BolgeXeber.Com » Gündəm » Ləzgi təşkilatından separatçı bəyanat

Ləzgi təşkilatından separatçı bəyanat

9-11-2011, 07:15
Oxunub: 6 050 Rusiya Ləzgilərinin Federal Milli-Mədəni Muxtariyyəti Azərbaycan hakimiyyətini ləzgilərə qarşı «diskriminasiya» siyasəti yürütməkdə günahlandırır

Bir müddət əvvəl Rusiya jurnalisti Vladimir Solovyev Azərbaycan xalqını təhqir edən yazı ilə çıxış etmişdi. Bolgexeber.com bildirir ki, həmin yazısında Rusiyanın tanınmış televiziya və radio aparıcısı Rusiya vətəndaşı olan Sergey Gürcüyanın AZAL tərəfindən Moskva-Bakı reysilə uçuşuna qadağa qoyulmasına münasibət bildirib:

“Vətəndaşlığın heç bir rol oynamadığı Azərbaycan tərəfi üçün bir damla erməni qanı belə, vəhşi, qeyri-insani, heyvani nifrətin predmetidir. Yəhudilər kimi, mənə də bu nifrət öz xalqımın faciəsini və Xolokostu xatırladır”.

Dünən isə Rusiyada fəaliyyət göstərən ləzgi təşkilatı Azərbaycan hakimiyyətini ittiham edərək, Solovyovun yazdıqlarına haqq qazandıran və onu müdafiə edən bəyanatla çıxış edib. Bolgexeber.com xəbər verir ki, Rusiya Ləzgilərinin Federal Milli-Mədəni Muxtariyyətinin (RLFMMM) yaydığı bəyanatda Azərbaycan hakimiyyəti «ksenofobiya» və «diskriminasiya» siyasəti yürütməkdə ittiham olunur. «Azərbaycan hakimiyyəti bütün Rusiya vətəndaşlarına, o cümlədən ləzgi və digər Dağıstan xalqlarına qarşı da eyni diskriminasiya siyasəti yürüdür».

Təşkilat iddia edir ki, Azərbaycan hakimiyyətindən fərqli olaraq, Rusiya iqtidarı bu ölkədə yaşayan azərbaycanlılara istənilən şərait yaradıb. «Rusiyada yaşayan azərbaycanlılar buranı özlərinin ikinci vətəni sayırlar. Onların bütün hüquqları təmin olunub. Azərbaycanlılar üçün Rusiyada bütün şərait yaradılıb, onların televiziyaları, ana dillərində qəzetləri, məktəbləri və sair var. Amma Azərbaycanda yaşayan ləzgilər üçün elementar şərait belə yaradılmayıb».

RLFMMM-in yaydığı bəyanatda deyilir ki, Bakı ilə Moskva arasında imzalanan sərhədlə bağlı müqavilədən sonra Xrax-oba və Uryan-Oba kəndlərində yaşayan insanların deportasiyasına start verilib. «Onlar Rusiya vətəndaşı olaraq qalmaq istəyirlər. Amma Azərbaycan hakimiyyəti bunu qəbul etmir və onları öz doğma yurdlarından çıxarmağa çalışır. Azərbaycan hakimiyyətinin kobud təzyiqləri ilə üz-üzə qalan bu insanlar taleyin ümidinə buraxılıb. Rusiyada yaşayan Xrax-Obalılar isə bu gün öz kəndlərinə gedərək, oradakı qohumları ilə görüşmək imkanlarından məhrum olunublar».

Ləzgilərə Azərbaycanda heç bir şərait yaradılmadığını da iddia edən sözügedən təşkilat hal hazırda ləzgi kəndlərində yerləşən məktəblərdə onların ana dilində təhsil almalarına imkan verilmədiyini vurğulayıb. «Rusiyada yaşayan azərbaycanlılara pis şərait yaradılıb ki, Azərbaycan hakimiyyəti orada yaşayan Rusiya vətəndaşlarına belə münasibət bəsləyir? Buna görə də, Solovyovun dediyi fikirləri müəyyən mənada dəstəkləmək məcburiyyətindəyik. Həqiqətən də Azərbaycan hakimiyyəti Rusiya vətəndaşlarına, xüsusən də ləzgilərə qarşı diskriminasiya siyasəti yürüdür».

Sonda RLFMMM rus jurnalistin müdafiəsi üçün Rusiya tərəfinin də addım atmasının vacibliyini vurğulayıb. Təşkilat bəyan edir ki, Rusiyanın bütün telekanalları və qəzetləri öz həmkarlarının müdafiəsinə qalxmalı və Azərbaycan hakimiyyətinin Rusiya vətəndaşlarına qarşı etdiyi haqsızlıqlarla bağlı geniş yazılarla və materiallarla çıxış etməlidirlər.