BolgeXeber.Com » Gündəm » Səlim Müslümovun Ağcabədidəki adamından şikayət

Səlim Müslümovun Ağcabədidəki adamından şikayət

19-07-2014, 10:25
Oxunub: 3 009 Məmur onları sənəd bəhanəsi ilə get-gələ salaraq hüquqlarını tapdalayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş rəhbəri Füzuli Ələkbərovun vəzifədən çıxarılmasından sonra bu sahədə mövcud olan problemlərin yetərli hissəsi yoluna qoyuldu. İnsaf naminə qeyd edək ki, Füzuli Ələkbərovun yerinə təyin olunan Səlim Müslümov qısa vaxt ərzində çox işlər gördü və ən əsası əhalinin sosial müdafiəsi ilə bağlı müsbət addımlar atdı.
Artıq aztəminatlı ailələrin ünvanlı sosial yardım alması məsələsində əvvəlki kimi geniş çaplı qanunsuzluqlara yer verilmir. Bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ilin ilk yarısında görülən işlərin yekunlarına dair hesabat verdi. Xidmət rəisi hesabat zamanı vətəndaşlardan daxil olmuş məlumatların araşdırılması zamanı 12 rayonda- Ağdam, Goranboy, İmişli, Saatlı, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Sumqayıt, Oğuz, Xəzər aztəminatlı və ünvanlı sosial yardım almaq hüquqları olmayan ümumilikdə 647 ailəyə yardım təyin edildiyi, bu işlər üzrə 710 310,0 manat vəsait xərcləndiyini qeyd edib: «Ağdam, Goranboy, İmişli, Saatlı Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin müvafiq vəzifəli şəxsləri ilkin olaraq tutduqları vəzifədən azad olunub, həmin mərkəzlər üzrə müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib». Xidmət rəisinin hesabatından belə başa düşmək olar ki, bəzi mərkəz direktorları Səlim Müslümovun gördüyü işlərə kölgə salmağa çalışırlar. Redaksiyamıza daxil olan məlumatlara görə, Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMN) də neqativ hallar yaşanmaqdadır. Adının gizli qalmasını xahiş edən mənbənin sözlərinə görə, mərkəzin direktoru Əbülfət Qasımov müvafiq qanunlara sayğısızlıq göstərərək ünvanlı yardımları öz bildiyi qaydada verir: «Əbülfət müəllim direktor vəzifəsinə üç ay əvvəl təyin olunub. O bundan qabaq da Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işləyib. Lakin nazirin əmri ilə bu vəzifədən çıxarılaraq Bakıda Şağan qəsəbəsində yerləşən Əlillərin Reabilitasiya Mərkəzinin baş direktoru təyin edilmişdi. Aradan bir müddət keçəndən sonra yenidən köhnə vəzifəsinə qaytarıldı. Amma nazirin etimadını doğrulda bilmədi. Rayonda dolaşan söz-söhbətlərə görə, Əbülfət müəllim mərkəz direktoru vəzifəsinə qayıtmaqdan ötrü arxasında dayanan himayədarlarını nazirə xahiş-minnətə göndərib. Və kimlərinsə xahişindən sonra Səlim Müslümov Əbülfət Qasımovu köhnə iş yerinə qaytarıb. Mərkəz direktorunun hazırkı vəzifəsində qazancı çox böyükdür. Məlumat üçün deyim ki, Ağcabədi rayonu üzrə 2263 nəfərə ünvanlı sosial yardımlar verilir. Halbuki, həmin insanların arasında bir çoxunun yardım almaq hüquqları yoxdur. Sadəcə «aztəminatlı» şəxslər mərkəz rəhbərinin qulluğunda dayanaraq sosial yardım almaq hüququ qazanıblar. Rayonda həqiqətən də, dövlətin ayırdığı sosial müavinətlərə ehtiyacı olan ailələr var. Bəzi ailələr bir çörəyə belə möhtacdırlar. Amma Əbülfət müəllim onların ünvanlı sosial yardım almasına imkan vermir. Direktor ac-yalavac vəziyyətdə yaşayan ailələrin qarşısında şərt qoyur ki, yardımın bir neçə ayı sizin, yerdə qalanı isə mənim olmalıdır. Mərkəz rəhbərinin şərti ilə razılaşmayan ailələr aşkar surətdə süründürməçiliyə məruz qalırlar. Məmur onları sənəd bəhanəsi ilə get-gələ salaraq hüquqlarını tapdalayır. Ağcabədi rayonunda əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər çox aşağı səviyyədədir. Əbülfət müəllim şəxsi mənafeyi üçün çalışır». Mərkəz direktorunun kimə arxayın olaraq qeyri-qanuni hərəkətlərə yol verdiyinə gəlincə mənbə bildirdi ki, adıçəkilən məmur Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin adını tez-tez hallandırır: «Onun rayonun icra başçısı Şahin Məmmədovla münasibətləri qaydasında deyil. Hələ direktorun mərkəzə birinci rəhbərliyi dövründə icra hakimi onu işində yol verdiyi nöqsanlara görə danlamışdı. Bundan sonra onların münasibəti pozuldu. Direktor harda oturur deyir ki, Allah Çingiz müəllimin canını sağ eləsin ki, mənə himayədarlıq edir. Onun sözündən
belə çıxır ki, arxasında Çingiz Əliyev dayanıb». Qeyd edək ki, Çingiz Əliyevi bu vəzifəyə nazir Səlim Müslümov gətirib. Xidmət rəisi heç vaxt vəzifəsini təhlükəyə atıb özbaşına işlərlə məşğul olan direktora havadarlıq etməz. Ağcabədi ƏSMN-in rəhbəri onun adından istifadə etməklə qanunsuz əməllərini pərdələmək istəyir. Yəqin ki, Səlim Müslümov və Çingiz Əliyev tezliklə bu şəxsin fəaliyyətini araşdırıb onun haqqında bir tədbir görəcəklər. Qarşı tərəfin münasibətini öyrənmək üçün (02127) 5 53 24 nömrəli telefona dəfələrlə zəng vursaq da, cavab verən olmadı. Buna rəğmən, Əbülfət Qasımovun da cavab haqqını tanıyırıq.