərrüata varmaq istəmirik. Amma reallıq bundan ibarətdir ki, heroinin daşındığı avtomobillər «FAB boya» şirkətinə məxsus olub. Habelə həmin yük maşınlarının üzərində adı nurçularla əlaqələndirilən şirkətin reklamı da olub. Qeyd edək ki, bu, son aylar ərzində «FAB boya» şirkəti ilə bağlı ikinci xoşagəlməz faktdır. Birinci fakt şirkətin nurçularla əlaqələrinin üzə çıxmasında, ikinci fakt isə bir neçə tonluq heroinin məhz bu şirkətlə bağlı şəkildə daşınmasının aşkarlanmasındadır. Bununla bağlı qəzetimizi məlumatlandıran şəxs bir sıra maraqlı məqamlara toxundu: «Heroinin daşındığı yük avtomobillərinin üzərində «FAB» şirkətinin reklam olunması iz itirmək məqsədi daşıyır. Lakin Gürcüstanın hüquq-mühafizə orqanları bunu nəzərdən qaçırmayıblar. Bütün bunlar bir yana, mən mətbuata məsləhət görərdim ki, jurnalistlərin bu şirkətlə əlaqələri araşdırılsın. Belə ki, bəzi telekanallar «FAB» boyalarının reklamını aparırlar. Şirkət verilişlərə bununla bağlı sponsorluq edir. Halbuki şirkətin ölkəmizdə qazandığı milyonlar nurçu şəbəkəsinin Azərbaycanda daha dərin kök salmasına, onun mövqelərinin güclənməsinə xidmət edir». Mənbəmiz bildirdi ki, bu şirkətin külli miqdarda vergidən yayınması ilə də əlaqəli bəzi iddialar var: «Hesab edirəm, şirkətin vergi ödənişləri araşdırılmalı, habelə bank köçürmələrinin istiqamətləri müəyyən edilməlidir. Onda yəqin ki, bir sıra məqamlar üzə çıxacaq».

Sonda üzümüzü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevə və Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyevə tuturuq - təəssüf ki, belə xoşagəlməz hallara görə ölkəmizin adı bir sıra qərəzli beynəlxalq təşkilatların qara siyahısına düşür. Axı niyə belə olmalıdır? Nə üçün müstəqil respublikamızın adı onsuz da Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatların siyahılarında yer almalı, bəzi dövlətlər ölkəmizi qınaq obyektinə çevirməlidir? Axı niyə, hansı səbəblərə görə? Biz bu qalmaqallı cinayət işinin araşdırılmasında sırf vətəndaş mövqeyi sərgiləyirik. Əsas istəyimiz bundan ibarətdir ki, heroini ölkəmizin sərhədlərindən kənara çıxarmağa səy göstərən mütəşəkkil cinayətkar dəstənin (hər halda çəkisi tonlarla hesablanan narkotik maddəni sərhəddən kənara çıxarmağı bir-iki nəfər risk edə bilməz-red) bütün üzvləri müəyyən edilərək həbs olunsun və məsuliyyətə cəlb edilsinlər. Belə olarsa, hansısa şəxslərin günahı üzündən adımız müxtəlif cür siyahılarda qərəzli şəkildə hallandırılmaz.
gundelik-baku