BolgeXeber.Com » Gündəm » Sumqayıt sel altında qaldı-FOTOLAR

Sumqayıt sel altında qaldı-FOTOLAR

9-11-2011, 07:15
Oxunub: 7 399 Və ya Eldar Əzizovun rəhbərlik etdiyi şəhər qışa tam “hazırdır”

Noyabrın 5-dən etibarən ölkədə anormal hava şəraitinin olması Azərbaycanda indiyə qədər görülən işlərin hansı səviyyədə və keyfiyyətdə olduğunu üzə çıxardı. Həmçinin yağan güclü qa rvə yağış nəinki rayonları, hətta şəhərlərin belə sular altında qalmasına səbəb oldu.

Bolgexeber.com xəbər verir ki, Bakıda yağan qarın nəticəsi olaraq paytaxtın hər yerində iri gölməçələrin əmələ gəlməsi halları hamıya tanışdır. «Gözəlləşən» və «İnkişaf edən» paytaxtdakı bu rəzalətdən daha dəhşətlisi isə Sumqayıtda yaşanıb. Ölkənin ikinci ən iri şəhərlərindən biri sayılan Sumqayıtda yaşanan mənzələrdən tam aydın olur ki, Eldar Əzizovun mer olduğu bu yaşayış məntəqəsi qışa tam «hazır»dır.

Əməkdaşımızın Sumqayıtda apardığı müşahidələr nəticəsində məlum olub ki, yağan güclü yağış şəhərdə kanalizasiya sisteminin bərbad vəziyyətdə olduğunu ortaya çıxarıb. Belə ki, yağış sularını nəticəsində daşan kanalizasiya suyun səviyyəsini bir qədər də artıraraq, bütün küçələri ağuşuna alıb. Qısa müddətdən sonra Sumqayıtın sülh küçəsi bütünlüklə «Venesiya küçələri»nə bənzəməyə başlayıb. Görünür, icra başçısı Eldar Əzizov bununla Sumqayıtda Venesiya qurmaq istəyib və o səbəbdən də bu yağış onun üçün sınaq keçirməyinə yardımçı olub.

Çəkilən fotoşəkillərdən də belə məlum olur ki, şəhərin əksər yerlərində bütün yollar su altında qalıb. Hətta Heydər Əliyevin heykəli olan parkda belə kanalizasiya borusu partlayaraq, bütün suyu çölə vurub. İndiyə qədər 50 dəfə təmir olunan və yenidən qurulan bu parkda vəziyyətin belə bir şəkil almasının nə demək olduğunu izah etməyə gərək yoxdur. Bəlli olan odur ki, bu hakimiyyətin nümayəndələri üzdə bir şey, arxada isə başqa bir prinsip əsasında işləyirlər.

Elə Sumqayıt əhli də bunu deyir. Onlar deyirlər ki, hakimiyyətdə təmsil olunanlar üzdə hər nə qədər Heydər Əliyevi tərifləsələr də, arxada onun adını daşıyan parka belə hörmət bəsləmirlər. «Məqsədləri pul qazanmaqdan başqa bir şey deyil. Onları nə Heydər Əliyev, nə də İlham Əliyev maraqlandırır. Əsas odur ki, büdcədən aldıqları pulları necə mənimsəsinlər».

Sumqayıtda təkcə Sülh prospekti deyil, həmçinin digər küçələr də dəhşətli vəziyyətlə üzləşməli olub. Məsələn, şəhərin 41-ci məhəlləsinin bir hissəsi, bazar, Sumqayıtın girəcəyi və digər yerlərdə də analoji vəziyyət hökm sürüb. Çəkdiyimiz fotoşəkillərdən də aydın görünür ki, şəhər tamamilə su altındadır. Eyni zamanda, bütün bunlar onu təsdiq edir ki, dövlət büdcəsindən ayrılmış pulların hamısı göyə sorulub və ya kimlərinsə cibinə axıb. Əks təqdirdə, Sumqayıtın kanalizasiya sisteminin təmiri üçün ayrılmış pullar təyinatı üzrə xərclənsəydi, bu gün vəziyyət gördüyümüz kimi olmazdı.

Maraqlı məqamlardan biri də budur ki, vəziyyətin belə şəkil almasına baxmayaraq, Sumqayıt Şəhər İcra Hakimiyyəti və digər dövlət qurumlarının rəsmilərindən heç biri məsələ ilə maraqlanmayıb. Halbuki pul məsələsi olan kimi, hadisə yerinə dərhal gələn həmin məmurlar vəziyyətin belə ağır formasında qeybə çəkilirlər.

Bolgexeber.com onu da bildirir ki, Sumqayıtda təkcə küçələrin su altında qalması halları deyil, həmçinin ciddi elektrik problem idə yaşanır. Aldığımız məlumata görə, sənaye şəhərində yağışlardan sonra əhaliyə verilən elektrik enerjisində üç gündür fasilələr yaranır. Bir çox məhəllələr isə iki gündür işıqsızdır və əhali istilik məsələsindən ciddi korluq çəkir. Dəfələrlə müvafiq qurumlara müraciət edilsə də, bunun bir nəticəsi yoxdur.

«Sumqayıt Elektrik Şəbəkə» isə məsələ ilə bağlı tədbir görməkdə aciz olduğunu deyir. İdarənin işçilərindən birinin Bolgexeber.com-a verdiyi məlumata görə, elektrik xətlərinin vaxtında düzgün qurulmaması, işlərin başdansovdu görülməsi, habelə mantyor çatışmazlığı onların işini xeyli çətinə salıb. Həmin şəxs bildirib ki, işlədiyi idarədə mantyor çatışmazlığı var və bununla bağlı rəhbərliyə məlumat verilsə də, yeni işçilərin götürülməsi prosesi yubanır. Onun iddiasına görə, Sumqayıt rəhbərliyi idarə rəsmilərinə deyib ki, işçi qıtlığını qoruyub saxlasınlar (?!) Doğrusu, bu bizim üçün də qəribə görünür. Çünki belə bir tapşırığın verilməsinin nə məqsəd güddüyü çox müəmmalıdır.

Sonda aldığımız məlumatlara görə, ötən gecə yağan yağış nəticəsində Ceyranbatan qəsəbəsindən başlayaraq Sumqayıt ərazisindən keçən Acıdərə kanalının daşması nəticəsində ətraf ərazidə yerləşən mənzillər su altında qalıb. Əsasən məcburi köçkünlərin yaşadığı beton zavod ərazisi, 76-c məhəllə tamamilə su altında qalıb. Bir qədər yüksəklikdə yerləşən evlərdə suyun hündürlüyü 20-santimetrə çatırdısa, çökəklikdə yaşayan ərazilədə onun hündürlüyü bundan iki dəfə artıq olub. Sakinlər bu halın tez- tez təkrarlanıdığını deyirlər. Əsasən Qubadlı, Laçın, Kəlbəcər və Zəngilan rayonlarından olan məcburi köçkünlər bütün əşyalarının su altında qaldığını bildirirlər.